“Şagirdlərin virusa məktəbdə yoluxması ehtimalı çox azdır” – ekspertbackend

“Şagirdlərin virusa məktəbdə yoluxması ehtimalı çox azdır” – ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərdə ibtidai siniflərin dərslərinin bərpa edilməsi valideynlərin sevincinə səbəb olmaqla yanaşı, narahatlıqlara da yol açıb. Buna səbəb son günlər növbəti koronavirus dalğasında uşaqların kütləvi şəkildə yoluxacağı ilə bağlı şayiələrdir.

Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycanda koronavirusun üçüncü dalğasının daha qorxulu və acınacaqlı olacağı, bu mərhələdə uşaqların kütləvi yoluxacağı və onlar arasında çoxsaylı ölüm hallarının baş verəcəyi, eləcə də xəstə uşaqların qəbulu üçün xəstəxanalarda hazırlıq işlərinin aparıldığı barədə səs yazısı yayılıb. Düzdür, TƏBİB və Səhiyyə Nazirliyi bununla bağlı açıqlama yayaraq, həmin səs yazısının həqiqəti əks etdirmədiyini bildiriblər. Dövlət Təhlükəsizliyi Xidməti isə həmin səsi yayan həkimi saxlayıb. Həkim buna görə üzr istəyərək, əsası olmayan mülahizələrinin ictimaiyyətdə belə rezonans doğura biləcəyinin fərqində olmadığını deyib.

Bununla belə, bəzi valideynlər ehtiyat edərək, övladlarını məktəbə aparmaqdan imtina ediblər. Məsələn, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə övladları təhsil alan valideynlərin bir qismi uşaqlarının virusa yoluxmaq təhlükəsi səbəbindən onlayn təhsilə üstünlük veriblər. 11 nömrəli tam orta məktəbdən bildirilib ki, birinci və ikinci sinifdə təhsil alan şagirdlərin valideynləri övladlarının məktəbə gəlməməsi barədə ərizə yazıblar.

Məlumat üçün bildirək ki, fevralın 1-nə olan statistik məlumata görə, hərarəti 37 dərəcədən yuxarı olmuş şagirdlərin sayı 5 nəfər olub, eyni hərarət göstəricisi işçi heyət arasında da qeydə alınıb. Virusa yoluxmuş şagirdlərin sayı 4, işçi heyətin sayı isə 1 nəfər olub.

Bəs görəsən, yoluxma halları məktəblərin yenidən bağlanmasına səbəb ola bilərmi?

Bizimlə söhbətdə təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı fikirlərini bildirib: “Fevralın 1-də tədris qismən bərpa olundu və 1-4-cü siniflər qismən məktəblərə qayıdıb. Artıq 3 gündür dərslər ənənəvi qaydada başlayıb və 1 fevralda dərsə gedən şagirdlər bu gün 2-ci dəfə məktəbə gedəcək.

640 minə yaxın şagirdin bu müddətdə dərslərə gəlməsi mümkündür, amma mövcud vəziyyət bəzi valideynləri övladının hələ də məktəbə getməməsi qərarını qəbul etməyə məcbur edir.

Bir vacib məsələni də qeyd edim ki, 2020-ci ilin 15 sentyabr tarixində olan bərpa ilə 1 fevral 2021-ci ilin bərpası arasında fərqlər var. Ən ciddi fərq bu dəfə dərsə əyani qoşulan şagirdlərin azlıq təşkil etməsidir.

Təhsil Nazirliyi dərslərin bərpa olunduğu bütün məktəblərdə çox ciddi dezinfeksiya işləri görüb. Ən əsası, hər bir məktəbin girişində şagirdlərin temperaturu ciddi şəkildə yoxlanır. Hər hansı bir əlamət, istilik müşahidə olunan şagird məktəbə buraxılmır və valideynləri dəvət edilərək təcili yardıma yönəldilir.

Təhsil Nazirliyi digər dövlət orqanlarından fərqli olaraq, hər gün məktəblərdə apardığı yoxlamalarla bağlı mütəmadi məlumat verir. Yəni nə qədər şagirddə istilik olub, nə qədər müəllim və ya texniki işçinin məktəbə buraxılması məhdudlaşdırılıb.

Bu çox yaxşı haldır. Bu o deməkdir ki, bu qədər potensial yoluxmuş şəxs marketdə, ictimai nəqliyyatda bizimlə birgə hərəkət edir. Amma Təhsil Nazirliyi o şəxsləri müəyyən edir və onlar cəmiyyətdən izolyasiya olunur”.

Ekspert onu da qeyd edib ki, son günlər qeydə alınan yoluxma halları məktəbdə baş verməyib: “Dediyim kimi, məktəb cəmi 3 gündür başlayıb və 1 fevralda məktəbə gələn şagird ilk dəfə məktəbə ayaq qoyur.

Belə hallar olacaq və bundan narahat olmaq lazım deyil. Yəni şagirdlərin məktəbdə yoluxması böyük ehtimalla baş vermir və verməyəcək. Onlar məktəbə gələnə qədər evdə, küçədə, ictimai nəqliyyatda yoluxa bilərlər, amma Təhsil Nazirliyinin məktəbdə apardığı ciddi yoxlama və nəzarət sistemi onların məktəbə daxil olmasına imkan vermir. Ona görə də təhsil müəssisələrinin açılması təhlükəli deyil. Sadəcə olaraq, metro da açılmalıdır ki, yoluxan az olsun”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə qəzetimizə bildirib ki, məktəblərin bağlanması və ya açılması ilə bağlı qərarı nazirlik deyil, Operativ Qərargah verir: “Bu bizim səlahiyyətimizdə olan məsələ deyil”.
“Yeni Müsavat”