Səfir: “Qəbələ rayonu və Qaqauziya arasında əməkdaşlıq müqaviləsi imzalanacaq”backend

Səfir: “Qəbələ rayonu və Qaqauziya arasında əməkdaşlıq müqaviləsi imzalanacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Moldova münasibətləri ikitərəfli əməkdaşlığın bütün səviyyələrində yüksək sürətlə inkişaf edir. Hər iki ölkənin xalqları arasında möhkəm dostluq əlaqələri mövcuddur” – Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinə səfəri barədə TİA.AZ-a deyib.

“Qaqauziya Moldovanın ayrılmaz bir hissəsidir. Moldova ilə əməkdaşlığımızın inkişafı çərçivəsində Qaqauziya ilə də münasibətlərimiz uğurla genişləndirilir. Qaqauziyanın başçısı İrina Vlax ilə görüşdüm. Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən Çadır-Lunqa şəhərində yerləşən mədəniyyət və təhsil mərkəzinin inşası başa çatmaqdadır və qarşı tərəf buraya Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını verməyi təklif edir, əlavə olaraq Azərbaycanın Qəbələ rayonu ilə Qaqauziya Muxtar Ərazisi arasında əməkdaşlıq və qardaşlaşmaya dair müqavilə imzalanması nəzərdə tutulur. Ötən il sənəd layihəsinin imzalanmasına hər iki tərəfin hazır olmasına baxmayaraq, koronavirus (COVID-19) pandemiyası səbəbindən mümkün olmayıb. Ümid edirəm ki, bu il bunu həyata keçirəcəyik ” – deyə səfir bildirib.

Mədəniyyət və təhsil mərkəzinin açılışı 2021-ci ilin birinci yarısına planlaşdırılır.

Görüşdə İ.Vlax tərəfindən Çadır-Lunqa şəhərində inşa edilən mərkəzin iki qardaş xalq arasında dostluq rəmzi olacağı vurğulanıb.

Görüşdə Moldovadakı Azərbaycanlılar Konqresinin sədri Elçin Bayramov da iştirak edib. Söhbət zamanı Azərbaycan diasporunun Qaqauziya və Moldovanın ictimai-siyasi həyatında iştirakının vacibliyi vurğulanıb.

Görüşün sonunda gələcək əməkdaşlığın digər sahələr üzrə inkişaf perspektivləri müzakirə edilmiş, elm, təhsil, səhiyyə, eləcə də sosial-iqtisadi sahələrin qarşılıqlı bölgələrarası əməkdaşlıq formatında genişləndirilməsinin vacibliyi bildirilmişdir.

Eyni zamanda, bölgəyə səfəri çərçivəsində səfir Q.Osmanov bu gün 30 illik yubileyini qeyd edən Komrat Universitetini ziyarət etdib. Tədbirdə çıxış edən səfir bu bölgə ilə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.