Tribuna İnformasiya Agentliyi

Sabiq nazirin bankından kredit götürən şirkət rəhbərinin işi: “Kredit zavod üçün verilib”

06 İyun

Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui istifadədə təqdsirləndirilən şəxsin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1975-ci il təvəllüdlü Emin Quliyevin cinayət işi üzrə məhkəmə iclası hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutub.

Prosesdə şahid qismində Cahangir Axundov ifadə verib. O “Bank Standart”ın keçmiş əməkdaşıdır.

Şahid deyib ki, hazırda Beynəlxalq Bankda işləyir: “”Bank Standard”da Müştəri Xidməti Deportamentdə direktor kimi işləyirdim. Həm də idarə heyətinin üzvü olmuşam. Həmin zaman Emin Quliyevlə “Bank Standard”ın münasibətləri yaxşı olub. Onun adına kreditlər ayrılıb”.

2007-ci ildə “Bank Standard”da çalışmış Ramin Hacıyev də məhkəmədə şahid qismində ifadə verib.

O, hazırda “Kapital Bank”da çalışdığını söyləyib:”O zaman Emin Quliyevin adına bankda kredit ayrılıb. Mən sənədləri qəbul edib, hazırlamışam. Emin Quliyev müqavilələri özü imzalayıb. Kredit zavodun açılması üçün verilib”.

Suallara cavab berən R.Hacıyev qeyd edib ki, E.Quliyevin adına olan kreditlərlə bağlı əvvəllər az-az ödənişlər olub: “Emib Quliyevin təqsirli olduğuna, Səlim Krimanla pulu mənimsəməsinə inanmıram”.

Baş Prokurorluğun məlumatına görə, “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmiş Kriman Səlim Eldaroviçin tapşırığı ilə məqsədli şəkildə yaradılmış “Harvest” MMC-nin təsisçisi və direktoru Quliyev Emin Qəzənfər oğlu S.Krimanla qabaqcadan razılaşıb əlbir olmaqla onun göstərişi əsasında “Azərkarton” adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin sonlandırılması təyinatı adı altında bir neçə müqavilə ilə “Harvest” MMC-yə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş 10 milyon 749 min manat məbləğində təminatsız kredit vəsaitlərindən 3 milyon 91 min manatını onunla bölüb şəxsi ehtiyaclarına xərcləyib.

Bundan başqa, E.Quliyev S.Krimanla cinayətkar əlaqələrini davam etdirərək əvvəlcədən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəyi halda öz adına hər hansı bir girov qoyulmadan guya bağ evinin tikintisi təyinatı ilə 8 milyon 588 min manat məbləğində bir neçə kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuş və həmin məbləği S.Krimanla öz aralarında bölüb.

E.Quliyevin qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bildirək ki, S.Kiriman sabiq iqtisadi inkişaf naziri Heydər Banayecin adamı olub. O, “Bank Standart”da aparılan araşdırılma zamanı ölkəni tərk edib.