Şirkət Vətən müharibəsi iştirakçısının 6375 manat maaşını vermirbackend

Şirkət Vətən müharibəsi iştirakçısının 6375 manat maaşını vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vətən müharibəsi iştirakçısı Əmirov Aydın Hikmət oğlu “Property İnvestments” MMC-dən şikayətçidir. Vətəndaş MMC-nin Akkord Sənaye Tikinti İnvestesiya Korporasiyasına məxsus olduğunu iddia edir.
Bu barədə “Qafqazinfo”ya müraciət edən A. Əmirov deyir ki, 2016-cı ilin aprel ayından sözügedən şirkətdə, 2016-cı ilin dekabr ayından etibarən isə korporasiyanın müxtəlif törəmə müəssisələrində hüquqşünas vəzifəsində çalışıb: “Son iş yerim isə “Property İnvestments” MMC olub. Bu şirkətdən ötən ilin yanvarında işdən ayrılsam da, bugünədək, habelə işdən azad olunduğum tarixdən əvvəlki ayların aylıq əmək haqqımı ala bilmirəm. Həmin tarixə qədər aylıq əmək haqqım və son haqq-hesabım daxil olmaqla 6375 manat ödənilməmiş maaşım qalıb.
“Akkord Sənaye Tikinti İnvestesiya Korporasiyası” ASC və “Property İnvestments” MMC-nin rəhbərliyinə dəfələrlə müraciət etsəm də, boş vədlərdən başqa bir şey görməmişəm. Hal-hazırda işsizəm və iş tapmaqda çətinlik çəkirəm. Bununla yanaşı, kreditlərim var və onları ödəyə bilmirəm. Şirkətlə bağlı ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya da məktubla müraciət etmişəm. Məktub hazırda icradadır, araşdırılması üçün Dövlət Əmək Müfəttişliyinə göndərilib”.
“Qafqazinfo” məsələylə bağlı “Akkord” şirkətinin hüquq departamentinin müdiri Nurlan Kərimliylə əlaqə saxlayıb. O bildirib ki, sözügedən şəxs “Property İnvestements” şirkətinin işçisi olaraq işindən ayrılıb:
“O, “Akkord” şirkətində işdən ayrılmayıb. Vaxtilə həmin şirkət “Akkord”un törəməsi olub. Sonradan “Akkord” özünəməxsus payı digər şəxsə satıb. Hazırda həmin şirkət “Akkord”un törəməsi deyil. Şirkətin bizə hər hansı bağlılığı olmadığına görə də şəxsin probleminin bizə aidiyyatı yoxdu.
Hüquqi baxımdan da izah etsək deyə bilərəm ki, əgər bir şirkət digər şirkətin törəməsidirsə, şəxs törəmə şirkətdən işdən ayrılıbsa, onun təsisçi olduğu şirkətlə hüquqi bağlılığı yaranmır. Ancaq təsisçiliklə bağlı məsələlərdə törəmə şirkətlə hüquqi bağlılıq yaranır”.
Qeyd edək ki, A. Əmirov Vətən müharibəsindən sonra Prezident sərəncamıyla “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.