Tribuna İnformasiya Agentliyi

Sarkisyan: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”

17 Noyabr

“Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazıram”. “Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazıram”.

TİA.AZ xəbər verir ki, bu sözləri Ermənistan prezident Serj Sarkisyan Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyovla müsahibəsində deyib.

Mütəmadi olaraq qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan rəhbəri müsahibə zamanı özünü obyektiv tərəf kimi göstərməyə çalışıb: “Biz görüşdən heç vaxt imtina etməmişik. Bu, prezident, xarici işlər naziri, hətta işçi qrupu səviyyəsində olsa belə. Amma biz həmişə görüşlərin hansısa irəliləyiş, fayda verməsinin tərəfdarıyıq”.

Sarkisyanın sözlərinə görə, rəsmi İrəvan atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması haqqında sazişi imzalamağa hazırdır.

Sarkisyan, həmçinin Ermənistanda Rusiyanın yeni hərbi bazalarının yaradılması imkanından danışıb: “Düşünürəm ki, yeni hərbi bazaya ehtiyac yoxdur. Gümrüdəki hərbi baza tələb olunan bütün elementləri özündə birləşdirmək imkanına malikdir. Odur ki, kiçik Ermənistanda bir baza, məncə, kifayətdir. Sadəcə, bu bazaya hərbi güc vermək lazımdır”, – deyə S.Sarkisyan bildirib.

Sarkisyan müsahibəsində bildirib ki, Ermənistan bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Ermənistan prezidenti xatırladıb ki, bir neçə dəfə İrəvan və Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sənədin imzalanmasına yaxın olub: “Müqaviləyə görə Ermənistan və “Dağlıq Qarabağ” bufer zonasından geri çəkilirdi. Amma birinci maddədə aydın şəkildə yazılmışdı ki, Dağlıq Qarabağın yekun statusu Qarabağ sakinlərinin iradəsi əsasında həll olunacaq. Yəni referendum yolu ilə. Bu, öz müqəddəratını təyinetmə prinsipinin təzahürü idi və qərar hüquqi gücə malik idi”.

Onun sözlərinə görə, Ermənistan tərəfi indiyədək bu sənədə qayıtmağa hazırdır. “Aprel hadisələri göstərdi ki, tərəflər arasında etimad və inam sıfır dərəcəsindədir”.