Tribuna İnformasiya Agentliyi

Şirvan sakinindən qeyri-adi addım: Qızının məzarı üstə kitabxana… – FOTO

11 Sentyabr

Şirvan şəhər sakini olan Vüqar Həsənli qeyri-adi addım atıb. O, Bakı Dövlət Universitetində təhsil almış mərhum qızının qəbri üzərində kitab rəfi düzəldib.

TİA.AZ teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Vüqar Həsənli özünün Feysbuk səhifəsində yazıb:

”Dostlar, söz verdiyim kimi, 50 manata Rasim Qaracanın 30 kitabını satış kampaniyasından alıb Şirvan məzarlığında sevimli qızım Nərminin məzarı üzərində yaratdığım kitab rəfinə qoyacağam. Sabahdan yolu düşənlər götürə bilərlər”.

Qeyd edək ki, Vüqar Həsənlinin məhrum qızı BDU-nun kitabxanaçılıq və informatika fakültəsində təhsil alıb, 22 yaşında leykoz xəstəliyindən vəfat edib.

Məzarın yanında kitab rəfi qoyduran ailə tez-tez onun qəbri ziyarət edir və rəfə yeni kitablar qoyurlar.

Qızlarının vaxtsız vəfatından kədərlənən ailə onun xatirəsini yaşatmaq məqsədilə belə bir addım atıb.

Daha sonra Vüqar Həsənli öz hesabında bildirib ki, kitablar artıq rəfdədir: “Buralara əzizlərinizi yad etməyə gələrkən rəfdən kitab götürməyi unutmayın. Çox məmnun olarıq”.