Tribuna İnformasiya Agentliyi

Sarkisyanı aprel döyüşləri “apardı” – MÜSAHİBƏ

02 May

Politoloq Nəzakət Məmmədova ölkə xaricində və daxilində baş verən hadisələrlə bağlı “Cümhuriyət” qəzetinə müsahibə verib.

TİA.AZ həmin müsahibəni təqdim edir.

“Ermənistan uğrunda nüfuz savaşı şıddətlənib”

-Nəzakət xanım, hazırda gündəmdə olan məsələ Ermənistanda baş verən hadisələrdir. Nikol Paşinyanın rəhbərlik etdiyi “məxməri inqilab” haqqında müxtəlif fikirlər səslənir. İddialardan biri də baş verənlərin Rusiya-Türkiyə arasında razılaşdırılmış proses olmasıdır. İddialara görə Bakı-Culfa-İrəvan-Gümrü və Azərbaycan-Türkiyə-Suriya dəmiryol xətti layihəsinin reallaşması üçün 5 rayon Azərbaycana qaytarılmalıdır. Mövcud hadisələr də bunun nəticəsidir. Necə düşünürsüz, bu iddialar nə dərəcə reallığa uyğundur?
-Ermənistanda baş verən hadisələrdə Türkiyənin rolu birmənalı şəkildə istisna olunmalıdır. Çünki Türkiyə hazırda öz təhlükəsizliyi və daxili problemləri ilə məşğuldur. Bu ölkə növbədənkənar seçkiyə hazırlaşır və Yaxın Şərq sərhədlərindən gələn təhlükəni dəf etməyə çalışır. Ona görə də Türkiyənin Ermənistanda hansısa siyasi fəaliyyətdə olması istisna olunmalıdır. Türkiyə regionda daha çox konstruktiv rol oynamağa çalışır, nəinki hansısa bir dövlətin ərazisində hakimiyyət cevrilişi, məxməri inqilab və s. Türkiyənin özü hələ 2016-cı ilin çevriliş cəhdinin şokundan təzə ayılıb. Ermənistanla münasibətlərə gəlincə, Türkiyə onun Dağlıq Darabağdan çıxması müqabilində bu ölkə ilə münasibətlərini qaydasına salacağını vəd edir. Ümumiyyətlə, Ermənistanda sistem dəyişikliyi, müəyyən qüvvələrin hakimiyyətdən getməsi, daxili qarşıdurmalarda Türkiyənin iştirakı yoxdur. Türkiyə Ermənistanın Rusiyanın təsir dairəsinə daxil olan bir forpost olduğunu qəbul edir və bunu mübahisələndirmir. Xüsusilə, indiki şəraitdə Suriya məsələsində Rusiya ilə müttəfiqlik münasibətlərinə xələl gətirən heç bir addım atmır və ələlxüsus, Ermənistana görə bunu heç atmaz. Türkiyənin zatən bölgənin lider dövləti olan Azərbaycanla qardaşlıq, dostluq münasibətləri var. Gürcüstan da Türkiyə və Azərbaycanla daha yaxın strateji münasibətlərə malikdir. Baxmayaraq ki, son zamanlarda Ermənistan onu bu yoldan sapdırmağa, İran və Rusiya ilə yaxınlaşdırmağa çalışırdı.

