Tribuna İnformasiya Agentliyi

Serial aludəçiliyi: Bu təhlükədən qorunmanın yolu varmı?

13 Mart

Seriallar dilimizə və psixologiyamıza nə qədər ziyan vurur?; Doğrudanmı Azərbaycanda istedadlı və intellektual ssenaristlər, rejissorlar və aktyorlar heç yoxdur?; Dövlətin bu bayağı, təlxək obrazları ilə dolu olan və heç bir cəlbediciliyə malik olmayan serialları maliyyələşdirməsi doğrudurmu?..

Elçin Əlibəyli: “Azərbaycan Dövlət Televiziyası il ərzində büdcədən 56 milyon manat vəsait əldə edir. Bəs nəyə görə Azərbaycan Dövlət Televiziyası Azərbaycan tarixi və tarixi şəxsiyyətləri ilə bağlı bir dənə serial belə meydana çıxarmayıb?!”.
Rüfət Əsədov: “Mən şəxsən bilmirəm ki, o, ssenariləri kim seçir və təsdiqləyir. Fikrimcə, bir film və ya serialda ən əsas yeri ssenari tutur”.  
 
Fərqanə Mehmanqızı: “Seriallarda boşanma və ayrılığın adi hal olduğunu görən insanlar öz həyatlarında da bu vəziyyəti adi qəbul etməyə başlayırlar. Bu isə ailə modelinin zədələnməsinə və insani  dəyərlərdə çatların yaranmasına yol açır”.
 
Rüstəm Kamal: “Türkiyə türkçəsindən istifadə edən insanlardan yox, “anavızı”, “atavızı” kimi sözlər işlədən insanlardan qorxmaq lazımdır”.
Müasir insanın həyat tərzinə çevirilən amillərdən biri də  serial aludəçiliyidir. Elə Azərbaycan cəmiyyətində də böyükdən kiçiyə demək olar ki, seriallar hamının maraq dairəsindədir. Bir zamanlar Cənubi Amerika seriallarına aludə olan Azərbaycan tamaşaçısının bu marağı  sonralar türk seriallarına daha çox fokslanmağa başladı.  Bütün cəmiyyətlərdə serial aludəçiliyi geniş yayılsa da, bəzi inkişaf etmiş ölkələrdə serial anlayışı o qədər də maraqla qarşılanmır. Məsələn, Danimarka cəmiyyətində serial aludəçilərinin sayı azdır. Onlar düşünürlər ki, seriallardakı proseslər insanı inkişafdan saxlayır və vaxt itkisidir. Hər halda açıq etiraf etmək  lazımdır ki,  istənilən yaradıcılıq məhsulu günümüzün reallıqları və həyatla uyğunluğu əks etdirəndə kütlə tərəfindən böyük marağa səbəb olur. Məsələn, Türkiyə cəmiyyəti vətən, tarix mövzusunda çəkilən seriallar sayəsində ortaq nöqtədə birləşə bilirlər. Bu birləşmə müəyyən mənada  kütlə içərisində vətənpərvərliyin, millətçiliyin möhkəmlənməsinə təsir edə bilir.
Onu da qeyd etmək lazımdır ki, xarici seriallar doğma dilimizin dəyişilməsinə də müəyyən qədər təsir edir. Günümüzün aktual mövzularından biri dilimizin spesifikliyini qorumaqdır. SSRİ zamanında dilimiz rus dilinin təsiri ilə “zibillənirdisə”, indi həm, rus dilinin, həm də türk dilinin təsiri ilə “zibillənir”. Hətta yeni ayaq tutan uşaqlarımız belə artıq dillərini türk ifadələri ilə açırlar. Son zamanlar isə ədəbi dilimiz də türk təsirindən ciddi dəyişikliklərə səbəb olmağa başlayıb. Bunun əsas səbəblərindən biri isə türk seriallarının Azərbaycan auditoriyasında böyük izlənmə reytinqlərinə sahib olmalarıdır. Yəni, türk seriallarının “jarqonları” böyüklü-kiçikli hamımızın leksikasında yer almağa başlayıb.
Sərhədləri aşıb yerli cəmiyyətimizə dil, psixoloji, sosioloji cəhətdən təsir edən xarici seriallardan fərqli olaraq, yerli seriallarımız cəmiyyət tərəfindən heç də birmənalı müsbət qarşılanmır.
