Tribuna İnformasiya Agentliyi

Sığorta fırıldağı ifşa edildi – Vətəndaşın adından 4 avtomobil sığorta edilib – VİDEO

08 Avqust

Sığorta şirkətlərindən biri Cəlilabad sakininə qarşı fırıldaqçılıq edib. Bunu zərərçəkmiş şəxs iddia edir. İddiaya görə, xəbəri olmadan onun adından 4 avtomobili icbari sığorta ediblər. TİA.AZ-ın məlumatına görə, hadisə Cəlilabad sakini Qayıtmaz Cəfərovun başına gəlib. Oğlu Ramil Cəfərov deyir ki, atası öz avtomobilini bir neçə ay əvvəl sığorta etdirərkən ona bildiriblər ki, yol nəqliyyat hadisəsi törətmədiyi üçün bonuslu müştəridir. Onun ”Vaz-21011” markalı avtomobilini xüsusi endirimlə sığorta ediblər.

Ağsaqqal kişi bir həftə əvvəl oğlunun idarə etdiyi avtomobili də sığorta etdirmək üçün təkrar həmin sığorta şirkətinə müraciət edib.

Ramil Cəfərov iddia edir ki, həmin sığorta şirkətinin əməkdaşı atasının adında endirimin olmasından istifadə edərək öz qazancı üçün bunu digər sürücülərə satıb. O, məsələ ilə bağlı icbari sığorta bürosuna da müraciət etdiyini deyir.

Məsələyə münasibət bildirən sığorta ekeperti Daşdəmir Niftəliyev bildirib ki, vətəndaşın qarşılaşdığı problem dələduzluq faktıdır. Çünki sığorta şirkətinin heç bir hüququ yoxdur ki, hansısa vətəndaşın sənədlərindən istifadə edərək digər şəxslərə icbari sığorta etsin.

İcbari Sığorta Bürosundan isə ”Xəzər Xəbər”ə bildirdilər ki, vətəndaşın müraciəti ”Dəstək” şöbəsində araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra məsələ öz həllini tapacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: