Şirvanın icra başçısı şəhid ailələri ilə görüşübbackend

Şirvanın icra başçısı şəhid ailələri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də yüksək hörmət və ehtiramla davam etdirilir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, həlli istiqamətində müvafiq tapşırıqlar verir.
25 avqust 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri, şəhid ailələri ilə birlikdə avqust ayının sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edib.
Ziyarət zamanı öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Şəhidlər Xiyabanında aparılan abadlıq və yenidənqurma işlərinin gedişi, xüsusilə Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürülməsi işləri ilə yerində tanış olduqdan və zəruri tapşırıq və tövsiyələrini verdikdən sonra Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbr dilənib.
Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksini ziyarət etdikdən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, igid oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını, öz qanları ilə tarix yazan igidlərin adlarının tarixə əbədi həkk olunduğunu bildirib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, həssas münasibətdən söz açıb, bu qayğının Şirvan şəhərində yüksək formada davam etdirildiyini vurğulayıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. Vətən müharibəsi şəhidlərinin məzarlarının üstünün qara mərmərdən götürülməsinin, Birinci Qarabağ müharibəsi şəhidlərininin də məzarlarının üstünün qara mərmərdən götürülməsi zərurətini yaratdığını vurğulayıb. Hazırda ən yüksək dəqiqlik və keyfiyyətlə işlərin davam etdirildiyini qeyd edib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün onlara söz verib. İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara zəruri tapşırıqlar verib. Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Sonda şəhər məscidinin imamı Əvəz Mehrəliyev Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.