Şirvan şəhərində vətəndaşlarla növbəti səyyar görüş keçirilibbackend

Şirvan şəhərində vətəndaşlarla növbəti səyyar görüş keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şirvan Şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.
Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə uyğun olaraq vətəndaşlarla növbəti səyyar görüş 24 may 2022-ci il tarixdə Köhnə şəhər ərazisində 1 nömrəli tam orta məktəbin akt zalında keçirilib. Qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov pandemiyanın yaratdığı çətinliklərdən, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərindən, xüsusilə vaksinasiyanın uğurla həyata keçirilməsindən bəhs edib. Vətəndaşların qrup və fərdi qaydada qəbulunun 2022-ci ilin mart ayından bərpa olunduğunu vurğulayan İcra Hakimiyyətinin başçısı sakinlərin mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində təşkil olunacaq səyyar görüşlərlə bağlı məlumatlandırılacağını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarının uğurla icrası barədə ətraflı məlumat verib. Erməni təxribatına və təcavüzünə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, yaralılara şəfa diləyib. Dövlət başçısı İlham Əliyevin 17 illik fəaliyyəti nəticəsində Azərbaycanın ədalətli mövqeyinin və həqiqətlərinin geniş təbliğ edildiyini bildirib. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Leyla xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlərdən, humanitar forumlardan, Qoşulmama Hərəkatından, türkdilli dövlətlərin keçirdiyi tədbirlərdən, dövlət başçısının  dünyanın nüfuzlu informasiya agentliklərinə, televiziya kanallarına verdiyi müsahibələrdən, bu müsahibələrdə müxbirlərin təxribat xarakterli suallarını onların öz ölkələrinin timsalında layiqincə cavablandırmasından danışıb. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. 122 küçənin tam işıqlandırıldığını, ötən il 39 küçənin asfaltlandırıldığını, bu il isə 37 küçənin asfaltlanacağını diqqətə çatdırıb. Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında aparılan abadlıq-yenidənqurma işlərindən, Heydər Əliyev Fondunun I vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “İDEA” İctimai Birliyinin “Bizim həyət” layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllələrdən söz açıb. “Azərsu” ASC-nin hazırladığı layihə əsasında şəhər ərazisində su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanıldığnı qeyd edib. Hazırda vətəndaş müraciətlərinin əksəriyyətinin yaşayış sahəsi ilə təmin olunmaq barədə olduğunu nəzərə alaraq, sosial evlərin tikintisi ilə əlaqədar MİDA-ya müraciət edildiyini, bu məqsədlə torpaq sahəsinin ayrılması istiqamətində işlərə başlanıldığını bildirib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən şəhər sakinləri səyyar görüşlərin təşkilinə, şəhər ərazisində aparılan abadlıq-quruculuq işlərinə və onların sosial problemlərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.