Tribuna İnformasiya Agentliyi

Seçkilərdə bunu edənlər cəzalanacaq – Usubov

15 Fevral

Azərbaycanda hüquqi dövlətin bazası möhkəmləndirilib. Ölkədə mövcud olan siyasi sabitlik, demokratik prinsiplər seçkilərin şəffaf şəraitdə keçirilməsinə tam imkan verir.

TİA.AZ ın xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

O qeyd edib ki, burada prokurorluq orqanlarının da funkisiyası var: “Ölkədə prokurorluq orqanları seçkilərin keçirilməsində qanunçuluğa əməl edilməsinə nəzarət edir. Bu prosesdə qanuna ziddi hərəkətə yol verənlərin məsuliyyətə cəlb olunması əsas məsələlərdəndir. Qanunvericiliyi pozanlar ciddi şəkildə cəzalanacaqlar. Azərbaycanda keçirilən seçkilərdə ən çox şikayət bələdiyyə seçkiləri zamanı daxil olub. Bu da həmin seçkinin daha kütləvi olmasıdır. 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı prokurorluq orqanlarına 6 müraciət daxil olub. Bu şikayətlər üzrə də müvafiq addımlar atılıb”.

R.Usubov əlavə edib ki, əvvəlki seçkilərdə bəzi nöqsanlar olub, amma son illərdə qanun pozuntularına yol verilmir.

O bildirib ki, prokurorluq orqanları dairə seçki komissiyaları ilə əməkdaşlıq edir.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.