Tribuna İnformasiya Agentliyi

Şimali İrlandiya “Qarabağ”la tarixi oyunu gözləyir: qrupa düşmək əzmi

19 Avqust

Şimali İrlandiya mətbuatı və “Linfild” komandası bu həftə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunu maraqla gözləyir. Çünki bu ölkənin nüfuzlu “Belfast Telegraph” nəşrinin də yazdığı kimi, “Qarabağ”ı keçməklə “Linfild” Avroliqanın qrupuna düşən ilk ölkə klubu olacaq.

Onlar bildirirlər ki, bu, təkcə nəticə baxımdan deyil, həm də maddi olaraq klubun büdcəsinə müsbət təsir edəcək. “Linfild” artıq 1,2 milyon funt gəlir əldə edib. Qrupa düşəcəyi halda isə bu rəqəm 4 milyona çatacaq.

Ümumiyyətlə, hazırda mətbuatda yazılanları oxuyandan bu nəticəyə gəlmək olar ki, hər nə qədər favorit “Qarabağ” sayılsa da, qarşı tərəf matça ciddi hazırlaşır və mərhələni keçmək əzmindədir. “Belfast Telegraph” daha sonra qeyd edir: “Avroliqada qrup oyunları həftənin dördüncü günü, yerli liqada oyunlar isə adətən şənbə günləri keçirilir. Ona görə də “Linfild”in rəhbərliyi düşünür ki, qrupa düşsələr, onlara daxili çempionat matçına hazırlaşmaq üçün əlavə daha bir gün lazım olacaq”.