Səfirlərin arvadlarına maaş istəməsi utancvericidir – Tural Abbaslıbackend

Səfirlərin arvadlarına maaş istəməsi utancvericidir – Tural Abbaslı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin xaricdəki diplomatik nümayəndəliklərində işləyən diplomatlarla bağlı yeni təklif verib.
“Xarici İşlər Nazirliyi xaricdəki diplomatik nümayəndəliklərdə işləyən diplomatlarla bağlı bizə müraciət ediblər. Təklif edirlər ki, səfirlərin, diplomatların həyat yoldaşlarına da maaş təyin olunsun”, – deyə maliyyə naziri Samir Şərifov bildirib.
Məsələ ilə bağlı Bakupost.az -a danışan Ağ Partiyanın sədri Tural Abbaslı vurğulayıb ki, əgər kiminsə həyat yoldaşına maaş veriləcəksə, bunlar cəbhə xəttində fəaliyyət göstərən zabitlərin həyat yoldaşları olmalıdır:
“Səfirliklər, konsulluqlar təmsil olunduğu ölkədə daim öz ölkəsinin maraqlarını təmin etməyə çalışamalı olan bir qurumdur. Bizə dost olmayan ölkələrdə belə səfirliklərimiz fəaliyyət göstərir. Onlar orada Azərbaycanın marağını, dəyərlərini, obrazını, kimliyini müdafiə edən bir orqandır.
Amma təəssüf ki, bu təklifi verən adamlar bizim diplomatik korpusda fəaliyyət göstərir. Siz bir müharibənin ortasındasınız, necə öz rahatlığınız, əlavə firavanlığınızı düşünə bilərsiniz? Heç kimə sirr deyil ki, Azərbaycan səfirləri dünyanın harasında olursa-olsunlar çox yüksək səviyyədə yaşayırlar. Yəni kasıblıq, yoxsulluq çəkmirlər”.
Tural Abbaslı qeyd edib ki, əgər buna biznes kimi baxırlarsa, aldıqları məvacibdən daha çox məvacib təklif olunsa, oradakı fəaliyyətlərini, postlarını təhvil verəcəklər:
“Bu gün həyat yoldaşına əlavə maaş istəyirlərsə, sabah oğluna, biri gün atasına da maaş verin deyəcəklər. Bu savaş ruhuna, diplomatik danışıqlara uyğun deyil. Ən azından bunu təklif edənlər Topçubaşovdan utanmalıdır. Topçubaşov Azərbaycanın müstəqilliyini tanıtmağa çalışdığı Paris Sülh Konfransında xaricdə qaldığı müddətdə heç bir maaş istəmirdi. Sadəcə xahiş edir ki, heç olmasa qaldığım otelin pulunu ödəyin, işimi görüm. Topçubaşovun “davamçıları” bu gün deyirlər ki, bizim yoldaşlarımıza da maaş verin. Bu utancverici təklifdir. Digər tərəfdən, əgər kiminsə həyat yoldaşına maaş veriləcəksə, bu maaşlar ilk öncə cəbhə xəttində fəaliyyət göstərən zabitlərin həyat yoldaşlarına verilməlidir. İllərlə zabitlərimiz ailə-uşaqları ilə rayon-rayon gəzir, ev, yuva qura bilmirlər.
Pandemiya şəraitində bu təklifi hazırlayanları qınayıram. Sabah deyəcəklər, boşanmış səfirlərin həyat yoldaşlarına alimenti də dövlət versin. Bu Azərbaycanın qalib, vətənpərvərlik, fədakarlıq əhval-ruhiyəsinə qətiyyən uyğun gəlməyən bir təklifdir”.