“Simurq” Gəncədə sərnişinləri ölümün cənginə buraxıb” -XAOSbackend

“Simurq” Gəncədə sərnişinləri ölümün cənginə buraxıb” –XAOS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə “Simurq” sərnişindaşıma xidməti hər gün vətəndaşların həyatını ölümlə üz-üzə qoymaqdadır.

Azsiyasət.com-a verilən məlumatda şirkətin sürücülərin gündəlik yoxlanışdan keçmədən sükan arxasına buraxıldığı bildirilir.

Bir qayda olaraq ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər hər gün həkim nəzarətindən keçdikdən sonra işə buraxılmalıdırlar.

Lakin Gəncədə “Simurq” kompaniyasının avtobuslarında çalışan sürücülər heç bir baxış həyata keçirmədən müvafiq arayışa imza atırlar.

Bu zaman sürücünün narkotik və ya spirtli içki istifadə edib-etmədiyini, təzyiqini, ümumi səhhəti haqda məlumatı öyrənmədən marşrut xəttinə buraxırlar. Nəticədə sərnişinlərin həyatı riskə atılır.

Gəncədən gələn şikayətlərə görə, “Simurq” avtobuslarının sürücüləri təhlükəli idarə edir, tez-tez qəzalar baş verir. Bunun bir səbəbi də şirkətin işçilərini qul kimi istismar etməsidir.

Sürücülərin sözlərinə görə, onlar 16 saat işləməyə məcbur edilirlər ki, bu da Əmək Məcəlləsinin tələblərinin kobud pozulmasıdır.

Nəticədə sürücülər istirahət bilmədən çalışır, yorğun olur, qəza törədir və bununla da sərnişinlərin həyatını təhlükəyə atırlar.

Sürücülər bildirirlər ki, bu kompaniyada olan xaos, anarxiya, özbaşınalıq üzündən çox işçi şirkəti tərk edib, yerinə götürülən təzə əməkdaşlar isə yenə həmişəki qaydada işlədilirlər.

Xatırladırıq ki, “Gəncə-Simurq” kompaniyasını Əflatun Əliyev yaradıb. Marşrutların yeri satıldığı üçün sürücülər qaraja hər gün pul ödəmək məcburiyyətindədir.

Bundan başqa, nəqliyyat vasitələrinin yanacaq təchizatı və təmiri də tamamilə sürücülərin boynundadır. Sürücülər nəqliyyat vasitələrinin yuyulmasını belə öz vəsaitləri hesabına həyata keçirirlər. Bu səbəbdən də bir çox hallarda sürücülər ağır iş günündən sonra evlərinə 5 manat aparmaq naminə nəqliyyat vasitəsini yuduzdurmur, nəticədə sərnişinlərə çirkli, natəmiz avtobuslarla xidmət göstərirlər.

Bir sözlə, bu gün “Simurq” kampaniyasının iş mexanizminin ciddi şəkildə təftişə ehtiyacı var.