backend

Səfirimizin yeni vəzifəyə namizədliyinin təqdimatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı olub. 

Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı olub.

TİA.AZ Azərtac-a istinadla xəbər verir ki, tədbirdə YUNESKO yanında akkreditə olunmuş daimi nümayəndəliklərin, müşahidə missiyalarının rəhbərləri, üzvləri, bir çox mədəniyyət adamları və ictimai xadimlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin Azərbaycanın namizədi ilə görüşməyə imkan yaratdığını, P.Bülbüloğlunun təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə tanındığını diqqətə çatdırıb. O, zəngin təcrübəyə malik Polad Bülbüloğlunun bu vəzifəyə tam uyğun olduğunu və baş direktor seçiləcəyi təqdirdə YUNESKO-nun daha da inkişafına töhfə verəcəyini vurğulayıb.

Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov ölkəmizin qədim İpək Yolu üzərində, sivilizasiyaların qovuşuğunda yerləşən, müxtəlif dinlərin və xalqların nümayəndələrinin birgə mehriban şəraitdə yaşadığı məkan olduğunu diqqətə çatdırıb.
 

O, ölkəmizdəki multikulturalizm, mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərindən söz açaraq, onların YUNESKO dəyərləri ilə üst-üstə düşdüyünü və buna görə də ölkəmizin bu vəzifəyə namizədliyinin tam uyğun olduğunu bildirib. Səfir Azərbaycanın bu sahələrdə əldə etdiyi nailiyyətlərin arxasında müdrik siyasətin dayandığını vurğulayıb. O, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, təklif və tövsiyələri əsasında “Bakı prosesi”nin əsasının qoyulduğunu və onun qlobal təşəbbüsə çevrildiyini qeyd edib. “Bakı prosesi”nin əsas məqsədinin müxtəlif mədəniyyətləri, xalqların nümayəndələrini bir araya gətirərək mədəniyyətlərarası dialoqu təşviq etmək olduğunu bildirib. Ölkəmizdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini və YUNESKO-nun bu Forumun tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb.

“Bu il YUNESKO-ya üzvlüyümüzün 25 ili tamam olur. Ölkəmiz çətin vaxtlarında bu beynəlxalq quruma üzv olub. Bu illər ərzində əməkdaşlıq daha da inkişaf edib və dərinləşib. 2013-cü ildə YUNESKO maliyyə sıxıntıları yaşayanda onu dəstəkləyən ölkələr arasında Azərbaycanın da olub. Mədəni irsin qorunub saxlanması istiqamətində də ölkəmiz böyük töhfələr verib”, – deyə səfir bildirib.

Səfir ölkəmizin YUNESKO-ya verdiyi töhfələrdən söz açaraq Azərbaycan namizədinin bu qurumun baş direktoru vəzifəsinə tam uyğun olduğunu bildirib. O, Polad Bülbüloğlunun karyerası haqqında geniş məlumat verib, Azərbaycanın çətin günlərində onun mədəniyyət naziri kimi vəzifəni müvəffəqiyyətlə icra etdiyini, həmçinin diplomatiya sahəsində zəngin təcrübəsinin olduğunu vurğulayıb.

Sonra YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu çıxış edib. O, baş direktor seçiləcəyi təqdirdə zəngin təcrübəsini onlarla bölüşəcəyini bildirib. Səfir hazırda dünyada mövcud olan mürəkkəb vəziyyətdən söz açaraq savaşların minimuma endirilməsinin, humanitar sahədə daha da fəallıq nümayiş etdirərək sülhə nail olmağın önəmini qeyd edib.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Polad Bülbüloğlunun karyerasından, müxtəlif çətin vəziyyətlərdə icra etdiyi vəzifələrdən danışıb. O, Rusiyanın mədəniyyət nümayəndələrinin Polad Bülbüloğlunun YUNESKO üçün çox uyğun namizəd olduğunu bildirib. Bir neçə dil bilən Polad Bülbüloğlunun müxtəlif mədəniyyətləri yaxından tanıdığını bildirib. Mixail Şvıdkoy iştirakçıları Azərbaycan namizədinə səs verməyə çağırıb.

