“Şimal Axını-2”-nin tikintisi yenidən təxirə salındı – Rusiyanı dalana sıxışdıran mühüm gəlişməbackend

“Şimal Axını-2”-nin tikintisi yenidən təxirə salındı – Rusiyanı dalana sıxışdıran mühüm gəlişmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şimal Axını-2” qaz kəməri layihəsinin operatoru “Nord Stream 2 AG” şirkəti tikintinin başa çatdırılması üzrə işləri təxirə salmaq qərarına gəlib.

Ovqat.com Almaniyanın həftəlik istisadi nəşri “Handelsblatt”-a istinadən xəbər verir ki, şirkət işə başlamazdan əvvəl texniki avadanlıqların yoxlanılmasının lazım olduğunu bəhanə gətirib. Di gəl ki, tikintinin nə zaman bərpa olunacağının dəqiq tarixini açıqlamayıb.

“Cümə günü işə başlamaq üçün Danimarka Enerji Agentliyinin icazəsi var. Amma bu o demək deyil ki, 15 yanvar cümə günü biz yenidən boru çəkməyə başlayacağıq”, – Nord Stream 2 AG nümayəndəsi mətbuata açıqlamasında bildirib.

Şirkət nümayəndəsinin sözlərinə görə, texniki təchizatın yoxlanılması ən azı bir neçə gün çəkəcək, buna görə də dəqiq demək olmaz ki, boru xətlərinin yanvarın sonunadək və ya fevralın əvvəlinədək çəkilməsinə başlanacaq.

Məlumata görə, Danimarka tərəfi cümə axşamı öz sahil sularında “Şimal Axını – 2” qaz kəmərinin tikintisinin bu həftə bərpa olunacağını bildirmişdi. Hər kəs bu gün işlərin başlanmasına ümidli ikən isveç şirkətindən təxir qərarının çıxması Moskvanı xeyli heyfsiləndirdi.

Xatırladaq ki, “Şimal Axını – 2” nin tikintisinin 2021-ci ilin iyununda başa çatdırılması planlaşdırılırdı. İndisə bu planın baş tutması “Nord Stream 2 AG” şirkətinin nə zaman işə başlayacağından asılı olacaq.

Bəzi ekspertlər şirkətin bu bəhanəsinin əsl səbəbini ABŞ-ın yeni administrasiyasından layihəyə nə cür reaksiya veriləcəyini gözləməklə əlaqələndirirlər. Onların fikrincə, Tramp hakimiyyəti ötən ildən başlayaraq, “Şimal axını-2” layihəsinə qarşı öz mövqeyini ortaya qoymuş və tərəfdaşlarını layihədən imtina etməyə çağırmışdı. Fəqət onun hakimiyyətinin sonuna gəlməsinin doğurduğu rahatlıq və Avropa ölkələrinə qarşı ticarət müharibəsinə başlaması bəzi Qərb dövlətlərində “Şimal axını-2” layihəsinə meyl yaratmışdı. Məqsəd həm də ABŞ-dakı prezident seçkiləri kampaniyası dövründə Trampın xarici siyasətdəki uğursuzluğu imicini yaratmaq və onun hakimiyyətdən uzaqlaşdırılmasına qatqıda bulunmaqdı.

İndisə çiçəyi burnunda bir Co Bayden hakimiyyəti qurulur. Baydenin 8 il hakimiyyətdə qalmaq şansı var və ABŞ Konqresinin Trampı impiçment qərarı hakimiyyətin milli iqtisadiyyata önəm verən Cümhuriyyətçilərə keçməsini uzun illər yubada biləcək. Belə vəziyyətdə Co Bayden hakimiyyətinin, dolayısıyla qlobalistlərin maraqlarının ziddinə getmək Avropa şirkətləri üçün tənəzzülün başlanması mənasına gələ bilər və onlar yeni administrasiyanın hansı mövqe sərgiləməsini gözləməlidirlər. “Nord Stream 2 AG” şirkətinin məhz bu səbəbdən işləri təxirə saldığını düşünmək olar.

Rusiya XİN də isveç şirkətinin bu qərarını iqtisadi amillərlə yox, ABŞ-ın siyasi təzyiqləri ilə əlaqələndirib. Nazirliyin yaydığı bəyanatda bildirilib ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Moskva “Şimal Axını-2” qaz kəmərinin uğurla reallaşacağına şübhə etmir.