Şirvanda İcra Hakimiyyətinin başçısı 13 nömrəli tam orta məktəbdə növbəti səyyar qəbul keçiribbackend

Şirvanda İcra Hakimiyyətinin başçısı 13 nömrəli tam orta məktəbdə növbəti səyyar qəbul keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Şəhər İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin İcra Hakmiyyətində keçirdikləri qəbullarla yanaşı, mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsi mütəmadi hal alıb.
TİA.AZ xəbər verir ki, təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbul 7 aprel 2022-ci il tarixdə 13 nömrəli tam orta məktəbin akt zalında keçirilib. Qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Qəbulda çıxış edən İcra Hakimiyyətinin başçısı İlqar Abbasov pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan nailiyyətlərin xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb. Erməni təxribatına və təcavüzünə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, yaralılara şəfa diləyib. Ölkə başçısının dünya dövlətləri, xarici informasiya agentlikləri ilə keçirdikləri görüşlərdən, diplomatik danışıqlardan, Avropada ilk dəfə respublikamızda keçirilən irimiqyaslı layihələrdən, eyni zamanda Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın zəngin tarixi keşmişimizin, milli-mənəvi dəyərlərimizin dünyada təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. 143 küçənin tam işıqlandırıldığını, ötən il 39 küçənin asfaltlandırıldığını, bu il isə 37 küçənin asfaltlanacağını bildirib. “Azərsu” ASC-nin hazırladığı layihə əsasında şəhər ərazisində su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanıldığnı qeyd edib. Şəhər sakinlərinin və qonaqların səmərəli istirahətini təmin etmək məqsədilə abadlaşan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkından, parkda salınan “Qarabağ” və “Zəfər” xiyabanlarından, Leyla Əliyevanın təşəbbüsü ilə “İDEA” İctimai Birliyinin “Bizim həyət” layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllədən söz açıb. “Bizim həyət” layihəsi çərçivəsində 20 Yanvar 4, A L.İbrahimov 4 saylı binaların qarşısında yaradılan sahəsi 1, 5 hektar olan yeni abad məhəllədə görülən işlərdən və M.Ə.Rəsulzadə 7, 3 və 20 Yanvar 1,2 saylı binaların qarşısında abadlaşması nəzərdə tutulan sahəsi 1,2 hektar olan növbəti məhəllədən danışıb. Hazırda vətəndaş müraciətlərinin əksəriyyətinin yaşayış yeri və mənzil olduğunu nəzərə alaraq, sosial evlərin tikintisi ilə əlaqədar MİDA-ya müraciət edildiyini, bu məqsədlə torpaq sahəsinin ayrıldığını bildirib.
Millət vəkili İltizam Yusifov Şirvan şəhərinin uzun illər sənaye və energetika şəhəri olduğunu, lakin hazırda 127 sənaye müəssisəsindən 4-nün fəaliyyət göstərdiyini bildirib. Həmin müəssisələrdə vaxtilə 2000-ə yaxın insanın çalışdığını, lakin onların çoxunun ixtisar olunduğunu təəssüflə qeyd edib. Lakin ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, yaxın gələcəkdə bu problemlərin aradan qaldırılcağına, Şirvanın ən inkişaf etmiş və yaraşıqlı şəhərlərdən birinə çevriləcəyinə əmin olduğunu bildirib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə  müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən vətəndaşlar ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.