Ermənistanın indiki prezidentinin biznesmen, Gürcüstan baş nazirinin bankir olması, İngiltərə ilə bir sıra ortaq bank-maliyyə məsələlərində yaxınlığı nəzərə alınsa, bunu daha yaxşı anlamaq olar. Lakin hazırda Ermənistan uğrunda nüfuz savaşı hazırda Qərb və Rusiya arasında şıddətlənib. Əslində, Ermənistanda baş verən hadisələrdə Rusiyanın rolunun qiymətləndirilməsi birmənalı deyil. Burada Rusiyanın da rolu istisna olunmalıdır. Məsələn, Rusiya niyə özünün adamı olan Sarkisyanın hakimiyyətdən getməsini istəsin? Digər tərəfdən, Rusiyanın etibar etdiyi Karen Karapetyanın da baş nazir olub-olmayacağı hələ məlum deyil. Hazırkı proseslərdə Rusiyanın rolunun önə çəkilməsi və guya məxməri inqilabda onun rolunun olmasına dair iddiaların heç bir əsası yoxdur. Bunların baş verməsinin Rusiyanın özünün zərərinə olduğu görünür. Elə əslində məqsəd Rusiyanın bölgədən sıxışdırılması, onun İranla Ermənistan üzərindən olan əlaqəsinin kəsilməsidir. Rusiya istəsə, Sarkisyanı vəzifədə saxlayaraq da prosesləri istədiyi istiqamətdə yönləndirə bilərdi. Yaxud özünə yaxın olan digər şəxsi də baş nazir təyin edərək hadisələri idarə edə bilərdi. Yəni, Rusiyanın Ermənistan üzərində təsiri o, qədər böyükdür ki, bunu sistem dəyişikliyinə getmədən də, yaxud məxməri inqilab təşkil etmədən də edərdi. Qarabağ məsələsinin istənilən variantda həlli üçün Rusiya Ermənistana təzyiq imkanlarına malikdir. Digər tərəfdən, hazırkı status kvo Rusiyanın maraqları çərçivəsində deyil. Bu baxımdan, Rusiyanın Ermənistanda baş verənlərdə rolu olduğu görünmür. Təbii ki, bu proseslərə məntiqli və qanunauyğun yanaşmadan belə görünür. Konspirasiya nəzəriyyələri isə hər şeyi, ən ağılasığmaz variantları da mümkün edir.

“İnqilabın məqsədi Rusiyanı Ermənistandan çıxarmaqdır”

-Faktiki olaraq inqilaba Nikol Paşinyan rəhbərlik edir. Necə düşünürsüz, Paşinyan Rusiyanın adamı deyil?
-Maraqlıdır ki, Paşinyanın rəhbərlik etdiyi inqilabda Rusiyaya qarşı heç bir şüar səslənmir. “Rusiyanı istəmirik”, “Qərbə inteqrasiya” və sair kimi şüarlar səsləndirilmir. Məsələn, Ukraynada, Gürcüstanda və digər post-sovet ölkələrində baş verən rənqli inqilablar ilk növbədə Rusiya əleyhinə mütləq şüarlar səslənir, çıxışlar olurdu. Ancaq Ermənistanda fərqlidir. Bu həm də ermənilərin ikiüzlüyündən irəli gəlir ki, düşündüklərini demirlər. Əslində isə məqsəd elə Rusiyanı Ermənistandan çıxarmaqdır. Sadəcə olaraq Paşinyan bunu demək istəmir. Baxmayaraq ki, Sarkisyanı vəzifədən uzaqlaşdırmaq elə Rusiyanı Ermənistandan sıxışdırmaq deməkdir. Hazırda Rusiya və Qərb arasında ciddi problemlər var. Bu da dünyanın müxtəlif bölgələrində bu güclərin üz-üzə gəlməsinə səbəb olur. Yaxın Şərqdə baş verənlər, ABŞ və Avropadan rus diplomatların çıxarılmasını buna misal olaraq göstərmək olar. İndi də Ermənistanda baş verənlər Rusiya və Qərbin növbəti tamaşasıdır. Bu güclərin növbəti qarşıdurma meydanı Cənubi Qafqaz regionu oldu və burada Rusiyaya qarşı Ukrayna, Suriyadan sonra üçüncü cəbhə açıldı. Paşinyanın da məqsədi Rusiyanı Ermənistandan çıxarmaqdır.

“İnqilab iştirakçıları qatı millətçilərdir”

 -Ermənistan inqilabı Qarabağ məsələsinə necə təsir göstərəcək?
-Hakimiyyətə gələcək güclərin mövqeyi, tutacağı xətt hələ ki, məlum deyil. Ancaq görünən odur ki, inqilab iştirakçıları qatı millətçilərdir və onlar da Qarabağın işğal altında qalmasının tərəfdarıdır. Çünki Sarkisyana qarşı səslənən ittihamlardan biri də aprel döyüşləri zamanı Azərbaycanın bir sıra yüksəklikləri əldə etməsidir. Bunu Sarkisyanın bacarıqsızlığı ilə əlaqələndirirlər. Nəzərə alsaq ki, Sarkisyan rejimi məhz Qarabağ kartı üzərindən hakimiyyətə gəlib. İndi də Paşinyan və rəhbərlik etdiyi siyasi qüvvələr Sarkisyanı aprel məğlubiyyətində günahlandırırlar. Bu da onu göstərir ki, Paşinyan və tərəfdarları da Qarabağın işğal altında qalmasını istəyirlər. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq yaxın zamanlarda onların sülh yolu ilə torpaqları qaytarması çətin məsələdir.

