Şəhid jurnalistlərin xatirəsi anılır (VİDEO)backend

Şəhid jurnalistlərin xatirəsi anılır (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan media işçilərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilir.
TİA.AZ xəbər verir ki, mərasim Şəhidlər xiyabanı ilə Azərbaycan Televiziyasının (AzTV) yaxınlığında keçirilir.
Mərasimdə mətbuat nümayəndələri, ölkənin tanınmış şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasim iştirakçıları şəhid olan media işçilərinin vəfatı ilə əlaqədar qoyulmuş xatirə guşəsinin qarşısına gül dəstələri düzürlər.
Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.