Tribuna İnformasiya Agentliyi

Səyyar ASAN xidmət davam edir

06 Noyabr
Səyyar ASAN xidmət 8 oktyabr – 6 noyabr Şəkidə, 18 oktyabr – 6 noyabr Ağsuda, 22 oktyabr – 10 noyabr Binəqədi qəsəbəsində, 23 oktyabr – 7 noyabr Qobuda, 24 oktyabr – 22 noyabr Biləsuvarda, 24 oktyabr – 7 noyabr Xaldan qəsəbəsində, 29 oktyabr – 27 noyabr Şirvanda, 7 – 16 noyabr Samuxda, 7 noyabr – 6 dekabr Qusarda, 8 noyabr – 22 dekabr Dəllər qəsəbəsində, 10 – 29 noyabr Ağdaşda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən TİA.AZ-a bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İB tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, “Azəriqaz” İB tərəfindən göstərilən xidmətlər ilə bağlı xidmətlər də göstərilir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.