Tribuna İnformasiya Agentliyi

Şamaxıda ilin birinci rübü müzakirə edildi

18 Aprel

Şamaxı rayonunda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. 

Şamaxı rayonunda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncağı giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.

Şamaxı Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Vəlixan Qarayev, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Tərlan Xəlilov, rayon Məşğulluq Mərkəzinin direktoru Ceyhun Səmədov və rayon Statistika İdarəsinin müdiri Azər Məmmədov məruzə ətrafında müzakirələrdə iştirak etmişlər. Ümumilikdə 2017-ci ilin birinci rübünün yekunları rayonumuz üçün müsbət qiymətləndirilmişdir.

Çıxışı zamanı rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin ölkədə iqtisadi durumun yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarını xüsusi vurğulayaraq ötən müddət ərzində bu istiqamətdə mühüm işlər görüldüyünü, iri taxılçılıq təsərrüfatları, yeni turizm obyektləri yaradıldığını qeyd etmiş, həmçinin turizmin inkişaf etdirilməsi məqsədilə rayonun Çuxuryurd və Nağaraxana kəndlərinin mərkəzi küçələrində, ucqar dağ kəndlərindən Dəmirçi kəndində quruculuq və abadlıq işləri aparıldığını, kəndin tam qazlaşdırldığını və həmin kənddən İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yeni 22 km-lik avtomobil yolunun tikintisinin davam etdirildiyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, yeni iş yerlərinin açılması da diqqət mərkəzində saxlanılmış, bu ilin ilk üç ayında rayon üzrə 1831 daimi iş yeri açılmışdır.

İcra başçısı rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi əsas yer tutduğunu, görülən tədbirlər nəticəsində bu ilin üç ayı ərzində bu sahədə 8,6 milyon manatlıq məhsul istehsal edildiyini bildirmişdir. Qeyd edilmişdir ki, keçən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmiş Şamaxıda bu sahənin inkişafına xüsusi diqqət göstərilir və hazırda rayon üzrə üzümlüklərin sahəsi 1640 hektara çatdırılmışdır.

Çıxışının sonunda rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qeyd etmişdir ki, aprelin 10-da keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, xüsusilə dövlətimizin başçısının nitqlərində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi üçün rayonumuzda bütün qüvvə və imkanlar maksimum səfərbər ediləcəkdir.

Yığıncaqda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, aparılması nəzərdə tutulan abadlıq işləri, və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.