Yerli serialların keyfiyyəti, zəif tematikası, ssenarinin primitivliyi, bir çox hallarda aktyor oyununun lazımsız pafosları və bu kimi digər problemlər yerli seriallara marağı yox etmiş vəziyyətdədir.
Ən pisi isə odur ki, Azərbaycanda dövlət tərəfindən  serialların çəkilməsi üçün maddi yardım ayrılsa da, yerli seriallarda bayağı ifadələrdən və bayağı reklamdan başqa heç nəyə rast gəlinmir. Bəs görəsən bunun səbəbi nədir? Doğrudanmı Azərbaycanda istedadlı və intellektual ssenaristlər, rejissorlar və aktryorlar heç yoxdur?
Ümumiyyətlə, seriallar Azərbaycanda ailə və cəmiyyət  modelinə necə təsir edir və bu təsiri müsbət adlandırmaq olarmı? Serial asılılığının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Həmçinin yerli əhalinin xarici seriallara meylli olması Azərbaycan dili üçün təhlükəli hesab oluna bilərmi? Və ən əsası cəmiyyətimizin böyük əksəriyyətinin xüsusən də türk kanallarına baxmasına səbəb  Azərbaycan telekanalları və onların bayağı verlişləri ola bilərmi? Dövlətin bu bayağı, təlxək obrazları ilə dolu olan və heç bir cəlbediciliyə malik olmayan serialları maliyyələşdirməsi doğrudurmu?
Mövzunun aktuallığını nəzərə alaraq, PİA.AZ-ın əməkdaşı serial və film bazarının vəziyyəti və cəmiyyətimizə təsiri ilə bağlı bir neçə sahəni əhatə edən mütəxxəsislərin fikrini öyrənib:
 Image result for elçin əlibəyli

Yerli kanallarımızda peşəkarlığın aşağı olmasının əsas səbəblərindən biri kimi əmək haqqının aşağı olmasını və nəticədə peşəkarların yerini qeyri-peşəkarların tutduğunu bildirən televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylinin fikrincə, Azərbaycan kanalları arasında sağlam rəqabət olmaması yerli tamaşaçıların xarici kanallara maraq göstərməsinə təsir edən amillərdən biridir:
“Azərbaycan televiziyaları istər maddi və texniki,  istərsə də  yaradıcılıq  potensialı baxımından Türkiyə televiziyalarından qat-qat aşağı səviyyədədir. Biz hələ müəyyən mənada  Türkiyə televiziyalarının 90-cı illərdə olan səviyyəsinə  gəlib çıxa bilməmişik. Türkiyə bir zamanlar Almaniya və başqa dövlətlərdən mütəxəssislər dəvət etmək və ya o ölkələrə mütəxəssislər göndərməklə, peşəkar produserlər, xətt prosedurları, menecerlər tapdılar və televiziyanın menecerliyi işini qurdular.
Televiziyada birinci prodüser və menecerlik işi qurulmalıdır. Daha sonra produserlər istedadlı aparıcıları və böyük layihələrə yatırım qoya biləcək şirkətləri tapırlar. Təbii ki, yatırım qoyulacaq layihələr baxımlı olur və telekanalın simasını dəyişir.
Bizdə bu peşəkarlar olmadığına görə ibtidai formada, həvəskar səviyyəsində ali təhsil almayan və peşəkar vərdişləri insanların işlədiyi müəssisələr mövcuddur. Onların aldıqları maaşın da az olduğunu nəzərə alsaq, təbii ki, peşəkar şəxs orada işləməyə razı olmaz. Yəni televiziyada əmək haqqı az olduğu üçün əsasən peşəkar burada işləmirlər. Və peşəkarların olmaması nəticə etibarilə qeyri-peşəkar televiziyanın yaranmasına səbəb olur. Tamaşaçı isə baxmağa maraqlı və zövqlü görüntü axtarır. Ona görə də tamaşaçı Türkiyə kanallarında hansısa böyük layihələr  və ya seriallar olanda seçimlərini o yöndə edir.
