“Şair də qocalır…” – Ramiz Rövşən 75 yaşındabackend

“Şair də qocalır…” – Ramiz Rövşən 75 yaşında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xalq şairi Ramiz Rövşən yubileyini qeyd edir.

TİA.AZ xəbər verir ki, onun 75 yaşı tamam olur.

R.Rövşən müsahibələrinin birində deyib ki, şairlər yaşlarının üstünə yaş gələndə adi insanlardan tam fərqli görünür: “Sanki özünə hesab verirsən. Yəni, bu yaşa kimi neylədim? Nəyi edə bildim, nə qaldı? Əslində, nəyi eləməliydik, amma edə bilmədik? İnsan həmişə 10 illiyin axırında tələsir. İstəyir ki, nəsə iş görsün. Əgər oxucu düşünürsə ki, Ramiz Rövşən hər şeyi deyib, bu, gərçəkdən məni sevindirir. Bəlkə doğrudan da mən onların istədiyi hər şeyi yaradıcılığımda demişəm?”

O, dəfələrlə sevdiyi şairlərdən söz açıb: “Sevdiyim şair çoxdur, ancaq hər zaman qəlbimdə gəzdirdiyim iki şair var: biri Füzulidir, digəri isə Müşfiq”.

Saysız-hesabsız sevilən, məşhur şeirin müəllifi olan şairin həyat yoluna bir daha nəzər salaq.

R.Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992-2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir.

R.Rövşənin ssenariləri əsasında çox sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.

2014-cü ildə “Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü”nə layiq görülüb.

Avrasiya Akademiyasının akademiki və akademiyanın “Avrasiya Əfsanəsi” mükafatının sahibidir (2019).

Azərbaycan Prezidentinin 25 may 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının “Xalq şairi” fəxri adına layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

2020-ci ildə ad günü münasibətilə R.Rövşənə Prezident İlham Əliyev tərəfindən mənzil hədiyyə olunub.

“Qafqazinfo” olaraq 75 yaşı münasibətilə hörmətli şairimizi təbrik edir, ona uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirik. 

R.Rövşənin şeirlərindən birini oxucularımıza təqdim edirik:

Tənhalıq başlayır burdan o yana,

keçdikcə keçilməz, atam balası.
Ayları, illəri tutsan boyuna,
Çayları, çölləri tutsan boyuna,
ölçdükcə ölçülməz, atam balası.

Daha çoxlarıyla aram sərinlər,
çoxları boyuma sevinməz daha.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.

Mən axı nə Çöləm, nə Yol, nə Küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən ötrü-ölüncə
23 yaşımda qala bilmərəm.

Nə qədər sözlər var sözümdən cavan,
daha çığırmağa nəfəsim gəlmir.
Daha bu dünyada özümdən cavan
şeirlər yazmağa həvəsim gəlmir.

Kiriyir, yumşalır şeirlərim də,
qocalır misralar, sözlər mənimlə.
Dostlar cavan qalır şeirlərimdən,
qocalmaq istəmir dostlar mənimlə.

İlahi, qocalıq buymuş deməli,
dostlardan səssizcə qırılır adam.
Ömür bir bulanıq suymuş deməli,
ömür azaldıqca durulur adam.

İçimin-çölümün yuyulur pası,
sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
nə yaxşı, ölmədim bu aralıqda.

Sözlər ürəyimdən əlimə yetdi,
bir azca soluxdu-soldu, nə olar.
Bir azca şaxlığı-şuxluğu itdi,
heç kəs qınamasın, yoldu, nə olarş

Daha balta kəsməz ağlım kəsəni,
dünyanın dadını bilirəm daha.
Bu qoca dünyada hər nəfəsimi
ağacdan meyvətək dərirəm daha.

Son nəfəs dünyada hər şeydən şirin,
şair də qocalır, ölür, bilirəm.
Sözündən qan iyi gələn şairin
ağzından süd iyi gəlir, bilirəm.

Bu dünya bir qaynar qazanmış demə,
söndürməz odunu nə qar, nə yağış.
Dünyayla dalaşmaq asanmış demə,
çətini dünyayla barışmağımış…