Tribuna İnformasiya Agentliyi

Saakaşvilidən bütün gürcülərə çağırış: “Kömək edin, vətən məhv olur!”

12 Sentyabr

Gürcüstan hökuməti marixuananın tibbi məqsədlər üçün yetişdirilib ixrac edilməsi imkanlarını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu iddia ilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çıxış edib. Onun sözlərinə görə, marixuananın ölkədə leqallaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsinin verdiyi qərar öncədən Bidzina İvanişvili ilə razılaşdırılıb:

“Dünən Bidzina İvanişvili siyasi şuranı və Gürcü Arzusunu topladı. O, Gürcüstanı marixuananın istehsal və ixrac edildiyi ölkəyə çevirəcək qanunu dəstəkləməyə çağırdı.

Bir neçə ay əvvəl mən nə demişdim? Axı mən deyirdim ki, leqallaşma İvanişviliyə lazım idi. Ona görə ki, bir neçə həftə əvvəl onun qohumu Uça Mamatsaşvili Amerikadan bu işin mütəxəssislərini gətirib, Gürcüstanda narkokartel yaratmalı idi. Onlar bu gün həmin işi görürlər.

Mənim zamanımda Gürcüstan mədəniyyətin, inkişafın, logistikanın, yeni texnologiyaların regional qovşağı olmuşdu. İvanişvili bunun hamısını ortadan qaldırdı və indi Gürcüstanı narkoqovşağa çevirmək istəyir”.

Saakaşvili İvanişvilinin rəhbəri olduğu Gürcü Arzusu Partiyasına da müraciət edib:

“Mən Gürcü Arzusunun üzvlərinə müraciət edirəm: Siz də axı gürcüsünüz. Ola bilər ki, siyasi baxımdan bir-birimizin xoşuna gəlmirik, amma siz də vətəninizi sevirsiniz və İvanişvilinin sizi böyük problemə çəkdiyini anlayırsınız.

İvanişvili Gürcüstana nifrət edir və pulu sevir. Ona görə də o, prezidentliyə Zurabişvilinin namizədliyini irəli sürür və Gürcüstanı narkotik istehsal və ixrac edən ölkəyə çevirir. Üstəlik, Bidzina, Uça və Bidzinanın oğlu Bera bütün Gürcüstanı narkotik mağazaları şəbəkəsinə çevirmək istəyirlər. Bu, fakt və reallıqdır.

Gürcüstanın xilası üçün biz hamımız birləşməliyik. Hazırda partiya mənsubiyyətinin heç bir əhəmiyyəti yoxdur. Bu adam böyük şərdir və bu şər Gürcüstanda öz köklərini qoymamalıdır. Bu, Gürcüstan üçün böyük biabırçılıq olacaq. Əgər bu insan, Gürcüstanın yarısını hipnoz edən bu piton öz köklərini Gürcüstanda qoya bilsə, biz vətənsiz və dövlətsiz qalacağıq. Mən hətta canım bahasına olsa belə, onunla sona qədər mübarizə aparacağam. Ölkəsiz qalmamağımız üçün mənim sizin köməyinizə ehtiyacım var”.