Digər tərəfdən, dünyada çox az xalq var ki, eyni dildə danışırlar və ya dilləri bir-birinə çox yaxındır. Tutaq ki, Rusiya ilə Belarusiya oxşar ola bilər. Azərbaycanda da türk dilini çox yaxşı başa düşdüklərinə görə türk kanallarına daha çox baxılır. Əslində bu vəziyyət Azərbaycan kanallarını rəqabətdə uduzdurur. Reytinq cədvəllərinə baxsanız, birincilikdə xarici telekanallar və onlardan çox-çox aşağı səviyyədə Azərbaycan telekanallarının göstəricilərini görəcəksiniz. Bu onun göstəricisidir ki, tamaşaçımız türk dilini bilir və qavrayır.
Məsələn, Gürcüstanda belə problem yoxdur. Çünki gürcü dilində başqa bir dövlət yoxdur və onlar öz telekanallarına baxırlar. Yerli transmilli şirkətlər bu layihələrə də yatırım edir. Gürcüstanda reklamın dəqiqəsi 2 min eurodan başladığı halda Azərbaycanda reklamın 1 dəqiqəsi 600 manatdır. Yəni, reallıq bundan ibarətdir. Transmilli şirkətlər hesablayırlar ki, onsuz da Azərbaycan tamaşaçısı türk kanallarına baxır,  yerli telekanallarda reklam və sponsorluq layihələrində iştirak etmir.
Dövlət tərəfindən seriallara vəsait ayrılmasına gəlincə, serialların çəkilməsinə cəmi iki dəfə vəsait ayrılıb. İstənilən televiziyada birinci başlayan serialların keyfiyyəti aşağı olur. Serial məktəbinin formalaşması üçün peşəkar rejissor, prosuder, menecer, aktyorlar olmalıdır. Peşəkarlar birlikdə  işləyəndə keyfiyyətli serial ortaya çıxa bilər. Lakin peşəkara da yaxşı pul ödəmək lazımdır.
Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Dövlət Televiziyası il ərzində büdcədən 56 milyon manat vəsait əldə edir. Bəs nəyə görə Azərbaycan Dövlət Televiziyası Azərbaycan tarixi və tarixi şəxsiyyətləri ilə bağlı bir dənə serial belə meydana çıxarmayıb?! Qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi gəlir. Misal üçün, Rusiyada inqilabın 100 illiyi ilə bağlı 4 böyük serial çəkildi. Onlardan ikisi Rusiya kanalında, digər ikisi isə Birinci kanalda yayımlandı. Hələ mən NTV-nin layihələrini, sənədli filmləri demirəm.
Mən bədii serialdan danışıram. Ancaq Azərbaycan Dövlət Televiziyası dövlət tərəfindən maliyyələşdiyi halda nə tele-tamaşalar, nə televiziya seriallar və  layihələrə vəsait ayırmır. O cümlədən, İctimai televiziya dövlət tərəfindən kifayət qədər maliyyələşir, amma seriallara vəsait ayırmırlar. Əgər vəsait ayırsaydılar, bu addım rəqabət yarada bilərdi və özəl televiziyaların serialları da rəqabətə dözümlü işlər görməyə çalışardılar.
Bu baxımdan özəl kanalları qınamaq əslində düzgün deyil. Seriallara ayrılan vəsait bir başlanğıc və dəstək idi. Bugünkü serialların keyfiyyəti ilə 5 il öncəki seriallar arasında çox ciddi fərq var. İndi çəkilən seriallar daha baxımlıdır.
Düzünü desək, Azərbaycanda cəmiyyət daha çox lirik, romantik seriallara meyllidir. Tarixi serialların reytinq verib-verməyəcəyi sual altındadır. Ona görə də risk faktoru çoxdur. Dövlət Televiziyası və İctimai Tv-nin isə riski yoxdur. Çünki onsuz da maliyyəni dövlət verir. Məsələn, “Fatehlərin divanı” adlı serial çəkilmişdi. O serial bugün də “Youtube”da var və baxmaq istəyənlər baxır. O dövr üçün çox qəşəng çəkilmiş bir serialdır. Sadəcə tarixi serialların çəkilməsi üçün tarixi maraqlar olmalıdır və tarixçilərin də rolu mütləqdir. Çünki tarixi serialın ərsəyə gəlməsini tarixçilərlə birgə peşəkar ssenaristlər işləməlidir.
