Şəhidlərin əziz xatirəsinə hərs olunmuş sinif otaqları yaradılırbackend

Şəhidlərin əziz xatirəsinə hərs olunmuş sinif otaqları yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına döyüşərək şəhadətə yüksələn şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir çox işlər görülür, tədbirlər həyata keçirilir. Azərbaycanın çağdaş tarixinə şanlı səhifə yazan şəhidlərimizi məktəblilərin daha yaxşı tanıması, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində məktəblərdə adlarına sinif otaqları açılır.

16 aprel 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə həmin məktəbin məzunu olmuş Vətən müharibəsi şəhidi Hüseynov Nicat Ziyafət oğlunun xatirəsinə həsr olunmuş sinif otağının açılışı oldu.

Sinif otağının açılışında Şəhər İcra Hakimiyyəti başçısının müavinin Aynur Fərzəliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev və böyük məsləhətçisi Sənan Qafarov, şəhid Hüseynov Nicatın anası Zümrüd xanım və digər şəhid anaları, qazilər, məktəbin pedaqoji heyəti iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək 2020-ci il 27 sentyabrda düşmən təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan ordusunun rəşadəti sayəsində 44 gün ərzində tarixi torpaqlarımızın azad edilməsindən, Böyük Zəfərin qazanılmasında igidlərimizin göstərdiyi qəhrəmanlıqdan danışdı, torpaqlarımızın azadlığı, ölkəmizin işıqlı gələcəyi naminə igidlik göstərərək gənc yaşlarında şəhidlik zirvəsinə yüksələn şücaətli oğullarımızın xatirəsinin daim əziz tutulacağını, Azərbaycan xalqı var olduqca qəhrəman şəhidlərimizin də yaşayacağını, hec vaxt unudulmayacağını söylədi. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi.

Sonra Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, 16 saylı məktəbin adını daşıyan I Qarabağ müharibəsi şəhidi Bəhruz Aslabovun atası Misil Aslanov, məktəbin direktoru Elmira Ələsgərova və tarix müəllimi Həmayıl Mehdiyeva şəhidlərin tarixi zəfər yolundan söz açaraq Vətən müharibəsi zamanı bütün dünyanın Azərbaycan xalqının birliyinin, vətənpərvərlik əzminin, əsgər və zabitlərimizin şücaətinin, ordumuzun gücünün, qüdrətinin bir daha nümayiş etdirildiyindən danışdı, bu qələbəni bizlərə yaşadan mərd oğullarımızla hər bir azərbaycanlının qürur duyduğunu söylədi, şəhid ailələrinin daim ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatələndiyindən bəhs etdilər.

Tədbir şəhidin fotoşəkillərinin əks olunduğu videoçarxla və məktəbin şagirdləri tərəfindən bədii şeir kompazisiyaları ilə davam etdirildi.

Tədbir iştirakçıları şəhidin adını daşıyan sinif otağında Nicatla bağlı xoş xatirələrini bölüşdülər, onu zarafatcıl, gülərüz, xeyirxah, böyük ürəyə sahib biri kimi yaddaşlarda qaldığını söylədilər. Şirvan qaziləri şəhid Nicatın qəhrəmanlıqlarından, şərəfli döyüş yolundan danışdılar.

Şəhid Hüseynov Nicat Ziyafət oğlu Ali Baş Komandan, Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, ”Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanında bütün şəhidləri ziyarət etdilər, məzarlarına qərənfillər qoydular, ruhlarına dualar oxudular.

Allah bütün şəhidlərimizə rəhmət etsin.