Şirvanda Məhəmməd Füzuli adına  park ölkəmizin füsunkar parklarından birinə çevriləcəkdirbackend

Şirvanda Məhəmməd Füzuli adına park ölkəmizin füsunkar parklarından birinə çevriləcəkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə dövlət səviyyəsində həyata keçirilən layihələrin davamı olaraq  Şirvan şəhərində Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkının yenidən qurulması və abadlaşması prosesi sürətlə davam etdirilir. Parkın ərazisinin genişləndirilməsi və müasir üslubda dizayn edilməsi onun ölkəmizin ən füsunkar parklarından birinə çevriləcəyinə əminlik yaradır. Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov mütəmadi olaraq Parkda olur, orada gedən yenidənqurma və tikinti işlərinin layihəyə uyğun aparılmasına, keyfiyyətli və gözoxşayan olmasına ciddi nəzarət edir, tapşırıq və tövsiyələrini verir.

Hazırda Parkın mərkəzi hissəsində yerləşən kanalın su təminatı və kanal suyunun təmizlənməsi üçün müasir avadanlıqlar qurulub, Kür çayından 4.2 km uzunluqda yeni texniki su xətti çəkilib. Gölün yamaclarında işlər və şəlalənin beton işləri tamamlanıb, park ərazisinə münbit torpaq qatı verilib. Su gəzintisi üçün dayanacaqda işlər tamamlanıb, gölün üzərində olan metal konstruksiyadan ibarət körpünün hərəkət hissəsi genişləndirilərək rekonstruksiya olunub.

Parkda yeni inşa edilən inzibati binanın tikintisi başa çatıb, elektrik və santexnika işləri görülüb, kommunikasiya xətlərinin çəkilişi işləri yekunlaşıb. İşıqlandırma və suvarma sistemlərinin quraşdırılması işləri davam etdirlir. Park ərazisində aparılan abadlıq işlərinə maneə olan 6 kv-luq mövcud elektrik hava xətti ərazidən götürülüb, layihə üzrə yeni 6 kv-luq hava xətti çəkilib.

Parkın Qarabağ, Zəfər xiyabanlarında, Ada və Meşə zolaqlarında işıqlandırma və suvarma sistemləri qurulub, müasir tipli işıq dirəklərinin quraşdırılması işləri aparılır. “Zəfər” xiyabanında Zəfər abidə kompleksinin inşası davam etdirilir, parkın ərazisində salınacaq asfalt-beton yollara qum-çınqıl verilərək xüsusi texnikalar vasitəsi ilə hamarlanır və kipləşdirilir. Ərazidə torpaqlanma işləri tamamlanıb, yaşıllaşdırma işlərinə başlanılıb. Həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, atraksionlar quraşdırılıb. Hazırda parkın genişləndirilmiş hissəsində meşə-park salınıb, sakinlərin rahat gəzintisi və istirahəti üçün səkilər, istirahət guşələri layihəyə uyğun aparılır.

Görülən işlər onu göstərir ki, Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkı ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinə mühüm töhfə verməklə yanaşı, həm də şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirə bilmələrinə şərait yaradacaqdır.