-Belə fikirlər səslənir ki, Rusiya dayaqlarını saxlamaq şərtilə Ermənistanın Qərbdən özünə müttəfiq tapmasına şərait yaradır?
-İnqilab prosesində daha çox “xalq” sözünü eşidirik. Amma əslində Ermənistanda baş verən etirazların arxasında birbaşa xalqın dayandığını demək olmaz. Doğrudur, xalq Sarkiysandan və Ermənistandakı vəziyyətdən narazıdır. Lakin Ermənistanda baş verən hadisələr Ukraynadakı kimi izdihamlı olmadı. Bu daha çox xaricdə planlaşdırılmış layihədir. Ermənistan inqilabı geosiyasi güclərin maraqlarının nəticəsidir. ABŞ-da olan erməni diasporları, o cümlədən, Amerika erməni təşkilatları yəhudi təşkilatları ilə sıx əlaqədədir, daha doğrusu, onun təsiri altındadır. Digər tərəfdən, ABŞ prezidentinin də yəhudilərlə sıx qohumluq əlaqələri var. Tramp isə İrana qarşı sərt siyasət yürüdür və nüvə sazişini birtərəfli qaydada ləğv edərək bu ölkəni yenidən sanksiyalarla üz-üzə qoymaq istəyir. Belə bir məqamda ABŞ-da fəaliyyət göstərən yəhudi lobbisi bu ölkədəki erməni təşkilatları ilə birləşərək Paşinyanın başçılığı altında bu hərəkatı Ermənistanda təşkil etdi. Məlumdur ki, Ermənistan İran üçün dəhlizdir. Ermənistan Qərbin nəzarətinə keçərsə, artıq Rusiya və İran arasında əlaqə itəcək. İranın dünyaya çıxış imkanları azalacaq. Yəni, ABŞ Ermənistanı nəzarətə götürərək İranın dünyadan təcrid olunmasını asanlaşdırmaq istəyir. Bu daha çox inandırıcı versiyadır. Digər tərəfdən, Ermənistan AB ilə Şərq Tərəfdaşlıq Sazişini imzaladı və ardınca İranla sərhəddə azad iqtisadi zona yaratdı. Məlumdur ki, Rusiyanın nəzarətində olan Avrasiya İttifaqında 6 azad iqtisadi zona yaradılması nəzərdə tutulur ki, bunun da birini Ermənistana verdilər. Ermənistan Gürcüstana da güzəştli şərtlərlə azad iqtisadi zonadan istifadə edərək məhsullarını İrana ixrac etməyi təklif etdi. Baxmayaraq ki, Gürcüstan Qərbə meyillidir, ancaq Ermənistan bu prosesə onu da qoşur. Təbii ki, Qərb bunu görür və narahat olur. Ona görə də ABŞ birbaşa olaraq bu məsələyə müdaxilə edir.

“Proseslərin qalibi Ərdoğandır”

-Gündəmdə olan digər bir məsələ isə Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkiləridir. Necə düşünürsüz, Türkiyədə AKP-nin 15 illik təkhakimiyyətliliyinə son qoyula bilərmi? Türkiyədə son günlər müzakirə olunan koalision hakimiyyət mümkündürmü?
-AKP koalision hakimiyyət qursa belə, bunu yəqin ki, MHP ilə edəcək. Ümumiyyətlə, AKP-nin MHP ilə birlikdə 50 faizdən yuxarı səs toplamaq imkanları var və şansları çoxdur. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın reytinqi kifayət qədər yüksəkdir. Digər tərəfdən, Afrin məsələsinə görə də Ərdoğan kifayət qədər nüfuz qazandı. Ərdoğan hakimiyyəti Türkiyənin təhlükəsizliyini təmin edə bildi. Hesab edirəm ki, Türkiyədə Ərdoğan kimi qətiyyətli lider olmasaydı, Yaxın Şərqdə proseslərin necə cərəyan edəcəyi bəlli olmayacaqdı. Rusiya və İran Türkiyənin iştirakı olmadan Suriyada heç nə edə bilməzdi. Türkiyə açar dövlətdir. Yaxın Şərqdə heç bir qərar Türkiyənin iştirakı olmadan verilə bilməz, verilsə də uzun müddət davam edə bilməz.