Sonra məşhur pianoçu Denis Matsuev video vasitəsilə Polad Bülbüloğlunun fəaliyyətindən danışıb, onun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini alqışlayıb. O, mədəniyyət sahəsində zəngin təcrübəsi olan bir şəxsin belə vəzifəyə seçilməsinin əhəmiyyətinə toxunub. Denis Matsuev bugünkü narahat dünyada mədəniyyətin böyük rol oynadığını, sülh, barışıq yaratdığını bildirib. O, Polad Bülbüloğlunun bu vəzifəyə seçiləcəyinə əminliyini ifadə edib.

Sonra Polad Bülbüloğlu pianoda ifa edib, həmçinin Azərbaycanın Əməkdar Artisti, tanınmış pianoçu, YUNİSEF-in xoşməramlı səfiri, YUNESKO-nun “Sülh Artisti” Emil Əfrasiyabın müşayiəti ilə bir neçə mahnı ifa edib. Onun ifası iştirakçıların alqışları ilə qarşılanıb.

Fransanın YUNESKO-dakı səfiri Loran Stefanini YUNESKO-nun baş direktorluğuna namizədlərin çox olduğunu bildirib. O deyib ki, YUNESKO-nun baş qərargahının yerləşdiyi ölkə kimi Azərbaycanın namizədliyindən çox məmnunuq. Xüsusilə də təklif olunan namizədin keyfiyyətləri bizi heyran etdi. Azərbaycan namizədinin digər namizədlərdən üstünlüyü onun mədəniyyət sahəsindəki təcrübəsi, xüsusilə də tanınmış müğənni olmasıdır.

Serbiyanın YUNESKO-dakı səfiri Darko Tanaskoviç deyib: “Mən Azərbaycanda səfir işləmişəm. Ona görə də Azərbaycan və azərbaycanlılarla bağlı gözəl xatirələrim var. YUNESKO-nun növbəti rəhbərinin kim olacağını indidən söyləmək çətindir. Amma onu dəqiq deyə bilərəm ki, Azərbaycanın güclü namizədi var. Biz bu gün bunun bir daha şahidi olduq. Polad Bülbüloğlunun tərcümeyi-halı ilə də tanış olduq. Budəfəki seçkilərdə bir çox iddialı ölkələrdən namizədlər irəli sürülüb. Seçkidə səs verəcək bir şəxs kimi deyə bilərəm ki, sizin namizəd olduqca güclüdür”.

Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, Rusiyanın mövqeyindən danışanda, əlbəttə, Azərbaycanın namizədliyi daha önəmlidir. Çünki Azərbaycan dost ölkədir. Parisin mərkəzində bu gözəl mədəniyyət mərkəzində Azərbaycanın namizədinin təqdimatının keçirilməsi özlüyündə böyük bir uğurdur. Burada bəzi dövlətlərin YUNESKO-dakı səfirləri ilə söhbət etmək imkanım oldu. Onlar digər namizədlərin də təqdimat mərasimində iştirak ediblər. Onlar etiraf etdilər ki, heç bir namizəd bu cür təntənəli şəkildə təqdim edilməyib. Polad Bülbüloğlu səfir olmaqla yanaşı, həm də parlaq musiqiçi, böyük istedad sahibi olan bir bəstəkardır. YUNESKO rəhbərliyində heç vaxt belə namizəd olmayıb. Polad Bülbüloğlunda digər namizədlərdə olan bütün müsbət xüsusiyyətlər – siyasi, diplomatik karyera, dövlət xidməti, çoxillik nazir, səfir təcrübəsi var. Bundan əlavə, o, həm də böyük incəsənət nümayəndəsidir. Bu gün yaşadığımız mürəkkəb dünyada incəsənət dili olduqca əhəmiyyətlidir. Polad Bülbüloğlu Azərbaycan və dünya mədəniyyətinin daşıyıcısı kimi, YUNESKO-nun rəhbəri kimi mədəniyyətin, incəsənətin xalqları birləşdirən dəyər olmasına öz töhfəsini verə bilər.