Şəkinin bu kəndi qaza HƏSRƏTDİR: İcra başçısı sakinləri niyə CƏZALANDIRIR?backend

Şəkinin bu kəndi qaza HƏSRƏTDİR: İcra başçısı sakinləri niyə CƏZALANDIRIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” mavi yanacaq çəkilişinin mərhələli şəkildə həyata keçirildiyini deyir. Amma hələ də qaza həsrət qalan xeyli kənd var.

Şəki rayonunun Aşağı Layısqı kəndinin dörd tərəfindəki kəndlərə qaz çəkilsə də, bu kəndin sakinləri hələ də odun sobalarından (yanacaq kimi) istifadə edir. Sakinlər bu qışı da qazsız keçirmələrindən şikayətçidirlər. Rəsmi qurumlar isə problemi diqqətdə saxladıqlarını əsas gətirirlər.

Bizim.Media-ya məsələ ilə bağlı şikayətlənən kənd sakinləri dəfələrlə Şəki Rayon İcra Hakimiyyətinə, “Azəriqaz”a, hətta Heydər Əliyev Fonduna müraciət etdiklərini deyiblər.

Şəki icra başçısı isə 2 dəfə sözügedən kəndə qaz çəkiləcəyi ilə bağlı sakinlərə söz verib. Amma məsələ indiyədək həllini tapmır.

Sakinlərin sözlərinə görə, hava soyuyan kimi odun yandırmağa məcbur olurlar. Çünki kənddə elektrik enerjisinin yüklənməsi həm işıqları zəiflədir, həm də kənd evlərində elektrik qızdırıcıları ilə tam istilik əldə etmək mümkün deyil, digər təfədən isə külli məsrəf yaranır. Odun tədarükü görmək isə kənd sakinləri üçün əlavə problemə çevrilir.

Mavi yanacağın kəndə çox yaxın ərazidən keçməsi, dörd bir tərəfini əhatə etməsi, əlverişli relyefə malik olmasına və xəttin ora rahatlıqla çəkilməsi imkanına baxmayaraq məsələnin yubadılması sakinləri ciddi narahat etməyə başlayıb. Hətta kəndə qazın verilməməsi ilə bağlı maraqlı iddialar da ortaya çıxıb.

Söyləntilərə görə Şəki icra başçısı məhz “Aşağı Layısqı” kəndinə qazın çəkilməsini bilərəkdən yubadır. Bir növ kənd sakinlərini onun istəyinə uyğun hərəkət etmədiklərinə görə cəzalandırır.

Belə ki, ötən il baş tutan parlament seçkilərində icra başçısı kənd sakinlərini hazırda Milli Məclisin deputatı olan Əli Mənsimliyə səs vermələrini təhrik edib.

Sakinlər isə əksinə öz yerliləri olan başqa bir namizədə səs veriblər. Beləliklə icra başçısı ilə kənd sakinləri arasında gərginlik daha da artıb və indi də davam edir.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev məsələ ilə bağlı Bizim.Media-ya bildirib ki, kəndlərə qaz çəkilişi mərhələləi şəkildə həyata keçirilir. Sözügedən kəndlə bağlı da məsələ “Azəriqaz”ın gündəliyindədir:

“Kəndin dörd tərəfində qaz varsa, demək ki, bu kənd digərləri ilə müqayisədə mavi yanacağa bir addım daha yaxındır.

Amma o proses “Azəriqaz”ın daxili vəsaiti hesabına başa gələrək, mərhələli şəkildə davam etdirilir. Növbəti mərhlədə, yəni 2023-cü ildə həmin kəndin qazlaşması qüvvədə olacaq. Yəni hər şey mərhələli şəkildə olur.

Ən soyuq, relyefi çox çətin olan kəndlərin qazlaşması prosesinə daha çox önəm verilir.

Vətəndaşlar bir qədər səbirli olsunlar. Bu kəndin də qazlaşdırılması təbii ki, “Azəriqaz”ın gündəliyindədir”.

Xatırladaq ki, rəsmi məlumata görə, regionlarda yaşayış məntəqələrinə qaz verilişi 90 faizi ötüb. Ötən il qazlaşdırılma işlərinin həyata keçirilməsi üçün 130 milyon manat ayrılıb. Lakin qaz problemi ilə bağlı şikayətlər də günbəgün artır.