ŞAHİN BAĞIROV BU İKİ GÖMRÜK GENERALINI “TƏMİZLƏMƏSƏ…”backend

ŞAHİN BAĞIROV BU İKİ GÖMRÜK GENERALINI “TƏMİZLƏMƏSƏ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahin Bağırovun Əmlak Xidmətindəki vəzifəsindən yenidən Dövlət Gömrük Komitəsinə sədrin 1-ci müavini gətirilməsi, qurumun idarəçiliyinin ona həvalə edilməsi üzərinə ağır məsuliyyət qoyub. Ş. Bağırov bu vəzifədə təkcə gömrükdə islahatlar həyata keçirməli deyil, eyni zamanda “akula” fiqurlarla başa-baş gələrək onları “zərərsizləşdirməyə” nail olmalıdır. Çünki gömrük sistemində kök salmış şəbəkələr var və onların gövdəsini qoparmaq elə də asan deyil. TİA.Az-ı məlumatlandıran qaynaq iddia edir ki, Ş.Bağırov ilk növbədə sədr müavinləri İqbal Babayev və İsmayıl Hüseynovla məsələləri çürütməlidir.

İqbal Babayev

Əgər Ş. Bağırov onların monopoliyasında olan sahələrdə şəffaflıq təmin edə bilməsə, gömrük sistemində heç nəyə nail ola bilməyəcək. Yəni yenə sədrlərin müavinləri vəzifələrində qalacaqsa, onların şirkətləri inhisarçı mövqeyə sahib olacaqsa, o halda gömrük sistemində dəyişiklik mümkün olmayacaq. Necə ki Səfər Mehdiyev dövründə analoji vəziyyət hökm sürürdü: sədr müavinləri xüsusən avtomobil və kompüter avadanlıqları bazarını tam inhisara almışdı, indi də monopolist fəaliyyət davam etməkdədir. Mənbə qeyd edir ki, gömrük generalı İqbal Babayevə aid şirkətlər gömrük orqanlarını texniki avadanlıqla təmin edən missiyanı həyata keçirir. Onun şirkətlərindən başqa heç bir firma bazara daxil ola, kompüter, printer, notbuk, müxtəlif elektron avadanlıqlar gömrüyə sata bilməz. Bu sahədə rəqabətin olmaması nəticəsində İ.Babayev böyük varidata sahiblənib. Onun şirkətləri arasında əsasən “Ge force” və “Unitex” aparıcı rol malikdir. Bir müddət əvvəl generalın digər gömrük generalı kimi saxlanılması xəbəri yayılmışdı, amma təsdiq olunmadı.

İsmayıl Hüseynov

Gömrük sistemində ikinci ən böyük inhisara sahib sədrin 1-ci müavini İsmayıl Hüseynovdur. Yeri gəlmişkən, Şahin Bağırov da, İsmayıl Hüseynov da eyni statusa malikdirlər, yəni 1-ci müavinlərdir. Lakin sədrin vəzifələrini icra edən Şahin Bağırov onları gömrükdən “təmizləməsə” siyasi rəhbərliyə islahatlar aparması haqda heç bir nəticə təqdim edə bilməyəcək. Belə ki, İ. Hüseynov gömrükdə ən gəlirli sahələrdən olan avtomobil biznesini kurasiya edir. Sirr deyil ki, xaricdən gətirilən avtomobillərə görə elə maşının öz qiyməti qədər rüsum və rüşvət alınır, beləcə il ərzində milyonlar dövr edir. İ. Hüseynov bu sahəninin “xaç atası” sayılır və Ş. Bağırov onu yola salmasa, gömrük sahəsində “köhnə hamam, köhnə tas” olacaq. Beləliklə, Ş. Bağırov gömrük generalları ilə mübarizə aparıb onları çıxdaş edərək yeni komanda formalaşdıra bilərsə, islahatlar haqda müəyyən ümidverici proqnozlar irəli sürmək olar. Lakin yalnız fiqur dəyişirsə, yenə həmin generallar sistemin başında dayanacaqsa, indidən Ş. Bağırovun fəaliyyətinin “fatihəsini” vermək olar, o da çox çəkmədən Mehdiyevin taleyini yaşaya bilər.

TİA.Az