Separatçılar sülhməramlılara qarşı təxribat hazırlayır – Babayan anons verdibackend

Separatçılar sülhməramlılara qarşı təxribat hazırlayır – Babayan anons verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarabağdakı separatçılar Rusiya sülhməramlılarına qarşı təxribat hazırlayır.
TİA.AZ-ın verdiyi xəbərə görə, separatçıların Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanına atəş açılması faktına münasibəti belə düşünməyə əsas verir.
Qondarma rejimin “xarici işlər naziri” David Babayan baş vermiş olay barədə danışarkən Azərbaycanı ittiham edib. Onun iddiasına görə, avtomobil karvanını qanunsuz erməni silahlı dəstələri deyil, Azərbaycan hərbçiləri atəşə tutub. O daha sonra bu absurd iddiadan çıxış edərək Azərbaycanın bölgəyə yerləşdirilən Rusiya sülhməramlılarına qarşı təxribat hazırladığını bildirib.
Qeyd edək ki, Suqovuşandan Kəlbəcərə gedən avtomobil karvanının separatçılar tərəfindən atəşə tutulduğunu erməni mediası da yazır. Özü də baş vermiş terror aktına haqq qazadırmaqla. Nümunə kimi “Armenian Report” xəbər agentliyinin əməkdaşı Razmik Akopcanyan “Onlar başqa dildə başa düşmürlər” başlıqlı yazısını göstərmək olar. Akopcanyan məqaləsində bundan sonrakı mərhələdə nəinki Qarabağda, hətta Ermənistanın Azərbaycanla sərhəddində də hərbçilərimizə silah çəkməyi, onları “yerində oturtmağı” təbliğ edib. O qeyd edib ki, guya müharibədən sonra vəziyyət Ermənistanın xeyrinədir. Akopcanyan fikrini belə əsaslandırıb ki, Azərbaycanın əsas müttəfiqləri olan Türkiyə, Pakistan və İsrailin başı öz problemlərinə qarışıb:
“Türkiyə Rusiya ilə münaqişəli vəziyyətdədir. Çavuşoğlunun son bəyanatı da təsdiq edir ki, Ankara Kremllə anlaşa bilməyib. Pakistanın Hindistanla problemi çoxdan var, onun indi Azərbaycana yardım etmək imkanı belə yoxdur. İsrail isə müharibə yenidən başlayarsa, Bakıya yardım etməyəcək. O, bölgədə Azərbaycanı İranla üz-üzə qoymaq fikrindədir. Ona görə də, gəlinən ilkin nəticə budur ki, hər şey Ermənistanın xeyrinədir. Və Azərbaycana sərt cavab verilməlidir”.
Göründüyü kimi David Babayandan fərqli olaraq erməni mediası olayı fəxrlə separatçıların aktivinə yazır.
Babayanın buna rəğmən hadisəni Azərbaycanın üzərinə atması Rusiya sülhməramlılarına qarşı törədiləcək təxribatın müəllifi kimi Bakını təqdim etmək cəhdindən xəbər verir. Babayanın qəfildən bu iddiada bulunması separatçıların təxribat planının hazır olduğuna şübhələri artırır. Yeri gəlmişkən, 44 günlük savaş bitəndən sonra separatçılar bölgədə çoxsaylı təxribatlar törədiblər. Hər dəfəsində isə Azərbaycan hərbçilərinin layiqli cavablarını alıblar. Görünür, indi onlar hərbçilərimizlə Rusiya sülhməramlılarını üz-üzə qoymağa çalışır.