Səhhəti pisləşən ömürlük məhbusun anası imdad diləyir – Unudulan “Qarabağ partizanı”backend

Səhhəti pisləşən ömürlük məhbusun anası imdad diləyir – Unudulan “Qarabağ partizanı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha çox “Qarabağ partizanı” adı ilə tanınan, ömürlük məhbus Məmməd Məmmədovun vəziyyəti yaxşı deyil. Ailənin yeganə övladı olan, Qobustan qapalı həbsxanasında cəza çəkən məhbusun səhhətində müəyyən problemlər yaranıb.

Eyni zamanda onun anası Təranə Məmmədovanın da vəziyyəti çox ağır, acınacaqlıdır. Belə ki, ağır xəstə olan Təranə xanıma baxan yoxdur. Günü-gündən vəziyyəti ağırlaşan ana oğlunun azadlığa buraxılması üçün imdad diləyir.

Xatırladaq ki, M.Məmmədov Qarabağ Azadlıq Təşkilatının üzvü olub. Qurumun rəhbəri Akif Nağı “Yeni Müsavat”a dedi ki, Məmməd Məmmədov 18 ildən çoxdur ki, həbsdədir: “O vaxt hadisənin necə törədildiyinin, nədən baş verdiyinin üzərinə getmək istəmirəm. Məmməd həbs olunanda cəmi 20 yaşı var idi. Onunla bərabər həbs edilənlərdən heç biri ömürlük cəza almadı. Tək Məmmədə bu cəzanı verdilər. Qəribədir ki, dəstənin rəhbəri 10 il cəza aldı və sonradan Ali Məhkəmə cəzanı 9 ilə endirdi. Qalanları da az cəzalar almışdılar. İndi onların hamısı azadlıqdadır. Bəs bu cavan oğlan niyə orada qalıb? Nə üçün bu qədər unudulub? Məsələyə nə üçün bu şəkildə yanaşırlar? Adamın ürəyindən keçirdi ki, Qarabağa getsin, torpaqlarımızın azad olunmasına çalışsın. O vaxt cəmiyyət bu səbəbdən məhz onları ”Qarabağ partizanları” kimi tanıdı. Onlar 2003-cü ildə cəbhə xəttini keçib Qarabağda partizan hərəkatına başlamaq istəyirdilər. Bütün bunlar məhkəmədə sübut olunub. Məhkəmənin 300 səhifəlik ittiham aktı var idi. Onların başqa niyyətləri olmayıb. Bunların separatçılara qarşı partizan müharibəsi aparmaqdan başqa niyyətləri olmayıb. Məmmədin bircə anası var. O, kiminlə görüşürsə, hər kəs eyni sözü deyir, yəni Məmmədin bu qədər cəza almasını, həbsdə saxlanılmasını haqsız hesab edirlər. Ömürlük cəza almasına səbəb olan ortada bir ağır cinayət də yoxdur. Bir nəfər polis əməkdaşı həlak olmuşdu, Allah rəhmət eləsin. Amma onun Məmmədin silahından həlak olduğu sübut olunmadı. Çünki onlar saxlanılarkən tək atəş açan Məmməd olmayıb. Ola bilər ki, cavan olub, ağlı kəsməyib, geriyə atəş açıb. Bunu məqsədli şəkildə etməyib ki. Buna görə ömürlük cəza vermək olmaz axı. Ömürlük Məhbusların Müdafiə Komitəsinin sədri kimi ən müxtəlif adamlarla dəfələrlə görüşlərim olub. Hətta bir neçə il əvvəl Bakı Apelyasiya Məhkəməsinin sədri olan İman Nağıyevlə görüşüm oldu. Məmmədin işi onun stolunun üstündə idi.

O dedi ki, dünəndən bu işi vərəqləyirəm, Məmmədin əməlində heç bir ömürlük cəza veriləcək hal yoxdur. Hər tərəfdən deyilir ki, bu cəzaya əsas yoxdur, amma xeyri yoxdur. Dəfələrlə Əfv Komissiyası ömürlüklərin cəzasının illə əvəzlənməsi təklifi ilə çıxış edib, amma əməl edən olmayıb. Azərbaycanın Ali Baş Komandanı, ordusu böyük zəfər əldə edib. Bu gənc də ermənilərə qarşı nifrəti ilə tanınıb. İndi zəfərimizin birinci ildönümü ərəfəsindəyik. Hesab edirəm ki, bu, nəzərə alınmalıdır, Məmməd əfvə düşməlidir. Ölkə başçısı tərəfindən bu gəncə yönəlik humanist addımın atılması çox yaxşı olardı. Məmmədin anası xəstədir, baxanı yoxdur. Bütün bunlar nəzərə alınmalıdır. Sonda onu da deyim ki, Məmmədin məhkəmə prosesləri keçmiş MTN naziri Eldar Mahmudovun vəzifəyə gəldiyi ilk illərə düşüb. Onun nazir olduğu dönəmdə isə təhlükəsizlik qurumumuzda necə bir durumun yarandığının 6 il öncə hər kəs şahidi oldu. Məncə, aidiyyəti qurumlar bu nüansı da nəzərə almalıdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bir çox ömürlüklərin cəzalarının illə əvəzlənməsini vacib sayır: “Biz ömürlüklərin hamısını siyahımıza salmışıq. Oradan, sadəcə, millətə zərər verə biləcək insanları çıxarmışıq. 15 ildən çox həbsdə olanların hamısı azad edilməlidir. Milli Məclis qanunu dəyişməlidir. Birinci Qarabağ müharibəsində iştirak edib, sonradan müxtəlif cinayətlərlə ömürlük cəza alanlar var”.

