Şirvan şəhərində 27 sentyabr Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilibbackend

Şirvan şəhərində 27 sentyabr Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Vətən Müharibəsinin başladığı 27 sentyabr gününün hər il Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi barədə 2 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumşəhər tədbiri keçirilib.

TİA.AZ xəbər verir ki, öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, Şura üzvləri, Hüquq mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri şəhərin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər.
Sonra Heydər Əliyev meydanında şəhər məktəblilərinin hazırladığı Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Vətən var olsun” adlı flaşmob təşkil olunub.
Tədbir Şəhər İcra Hakimiyyətinin Akt zalında pandemiya qaydaları gözlənilməklə davam edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması zamanı Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun tarixi torpaqlarımızın azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr dilənib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, bir il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silah Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır!” çağırışı ilə xalqımız dövlət başçısının ətrafında “Dəmir yumruq” kimi birləşdi. Şanlı Azərbaycan Ordusu 30 ilə yaxın işğalda olan torpaqlarımızı 44 gün ərzində azad edərək ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Noyabrın 8-də Qarabağın ürəyi, incisi, baş tacı hesab olunan Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazıldı. Milli həmrəyliyin , peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və ordumuzun gücü düşməni kaputulyasiya aktını imzalamağa məcbur etdi, düşmən tarixi torpaqlarımızdan qovuldu. Azərbaycan xalqı küçələrə, meydanlara axışaraq böyük sevinc və qürur hissi ilə Şanlı Zəfərini qeyd etdi. İlqar Abbasov Vətən uğrunda şücaət göstərən qəhrəmanlarımıza dövlətimiz tərəfindən ehtiram göstərildiyini, onların fəxri adlar və orden-medallarla təltif olunduğunu, ailələrinin sosial-rifah halının yaxşılaşdırılması üçün tədbirlər görüldüyünü, xatirələrinin əbədiləşdirildiyini diqqətə çatdırıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərinin nəticəsində Azərbaycan bayrağının sancıldığı hər qarış torpağımızın cənnətə çevriləcəyini vurğulayıb.
Millət vəkili İltizam Yusifov çıxışında mənfur qonşularımızın əsirlər boyu torpaqlarımııza, milli dəyərlərimizə göz dikdiyini, Cənnət Qarabağımızı 28 il işğal altında saxladığını, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şücaətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində işğala son qoyduğunu və bununla da 200 illik tariximizə Şanlı Zəfər kimi yazıldığını bildirib.
Tədbir iştirakçıları saat 1000-da Azərbaycan Televiziyasının efiri vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətini izlədikdən sonra Şəhid ailələri adından çıxış edən Şəhid Zülfüqarlı Zeynalın anası Şəlalə Nadirova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və hər zaman şəhid ailələrinə göstərdiyi həssas münasibətə görə Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. Şanlı Qələbədə oğlunun da payı olduğu üçün qürur hissi keçirdiyini bildirib.
Vətən Müharibəsi iştirakçıları adından çıxış edən çavuş Elvin Abbasov bütün Şirvanlı gənclərin, hətta yaralıların, qazilərin sağaldıqdan sonra Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bundan sonra da dövlətimizin, xalqımızın, müstəqilliyimizin, ərazi bütövlüyümüzün müdafiəsinə hazır olduqlarını bildirib.
Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri Şəhidlər Xiyabanında davam edib. Tədbir iştirakçıları Şəhidlər Xiyabanının girişində quraşdırılmış böyük tabloda Vətən müharibəsinin simvoluna çevrilən “Xarı bülbül”ün təsvirindən və Şirvan şəhidlərinin şəkillərindən ibarət kompazisiya ilə tanış olublar. Birinci Qarabağ Müharibəsində itgin düşənlərin xatirəsinə ucaldılan abidə və şəhid məzarları ziyarət edilib, önünə gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub. Vətən Müharibəsində həlak olan şəhidlərimizin ləyaqət, dəyanət, mətanət rəmzi olan anaların şərəfinə “Şəhid Anası” abidə kompleksinin təqdimat mərasimi keçirilib. Mərasimdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək “Şəhid Anası” abidəsinin, hər bir şirvanlının və şəhərimizin qonaqlarının müqəddəs ziyarətgahına çevrilən Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin yaşayan və dünyadan köçmüş analarının və bütün qəhrəman anaların rəmzi olduğunu bildirib.
Şəhər məktəbliləri Anım Gününə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər.
Saat 1200-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
Bir dəqiqəlik sükutdan sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millər vəkili İltizam Yusifov, Şura üzvləri, Hüquq mühafizə irqanlarının rəhbərləri, şəhid ailələri və könüllülərin iştirakı ilə Şirvan Şəhidlər Xiyabanında və Məhəmməd Füzuli adına Parkda Şirvan şəhərindən Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların hər birinin xatirəsinə ümumilikdə 352 ağac əkilib.
Daha sonra Şirvan şəhər El qəbristanlığında Milli Qəhrəman Rəfael Həbibovun və Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun büstü və şəhid məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Gün ərzində Heydər Əliyev Mərkəzində nümayiş olunan Vətən Müharibəsi şəhidlərinə və Anım Gününə həsr olunmuş sərgiyə tanışlıqla Anım tədbiri yekunlaşıb.