Eyni zamanda ssenarist maraqlı yazmalıdır. Baxın, “Möhteşem Yüz Yıl” tarixi serial olsa da, necə maraqlı qarşılandı. Orada elə məqamlar vardı ki, tamaşaçını cəlb edirdi. O cümlədən, ruslar da serial çəkəndə təkcə tarixi-siyasi yöndə qurmurlar və elə məqamlara diqqət çəkirlər ki, tamaşaçı ekran başından ayrılmasın. Buna ssenari fəndləri deyirlər. İstənilən tarixi serialda fəndlər var. Misal üçün, “Cəsur Ürək” serialında məhəbbət də, münaqişə də, döyüşə də var. Əslində isə tarix təbliğ olunur”.
Image result for rüfət əsədov
Yerli kino və seriallarımızın baxımsız olmasının səbəbini qeyri-peşəkarlığın geniş vüsət almasında görən Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü,  aktyor, rejissor Rüfət Əsədova görə, hazırlanmış ssenari və çəkiliş qrupunda peşəkarlıq yoxdursa, kütlə tərəfindən qəbul edilməməsi normaldır:
“Əslində mən özüm televiziyaya çox az baxıram. Çünki vaxtım yoxdur. Hansısa  kanala baxmaq vətəndaşın öz hüququdur. Bu baxımdan  türk,rus və ya ingilis kanalına baxmasında ciddi problem yoxdur.
Biz insanları məcbur edə bilmərik ki,hamı F.Fellininin yaxud A.Tarkovskinin filmlərinə baxsın. Bu, mümkün deyil və əslində heç lazım da deyil. Mən özüm kabel televiziyası ilə Rusiya kanallarında yayımlanan filmlərə baxıram. Xüsusən də bədii və sənədli filmlərə baxmağa üstünlük verirəm. Ona görə yox ki, mən uzun müddət Rusiyada yaşamışam. Sadəcə onların dublyajı məni qane edir. Bizim kanalların dublyajı isə məni əsəbləşdirir. Türk kanallarına ümumiyyətlə baxmıram. İnsanlarımızın xarici kanallara meylli olmasını  bizim kanalların aşağı səviyyəsi ilə əlaqələndirmək olarmı? Yəqin ki, hə. Yaxşı və maraqlı olsaydı, camaat baxardı…
Dövlətin kanalları maliyələşdirməsini isə hamı kimi mən də dəstəkləyirəm və inanıram ki, ölkəmizdə kifayət qədər istedadlı insanlar var. Dahi rejissor A.Hiçkokdan soruşmuşdular ki, “Yaxşı film alınması üçün nə lazımdır?”. Demişdi: “Üç şey!  Ssenari! Ssenari! Ssenari!”.
Mən şəxsən bilmirəm ki, o, ssenariləri kim seçir və təsdiqləyir. Fikrimcə, bir film və ya serialda ən əsas yeri ssenari tutur. Sonra isə rejissor və yaxşı, peşəkar çəkiliş qrupuna ehtiyac var. Bu fikrimlə mən Amerika kəşf eləmirəm. Bu, bütün dünyada qəbul olunmuş sistemdir. Dövlətin heç bir cəlbediciliyə malik olmayan serialları maliyyələşdirməsini doğru hesab etmirəm.  Yuxarıda qeyd etdiyim kimi, peşəkar ssenari, rejissor və çəkiliş qrupu olmasa, tamaşaçılar yerli seriallara baxmayacaqlar”.
Image result for fərqanə mehmanqızı
Serial aludəçisi olan insanların özlərini cəmiyyətdən təcrid etdiyini və xəyallarla yaşadığını qeyd edən “Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, seriallarda təbliğ olunan bir sıra amillər mənəvi dəyərlərin korlanmasına və sıradan çıxmasına şərait yaradır:
“Fikrimcə, bu məsələ günümüzün aktual yox, qlobal problemlərindən biridir. Çünki bu gün seriallar cəmiyyətimizdə çox sahəni əhatə edir. Demək olar ki, insanların həyatında hər sahədə öz təsirlərini göstərir. Xüsusilə də insan  psixologiyasında serialların təsiri özünü daha çox biruzə verir.
