Şadlıq sarayları qiyməti niyə artırır?backend

Şadlıq sarayları qiyməti niyə artırır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Restoranlar və şadlıq sarayları bəzən məcburiyyətdən qiymət artımına qərar verir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, toylara icazə verilməsi sözügedən obyektlərin çoxdankı arzusudur. Lakin müəyyən məhdudiyyətlərin tətbiqi onların xərclərini artırıb:

“Sanitar-epidemioloji qaydalara uyğun olaraq sanitar xərclər çoxalıb. Həmçinin qonaq sayının az olması bir yer üçün maya dəyərini artırıb. Çünki həmin restoran və ya şadlıq sarayı eyni miqdarda elektrik sərf edir, eyni icarə haqqını ödəyir. İşçilərin maaşı da buraya əlavə olunduqda bir nəfərin yer pulu təbii olaraq bahalaşır. Bu, obyektiv səbəbdir. Subyektiv səbəb isə odur ki, restoran sahibləri bir ildən çoxdur toyların keçirilmədiyini, istər-istəməz toy etmək istəyən vətəndaşların sayının xeyli artacağını bilir. Bu sayın artması isə tələbatı artırır, tələbat artarkən qiyməti bahalaşdırmaq üçün restoranların əlinə bir fürsət keçir. Lakin düzü, bu sahədə süni qiymət artımının olacağını düşünmürəm. Çünki yüzlərlə restoran, kafe var ki, bu şənlikləri keçirə bilər. Onların sövdələşməyə getməsi inandırıcı gəlmir. Ona görə də yəqin ki, obyektiv səbəblərdən qiymət artımının olacağını söyləmək daha doğru olar”.

İqtisadçı diqqətə çatdırıb ki, burada ən önəmli məsələ alıcılıq qabiliyyətidir:

“Yəni vətəndaşaların qazancı indiki qiymət artımına uyğun olmalıdır. Uyğunsuzluq isə açıq-aşkar görünür. Ona görə də elə bir vəziyyət yaranmamalıdır ki, insan bir ildən çoxdur dəvətnamə almadığına sevinməyə başlasın. Əgər hər vətəndaş dəvətnamə almadan əvvəl bunun pulunu haradan tapacağını fikirləşsə, psixoloji bir problem də yarana bilər”.

Həmsöhbətimiz hesab edir ki, toyların formatının dəyişdirilməsinə ciddi ehtiyac var:

“Azərbaycanda artıq bəhsəbəhslə toyların keçirilməsinə, masalarda çox böyük israfa ehtiyac yoxdur. Əgər restoranlar qiymət artırmaqda israrlıdırsa, vətəndaşlar da menyuda dəyişiklik eləsin, yəni daha az çeşidlə bir çox ölkədə olduğu kimi sadə toy məclisi keçirilsin. Kəskin qiymət artımı alıcılıq qabiliyyətinin az olması ilə əlaqədar vətəndaşaların ciddi narazılığına gətirib çıxaracaq. Pandemiyanın dünyaya və ölkəmizə çox az yaxşı təsiri olub və bu, bir fürsətdir ki, toylara olan münasibət, onların keçirilmə qaydaları dəyişsin. Nəticədə, Azərbaycanda sadə şənliklərin baş verməsinin şahidi olaq. Fikrimcə, bu, doğru yanaşma olar”.