Türkiyə Osmanlının simasında 6 əsr bu ərazilərdə hakimi-mütləq bir imperiya olub, onun süqut etməsindən sonra yerində 64 dövlət yaranıb. Necə olur ki, Britaniya imperiyası Commonwealth adı altında keçmiş müstəmləkələrini bir çətir altında toplaya bilir, Rusiya da öz fövqəldövlət iddialarını yenidən gerçəkləşdirmək istəyir, ancaq Türkiyəyə bu imkanlar verilmir?! Türkiyə mədəni açılım etmək istəyir və onun indiki fəaliyyəti minimum öz ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq, orta hədəfdə Osmanlının bir vaxtlar təsir dairəsində olan torpaqlarda mədəni-iqtisadi layihələr həyata keçirməkdir. Bəzi güc mərkəzləri buna mane olmaq istəsələr də, nail ola bilməyiblər. Bu proseslərin qalibi Ərdoğandır. Qaliblər isə mühakimə olunmur. Hesab edirəm ki, bu proseslər, dövlət çevrilişinə qarşı xalqın ayağa qalxması, Afrin zəfəri və s. Türkiyə üçün ikinci Qurtuluş savaşı oldu. Çünki Qərbin Suriya planı hazırkı Türkiyənin böyük hissəsinin parçalanmasını nəzərdə tuturdu. Hesab edirəm ki, bütün bunları nəzərə alsaq, xalqın etimadını qazanmış Ərdoğanın seçkilərdə qalib gəlmək şansı daha çoxdur. Yəqin ki, Ərdoğanın yüksək nüfuzu və özünə əminliyi növbədənkənar seçki qərarının verilməsində önəmli rol oynayıb.

“Terroru Damokl qılıncı kimi Türkiyənin başı üzərindən asıblar”

-Seçkilər zamanında keçirilsəydi, nə baş verərdi?
-2019-cu ilin noyabrına qədər gözləmək Türkiyəyə sərf etmirdi. Çünki həmin zamana qədər Türkiyədə AKP-ni nüfuzdan salmaq üçün müxtəlif ağlasığmaz təxribatlar baş verə bilərdi. Türkiyədə hazırda da terror təhlükəsi mövcuddur. Terroru Domokl qılıncı kimi Türkiyənin başı üzərindən asıblar. Bəzi qüvvələr seçkilərə bir müddət vaxtın qalmasından istifadə edib bu amildən AKP-yə qarşı yararlana bilərdilər. Yaxın keçmişdə Türkiyədə dövlət çevrilişinə cəhd edildi. Terror təxribatlarının ardı-arası kəsilmədi. Bu baxımdan növbədənkənar seçki qərarı bütün bu təhlükələrin qarşısını aldı. Ərdoğan hakimiyyətini hədəf seçməklə bütövlükdə dövlətin təhlükəsizliyinə zərər vuran addımların atılması istisna edilmirdi. Təbii ki, Avropa Ərdoğanın qalibiyyətini qəbul etmir və etməyəcək. Çünki Ərdoğan Avropanın, ABŞ-ın və müttəfiqlərinin Suriya planının qarşısında dayanan ən böyük maneədir.

-Müxalifətin şanslarını necə qiymətləndirirsiz? Ehtimal olunur ki, müxalifət ikinci tura hazırlaşır və ikinci turda vahid namizədə dəstək məsələsi gündəmdədir?
-Seçkilərdə müxalifətin qalib gələcəyi inandırıcı deyil. İndiki vəziyyət onu göstərir ki, heç bir müxalifət partiyası AKP-yə rəqib ola bilməz. Hətta onların birgə ittifaqı belə AKP-MHP koalisiyası ilə müqayisədə zəif görünür. Düşünmürəm ki, AKP MHP istisna olunmaqla, digər müxalifət təmsilçilərinin biri və ya bir neçəsi ilə koalision hakimiyyətə getsin. Bilirik ki, CHP və İyi Partiyanı Qərb dəstəkləyir. Lakin bununla belə onlar AKP-nin qarşısında duruş gətirə bilməyəcəklər.
(ardı var)