Seriallara baxan qadınlar ilk növbədə, obrazlaşdırılmış xarici görünüşlərə diqqət edirlər. Seriallardakı obrazlar sanki gündə bir geyimdə olurlar, hər zaman baxımlı və heç bir xırda məişət problemləri ilə məşğul olmurlar  və tam sərbəstdirlər. Belə ki, istədikləri vaxt evə gəlirlər və evdən gedirlər. Həmçinin hansı yolla olursa olsun, istədiklərinə nail olurlar. Təbii ki, bu cür görüntülərin yaratdığı təsirlər məişət işləri ilə məşğul olan qadınların asanlıqla depresiyaya düşməsinə səbəb olur. Onlar öz həyatlarını serialdakı insanların həyatı ilə müqayisə etməyə başlayırlar. Halbuki onlar anlaya bilmirlər ki, film və seriallar marketinq proqramıdır. Yəni, pul qazanmağın bir yoludur.
Həmçinin serial bir deyil, bir neçə insanın beyninin məhsuludur. Onlar beyinlərinin məhsullarından istifadə edərək həyatlarının maddi tərəfini təmin edirlər. Bunu anlamayan şəxslər serial baxdıqları zaman həyəcan və ya gərginlik yaşayırlar, növbəti bölümlərdə nələrin olacağını düşünərək real həyatdan qopurlar. Onlar öncəliklə ailə üzvlərinə qarşı soyuq olurlar, öz həyatlarından həzz almamağa meylli olurlar və serialdakı obrazın xəyalını qururlar. “Kaş onların həyatı məndə olardı”, düşüncəsiylə yaşamağa başlayırlar.
Əlbəttə ki, bu vəziyyət aqressiv depressiyanın yaranmasına şərait yaradır. Belə insanlar ətrafı və cəmiyyətə qarşı aqressiv davranır. Eyni zamanda həddindən artıq ideallığa meylli və mövcud vəziyyətlərində hər şeydən şikayətçi olurlar.
Serial asılılığı olan insanların mənəviyyatlarında da müəyyən problemlər yaranır. Onlar baş verən xoş hadisələr kimi pis hadisələri də faciə şəkilində yaşayır və öz “mən”lərindən çox uzaq düşürlər. Serial aludəçisi olan qadınlarda ən çox rast gəlinən hallardan biri də öz uşaqlarına qarşı aqressiv olmaları və onların tərbiyəsi ilə düzgün məşğul olmamaqlarıdır. Belə ki, fikri serialda olan qadın uşaqlarla maraqlanmadığı kimi ev işlərinin görülməsini də təxirə salırlar.
Müasir dövrdə çəkilən seriallarda daha çox narahat edən amillərdən biri odur ki, serialın  sonunda kiminsə kiminləsə sevgili və ya övladı olması üzə çıxır. Yəni, ortaya çox qəribə və qarışıq münasibətlər çıxır. Təbliğ olunan bu hal cəmiyyətdə qarışıq münasibətlərin adi hal kimi qəbul edilməsinə zəmin yaradır və insanlar  azadlığı məhz bu cür qəbul edirlər. Əsl cəmiyyət bir kənarda qalır və insanlar məhz serialda gördükləri həyatı özlərinə örnək götürürlər. Bu isə nəticədə cəmiyyətin seriallardakı kimi formalaşmasına səbəb olur.
Serialların ailə və cəmiyyət modelinə təsirinə gəlincə, serialların mənfi təsirləri daha çoxdur. Bu gün statistikalara baxsaq, boşanmaların sayının artdığını görə bilərik. Boşanmaların artmasına bir səbəb də məhz serialların təsiridir. Çünki seriallarda boşanma və ayrılığın adi hal olduğunu görən insanlar öz həyatlarında da bu vəziyyəti adi qəbul etməyə başlayırlar. Bu isə ailə modelinin zədələnməsinə və insani  dəyərlərdə çatların yaranmasına yol açır.
Onu da qeyd edim ki, bizim cəmiyyətdə orta xətt yoxdur. İnsanlar hər şeyi ya birdəfəlik silirlər, ya da hər şeyin mükəmməl səviyyədə olmasını isəyirlər. Bu isə şəxslərin psixologiyasında və münasibətlərində ciddi problemlər yaradır. Problemlərdən dolayı yaşanan xroniki depressiya isə sonda insanın şəxsiyyəti və xarakterini dəyişdirir”.