Məmməd Məmmədovun vəkili Əsabəli Mustafayev bildirdi ki, bu iş birinci instansiya məhkəməsində ətraflı araşdırılmadan, sübutlara obyektiv qiymət verilmədən ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarılıb: “Məhkəmə hökmünə görə, Məmməd Məmmədov ümumi təhlükəli üsulla iki və daha çox adamı öldürməkdə, digər ağır cinayətlərdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Məhkəmə bu hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi dəlillərə istinad edib. Halbuki bu sübutların böyük qisminin mötəbərliyinə ciddi şübhələr var.

Məmməd Məmmədovun və onunla birgə həbs olunmuş şəxslərin məhkum edildiyi maddələrdən biri də Cinayət Məcəlləsinin 279.1-ci maddəsidir. Onun təqsirləndirilməsinə dair cinayət işi ayrılaraq istintaqı davam etdirilib və onun mühakiməsi ayrıca keçirilib. 31 avqust 2005-ci ildə Ali Məhkəmə dəstənin qalan üzvlərinin kasasiya şikayətinə baxaraq, onların ittiham olunduğu maddələr sırasından 279.1-ci maddə üzrə icraata xitam verib. İndi belə çıxır ki, Məmməd Məmmədov həmin silahlı dəstənin həm rəhbəri, həm də tək üzvü olub, bu da cinayət normasının dispozisiyasına ziddir. Çünki bir nəfərdən ibarət silahlı birləşmə və ya qrup mümkün deyil. Kollegiya bu məsələni də araşdırıb, hüquqi qiymət verməlidir.

Məmməd Məmmədov həmçinin xidməti vəzifəsini yerinə yetirən şəxsi öldürmək ittihamı ilə məhkum olunub. Halbuki iş materiallarından görünür ki, həlak olan Şamil Məmmədov polis qismində Lənkəranda çalışırdı və hadisə yerində təsadüf nəticəsində olub. Qanuna görə, təqsirkar xidməti vəzifəsini yerinə yetirən şəxsi qətlə yetirmək istədiyini dərk etməli və bunu arzu etməli idi. Birinci instansiya məhkəməsi belə bir motivin, istəyin olub-olmadığını da araşdırmayıb.

Məhkəmə Məmməd Məmmədovu ümumi təhlükəli üsulla adam öldürməkdə ittiham edərkən onun parkda atəş açmasını əsas kimi göstərib. Amma parkda əməliyyat keçirən MTN əməkdaşları və orada olan digərlərinin həyatına təhlükənin yaranma səbəbləri araşdırılmayıb. Məmməd Məmmədovu təqib edən avtomaşına müxtəlif kalibirli 2 güllə dəyib və onlardan biri əməliyyatçılar tərəfindən öz həmkarlarına atılmış güllədir. Bu da deməyə əsas verir ki, əməliyyatçıların Məmməd Məmmədova atdığı güllələrdən biri təsadüfən həmin ərazidə olan mərhum Şamil Məmmədova da dəyə bilərdi. Çünki həmin an Şamil Məmmədov əməliyyatçılar tərəfindən təqib olunan və arxasınca güllə atılan Məmməd Məmmədovun qarşısında olub. Mərhumun məhz Məmmədov tərəfindən vurulduğunu əməliyyatda iştirak edən əməkdaşlar iddia edirlər. Onların ifadəsinə və ekspertizanın rəylərinə şübhə yaradan ciddi məqamlar var.

İstintaqın ilk günlərində şahid qismində dindirilənlər arasında Seyidov Şirzad, Məmmədov Tahir, Nəbiyev Qadir adlı mülki şəxslər olub. Onlar hadisə zamanı yaranmış vəziyyəti əməliyyatçılardan fərqli təsvir ediblər. Lakin bu şahidlər naməlum səbəblərdən məhkəmədə dindirilməyib. Halbuki onları ifadələri hadisənin başvermə şəraitini daha dəqiq müəyyən etməyə imkan verər”.

Xatırladaq ki, M.Məmmədov 2003-cü ildə Rövşən Bədəlovun başçılıq etdiyi gənclər qrupunun o zaman işğalda olan Qarabağ ərazisində təcavüzkarlara qarşı partizan müharibəsi aparmaq üçün silahlı qrup yaratdığını öyrənib. May və iyun ayında o, bu şəxslərlə əlaqəni bərpa edərək, bu qrupun tərkibinə daxil olub. Sonralar bu qrup mətbuatda “Qarabağ partizanları” adı ilə tanınıb.

Maraqlı məqam odur ki, indiyə qədər həbs olunan dəstə üzvlərinin hamısı azadlığa buraxılıb. Təkcə 20 yaşlı Məmməd Məmmədovdan başqa…