Tribuna İnformasiya Agentliyi

Sabiq baş nazirə 7 il həbs cəzası verildi

24 Dekabr

Pakistanın sabiq baş naziri Nəvaz Şərif korrupsiya ilə bağlı cinayət işi çərçivəsində 7 il həbs cəzasına məhkum olunub.

 

Modern.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 24-də keçirilən məhkəmə dinləmələri zamanı çirkli pulların yuyulması və korrupsiya ilə bağlı “Al-Azizia” polad kombinatı və “Flagship Investment” investisiya kompaniyalarında yol verilən cinayət işlərinə baxılıb. İslamabad məhkəməsi sabiq baş nazirə birinci ittihama görə 7 il həbs cəzası, həmçinin 2,5 milyon dollar cərimə kəsib. Nəvaz Şərif ikinci ittihamdan bəraət alıb.

 

Ümumilikdə isə sabiq baş nazirə korrupsiya barədə 3 cinayət işi üzrə ittiham irəli sürülüb. 2018-ci ilin iyulunda baş tutan birinci məhkəmə işində o, 10 il azadlıqdan məhrum edilmiş, 8 milyon dollar həcmində cərimələnmişdi.

 

Xatırladaq ki, Pakistan hökumətinə üç dəfə (1990-1993, 1997-1999 və 2013-2017-ci illər) rəhbərlik edən Nəvaz Şərif 2017-ci ilin iyul ayında ölkənin Ali məhkəməsi tərəfindən vəzifədən kənarlaşdırılmışdı. Onun barəsində təhqiqat “Panama arxivində” dərc olunan materiallardan sonra başlamışdı. Materiallarda Nəvaz Şərifin övladlarının pul vəsaitinin köçürülməsi və xarici aktivlərin satın alınması üçün istifadə edilən bir neçə ofşor kompaniyalarla əlaqəsindən bəhs edilirdi.