Tribuna İnformasiya Agentliyi

Serbiya prezidentindən son xəbərdarlıq

04 Dekabr

Kosovo hakimiyyətinin Serbiya mallarına tətbiq olunan 100 faizlik vergi rüsumlarının ləğvindən imtina etməsi, habelə 14 dekabrı Kosovo ordusunun formalaşması tarixi kimi elan etməsi və digər belə addımlar faciəyə doğru aparır.

Oxu.Az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

“ABŞ-ın Priştinadakı yeni səfiri Kosnet bu gün bəyan etdi ki, dünyada ABŞ və Kosovo kimi yaxın münasibətlərə malik iki ölkə yoxdur. Onda sizə aydındır ki, necə çətin vəziyyətdəyik. Amerika onlar üçün həm ata, həm anadır. Biz serblər isə beynəlxalq hüquqa, regional anlaşmalara hörmətimizlə yetərincə yaxşı deyilik”, – deyə o vurğulayıb.

Vuçiç qeyd edib ki, Priştinada kimlərsə ordunu Kosovonun şimalına göndərmək qərarına gəldiyi gün ciddi problem yarana bilər. Onun sözlərinə görə, Belqrad məsələ ilə bağlı ilk növbədə Rusiya və Çinlə müzakirələr aparacaq. Vuçiç ABŞ rəsmiləri ilə də danışıqların aparılacağını istisna etməyib.