“Sim-sim Lələ” yenidən AzTV-də: “Mənə 10 manat belə verən olmayıb”backend

“Sim-sim Lələ” yenidən AzTV-də: “Mənə 10 manat belə verən olmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
1990-cı illərdə “Sehirli güzgü” verilişindən tanınan, Sim-sim Lələ kimi məşhurlaşan aktyor Adışirin Bağırov uzun illər işsizlikdən sonra AzTV-də işlə təmin olunub.
Bu barədə TV-nin “Telesəhər” verilişində süjet yayımlanıb.
AzTV-nin əməkdaşları mediada bəzən unudulduğundan, hətta epizodik rollarda belə çəkilmədiyindən şikayətlənən aktyoru tapıb, onun evində qonaq olub.
A.Bağırov deyir ki, onu heç bir seriala çəkilməyə dəvət etməyiblər: “Bir serial belə olmayıb ki, çağırsınlar, 10 manat, 20 manat versinlər, desinlər ki, epizodik bir rolda çəkirik səni”.
O, qazanc əldə edə bilmək üçün marketlərə üz tutduğunu deyir: “Mən yaşamaq üçün nəsə yeməliyəm. Hətta marketlərə gedirdim ki, orada yarım gün də olsa, işləyim, qazanc yerim olsun. Amma cəmi bir gün işləyə bilirdim. Kənardan insanlar marketin sahibinə aktyorun burada işlədiyinə görə irad bildirirdilər. O da deyirdi ki, ayıbdır, aktyorsan, niyə marketdə işləməlisən”.
Azərbaycan Televiziyası A.Bağırova kanalda iş təklif edib, illər sonra o, yenidən TV-yə qayıdıb. Aktyorun TV-dəki işi barədə ətraflı məlumat veriləcək.