Tribuna İnformasiya Agentliyi

Sabahdan avtomobillərdə “ştorka” və jalüzlərin istifadəsinə icazə veriləcək

30 Aprel

Sabahdan – mayın 1-dən başlayaraq avtomobillərdə “ştorka” və jalüzlərin istifadəsinə icazə veriləcək.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, yalnız standartlara uyğun olan “ştorka” və jalüzlərdən istifadə etməyə icazə verilir: “Mayın 1-dən etibarən ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, müəyyən edilən standartlara cavab verən “ştorka” və jalüzlərin istifadəsinə icazə veriləcək. Havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verir ki, bu da yolverilməz haldır. Burada söhbət yalnız standartlara uyğun və sənaye üsulu ilə hazırlanmış “ştorka” və jalüzlərin istifadəsindən gedir. Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar. “Ştorka” və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq. Avtomobilin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan və kustar üsulla hazırlanan pərdə, jalüz, plyonkalar inzibati məsuliyyət yaradır”.