“Sabah nə yeyəcəyik?” qayğısı ilə keçən ömürlər: Qiymətlər Avropadan, yaşayış Afrikadanbackend

“Sabah nə yeyəcəyik?” qayğısı ilə keçən ömürlər: Qiymətlər Avropadan, yaşayış Afrikadan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Tahir Rzayev qiymət artımı ilə bağlı fikir bildirərkən deyib ki, dünya bazarında benzinin, yanacağın qiymətinin artması Azərbaycana da təsir göstərir. Bu səbəblər ölkəmizdə də benzinin qiymətinin artmasını zəruri edir. Əgər dünyaya inteqrasiya olunuruqsa və müxtəlif konvensiyalara qoşuluruqsa, artım təbiidir. Biz dünya ilə ayaqlaşmalı, qiymətləri standartlara uyğun təyin etməliyik.
Cənab deputatın bu çıxışına cavab olaraq haqlı şəkildə hər bir sadə vətəndaş eyni fikri səsləndirir. Madam ki, Avropaya inteqrasiya edirik, Avropa standartlarını əsas götürürük, o zaman maaşlarımız da Avropa standartları ilə ölçülsün. Nə işdirsə, bu Avropanın sadə adamlarla arası yoxdur sanki. Sadə vətəndaş onun bütün standartlarından kənar qalır, tətbiq etdiyi qaydaların əziyyətini çəkir.

Qazandığımız pul da önəmlidir, yaşadığımız ölkənin gəlir balansı da. Məsələn, Almaniyada maaş miqdarını fərdlərin çalışdıqları peşələr, gördükləri işlər müəyyən edir. Eyni zamanda həmin işdə çalışan şəxsin öz peşəsini hansı səviyyədə bilməsi də mühüm amildir. 2021-ci il üzrə Almaniyanın maaş atlasında ən yüksək maaşı tibb işçiləri alırlar. Xüsusilə elmi rütbəsi olan həkimlərin maaşı çox yüksəkdir. Məsələn, məsləhətçi həkimin illik gəliri 212,808 avro, IT mütəxssisinin illik gəliri 96,076 avro təşkil edib. Mühəndislik, hüquq, maliyyə, logistika, satış menecerləri və müəllimlər illik gəlirləri yüksək olan peşə sahibləri kimi qeyd ediliblər.

Bir neçə gün sonra dərslər başlayacaq və biz çox hörmətli müəllimlərimizi yenidən siniflərdə görəcəyik. Çoxları bir dəstə gülü, məktəbdəki hansısa xırda rüşvət hallarını əsas gətirərək müəllimlər haqqında neqativ fikirlər səsləndirilər. Lakin bu çox hörmətli müəllimlərimizin çəkdiyi əziyyətdən kimin xəbəri var? Bakı şəhərində yaçayan 2 uşaq anası Arzu Rəhamanovanın dilindən eşidək.

“Universitetin Kimya-biologiya fakultəsini fərqlənmə diplomu ilə bitimişəm. Magistraturanı da həmçinin. İki övladım var. Üçüncü övladım 3 ay sonra dünyaya gələcək. Bakıda yaşayıram, lakin Yevlax şəhərində müəllimə kimi işləyirəm. Həftədə iki gün Bakıdan Yevlaxa dərs deməyə gedirəm. Aldığım maaş 300 manatdır. Bu qədər yol ölç, əziyyət çək. Dəfələrlə MİQ imtahanlarında iştirak etmişəm, bir iki balla kəsilmişəm, ya da müsahibədən keçməmişəm ki, Bakıda işləyə bilim. 300 manat üçün 300 kilometr yol getməli oluram”.

Arzu müəllimə kimi giley-güzar edənlərin sayı yüzlərlədir. Sovet dönəmində təyinatla göndərilən müəllimlər var idi, ailə quranda da yerləri normal şəkildə dəyişdirilir, problem qalmırdı. İndi müəllimlər köç həyatı yaşayırlar.

Ramilin 25 yaşı var. Deyir, tikinti şirkətində mühəndis işləyirəm. 600 manat maaş alıram, amma o qədər layihə, iş yükləyirlər ki, gəlib evdə də işləməli oluram. Xaricdə evə iş aparırsansa və ya işdən artıq saatları işləyirsənsə, bunun ödənişi olur. Çox uzaqda deyil, elə qardaş Türkiyədə də belədir…

Bizdə iş axtararkən o qədər ağır şərtlər qoyurlar, gərəkli-gərəksiz tələblərlə canını sıxırlar, az qalırsan deyəsən ki, 500 manat verib 500 şərtinin yerinə yetirilməsini istəyirsən? Amma neyləmək olar ki, bizdə belədir və bu şərtlər təəssüf ki, dəyişmir”.

Avropa standartları belə olanda niyə yada düşmür? Gözə görünən bir neçə böyük yerli şirkət və bir neçə xarici holdinq istisna olmaqla əməkdaşlarının hüquqlarını qoruyan, onlara lazımi şəkildə davranan neçə iş yeri var? Milli Məclisdə hörmətli deputatlarımız üçün bütün şərait yaradılıb. Əla. Belə də olsun, dost var, düşmən var. Amma sadə vətəndaşa da pay düşsün, onlar da yarısın. Standartlarını müqayisə elədiyimiz Avropada işsizlər bizdəki qədər zülm çəkirlərmi? Orada işsizə verilən aylıq müavinət burda bizim universitet qurtarıb hansısa ofisdə işləyən vətəndaşımıza verilən orta maaşdan çoxdur axı. Bəlkə də deyirlər ki, işsizlərə o qədər müavinət versək, kim işləmək istəyər. Bir qədər ironik, hətta acı səslənsə də, mən şahid oldum ki, bu günlərdə Norveçdəki həbsxana həyatından bəhs edən məqaləmizə sosial şəbəkə izləyiciləri hansı reaksiyanı verirdilər. Ümumi fikir bu idi ki, Norveç həbsxanasındakı iqtisadi, sosial rifah halına həsəd aparırlar. Məmnuniyyətlə orada bir müddət qalmaq istəyərlər.

Bu belə olmamalıdır. Bu qaydada düşüncə varsa, deməli, vəziyyət xoşagələn deyil. “Sabah görəsən, mən nə edəcəm, ailəmi nə ilə dolandıracam, nə yeyəcəyik?” qayğısı ilə keçən ömür itirilən illərdir. Bunu deyən tənbəl, avara insan deyil, işləmək istəyən, lakin iş tapa bilməyən, tapsa belə, aldığı 200 manatla başını saxlaya bilməyən ailə başçısıdır. Məşğulluq xidmətlərinə iş üçün müraciət edən vətəndaşa təklif olunan iş, bu işin müqabilində təklif olunan maaş biabırçı dərəcədə azdır. Axı Avropa standartları ilə qiymət tənzimləyən ölkənin Afrika standartları ilə yaşayan sakinləri olmamalıdır.

Bizimyol.info