Image result for rüstəm kamal
Cəmiyyətimizdə Türkiyə türkçəsinin geniş yayılmasını müsbət hal kimi dəyərləndirən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, filologiya elmləri doktoru Rüstəm Kamal mövzu ilə bağlı qeyd edib ki, danışıq dilinin qorunması çətin olsa da, ədəbi dili qorumaq hər birimizin borcu olmalıdır:
“Dil elə bir formalaşmış sistemdir ki, istənilən dildən istədiyi sözü götürür və özündə yaşadır. Hətta lazım olmayanda o sözlərdən imtina edir. Vaxtilə rus, ərəb və fars sözlərindən daha çox istifadə edirdik, hətta köməkçi nitq hissələrində də bu sözlərdən işlədirdik. Halbuki bu addım dil üçün çox ziyanlıdır. Əslində mən o sözləri dilimiz üçün virus adlandırardım.
Bizim ədəbi dilimizdə də  Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavid və digərləri Türkiyə türkçəsindən istifadə ediblər. Əslində Türkiyə türkçəsindən dilimizə gələn sözlərin çoxu öz dilimizindir, sadəcə biz onları unutmuşuq. Digər tərəfdən, təsir altına düşməmək üçün yerli cizgi filmləri, seriallar, bədii filmlərin inkişafına ehtiyac var. Çünki insan güclü olan hər şeydən təsirlənir. Onu da qeyd edim ki, dövlət nüfuzlu olanda onun  dili də nüfuzlu olur. Hər halda Türkiyə türkçəsi dünyada nüfuza sahibdir.
Hesab edirəm ki, bir çox sözlərin bizim dilimizdə yer almasının ziyanı yoxdur. Məsələn, dilimizə “olaylar” sözü gəlib, müraciət formaları mənimsəmişik və biz onları  artıq qəbul etmişik. Bunun nəyi pisdir?!
Bizim dilimizdə müraciət formaları yoxdur. Hamıya “müəllim” deyə müraciət edirik. Prezident də, dərs keçən müəllimə də, bazarda balıq satana da “müəllim” kimi müraciət olunur. Türkiyə türkçəsinin bizim dil məkanımıza aktiv daxil olması nəticəsində biz müraciət modellərimizi müəyyən mənada səhmana salmışıq. Eyni zamanda nəvaziş formaları yaranıb. Bizdə nitq və etiket qaydaları yerinə deyildi və Türkiyə türkçəsinin təsiri altında formalaşdı. Bunu açıq etiraf lazımdır.
Biz Türkiyə ilə eyni kökdən gələn millətik və aramızda olan iqtisadi, siyasi, mədəni anlaşmalar istər-istəməz dilimizə öz möhürünü vurur. O cümlədən, bizdəki bəzi terminlərə uyğun Türkiyə türkçəsində çox maraqlı sözlər var. Mən istərdim ki, o sözlərdən bizim dilimizdə də istifadə olunsun və gələcək nəsillərimizin ortaq anlaşma məqamı yaratsın. Yəni, söz ayrı-seçkiliyi yarandıqca bu iki xalq bir-birindən uzaq düşəcək.
Türkiyədə yaxşı neologizmlər yaranıbsa, biz niyə onu rus dilindən götürməliyik? Yaxşı olar ki, biz o sözləri elə türklərdən götürək. Türkiyə türkçəsindən öyrəniləsi çox amillər var. Lakin bununla yanaşı, öz dilimizi də müdafiə etməyi bacarmalıyıq.
Dilimizi bərbad formaya salan əsasən aparıcılar olur. Aidiyyatı qurumlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Məsələn, aparıcılarımız efirdə rus sözlərindən istifadə edirlər. Türkiyə türkçəsindən istifadə edən insanlardan yox, “anavızı”, “atavızı” kimi sözlər işlədən insanlardan qorxmaq lazımdır. Təkrar qeyd edirəm ki. doğma dilimizi qorumaq lazımdır. Dilə yeni sözlər əlavə oluna bilər, amma dili birmənalı şəkildə qapalı saxlamaq mümkün deyil. Çünki dil canlıdır. Təəssüf ki, lüğəti zəngin olmayan  bəzi aparıcılarımız dilimizdə fərqli “ləhcələr”dən istifadə edirlər.  İlk növbədə, biz ədəbi dili qorumalıyıq. Danışıq dilini isə qorumaq bir qədər çətindir. Ədəbi dili qorumaq ziyalıların, millətin və  dövlətin borcudur. İndiki vəziyyətdə doğma dilimiz sahibsiz qalıb”.