Tribuna İnformasiya Agentliyi

Şirkət rəhbəri oğlunun məhkəməsinə əli qandallı gətirildi: “Etdiyim günahların cəzasını çəkirəm”

25 Dekabr

Həbsdə olan iş adamının oğlu da hakim qarşısına çıxarılıb. Onların bir evi bir neçə nəfərə satdığı məlum olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən 1984-cü il təvəllüdlü Samir Alışov və 1983-cü il təvəllüdlü Elçin Əsədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər və şahidlər ifadə verib.

Zərərçəkmiş kimi tanınan Sona Babayeva bildirib ki, mənzil almaq üçün Elçin Əsədova 57 min manat verib. O, hazırda həmin mənzildə yaşadığını, amma başqa şəxsin də həmin evə iddialı olduğunu söyləyib: “Mən bir Elçini tanımışam. Evə köçdükdən sonra Afət adlı bir xanım gəldi. Dedi ki, ev onundur. Sonra da məhkəmədə iddia qaldırdı”.

Elçin Əsədov isə deyib ki, həmin evi şirkətin sədr əvəzi olan Habil Fətəliyevdən alıb. O, Sona Babayevaya ev satdığını təsdiqləyib və başqa bir şəxsin də həmin evə görə kiməsə pul verməsindən xəbərsiz olduğunu deyib.

Məhkəmənin davamında şahid qismində Samir Alışovun atası Cahangir Alışov ifadə verib. O, “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin sədri olub. Cahangir Alışov dələduzluğa görə hazırda həbsdədir.

Cahangir Alışov MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdı. Amma işi araşdıran Bakı Hərbi Məhkəməsi Cahangir Alışovun zərərçəkmiş kimi tanınmasına xitam vermişdi.

Cahangir Alışov bu məhkəmədə ona görə dindirilib ki, o, oğlunun cinayət əməlləri barədə nə bilir? Alışov söyləyib ki, oğlu günahsızdır. O, oğlunun şirkətdə heç bir rəsmi sənədə imza atmadığını, vəzifəli şəxs olmadığını deyib.

Qeyd edib ki, oğlu sadəcə binanın qaz, işıq, su problemlərinə nəzarət edib.

“Mən ona satış üçün heç bir səlahiyyət verməmişəm. Oğlumun bu işdə günahı yoxdur. Mən şirkətin təsisçisi, sədri olmuşam. Sonra da sədrin səlahiyyətlərini icra erməsini Habil Fətəliyevə tapşırmışam” – deyən C.Alışov daha sonra sualları cavablandırıb.

Əvvəlcə ondan mənzillərin ayrı-ayrı şəxslərə təkrarən necə satılması soruşulub. Cahangir Alışov deyib ki, inşa etdikləri binanın şəriklərindən biri də Xaləddin Baxışov olub: “Xaləddin evlərin satışına nəzarət edirdi. Satılan evlərin siyahısı da onda idi. Sonra o, həbs ediləndə mənzillərin kimə satılmasını bilmədik. 2008-də sənədlər ona təhvil verilmişdi. 2014-cü ildə isə mən maliyyə arayışları və blankları Habil Fətəliyevə verdim. Ondan həmçinin sədrin səlahiyyətlərini icra etməsini istədim”.

Məlum olub ki, Cahangir Alışov Habil Fətəliyevə verdiyi boş maliyyə arayışlarını və blankları əvvəlcədən imzalayıbmış. Cahangir Alışov bunu belə izah edib: “Mən həmin sənədləri imzalamışdım ki, nə vaxtsa alqı-satqı olsa, istifadə eləsinlər. Həmin sənədlər evini başqasına satmaq istəyənlərə verilmək üçün nəzərə tutulmuşdu. Habilin həmin evləri təkrarən satmasından xəbərsizəm”.

Məhkəmə zalında olan zərərçəkmişlər Cahangir Alışovun dediklərinin yalan olduğunu deyiblər. Bildiriblər ki, mənzillərlə bağlı problemlər çıxan zaman C.Alışovla görüşmək istəyiblər. Onlar söyləyib ki, evləri Cahangir Alışovun oğlu Samirdən alıblar. Amma atası oğlunu müdafiə etmək üçün yalan danışır.

“Göz görə-görə üzümüzə yalan danışırsız. Heç olmasa günahınızı etiraf edin” – deyən zərərçəkmişlərə Cahangir Alışov cavab verib. O, söyləyib ki, indi etdiyi günahlarının cəzasını çəkir.

C.Alışov bir daha oğlunun günahsız olduğunu, bütün işləri Habil Fərzəliyevin etdiyini söyləyib. Məhkəmənin davamında Habil Fətəliyev də şahid qismində dindirilib. Habil Fətəliyev də hazırda həbsdədir. O da dələduzluqda ittiham edilərək tutulub.

Habil Fətəliyev ifadəsində Cahangir Fətəliyev kimi danışıb və bütün günahı öz üzərinə götürüb. Söyləyib ki, bir evi bir neçə nəfərə satan, sənədləri saxtalaşdıran özü olub. O, etdiyinin cəzasını çəkdiyini söyləyib.

Qeyd edib ki, zərərçəkmişlərin hər birinin problemi həll ediləcək.

“Artıq razılaşma və Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı var. Şirkətimizə torpaq sahəsi də ayrılıb. Buna inşa ediləcək və hər kəsə ev veriləcək. Hazırda evində yaşayanlar narahat olmasın. Onları heç kim evindən çıxara bilməz. Ev ala bilməyənlərə isə indiyə qədər verdikləri pulun dəyərindən də artıq ev veriləcək” – deyən Fətəliyevə sual verilib ki, mənzillərin satışından əldə etdiyi pulu hara xərcləyib?

Habil Fətəliyev 400 min manatdan çox pulu binanın təmir və əlavə xərclərinə sərf etdiyini söyləyib. Məhkəmə iclası yanvarın 7-də davam etdiriləcək.