Tribuna İnformasiya Agentliyi

Sərnişinlər sığorta olunurmuş: Amma ancaq sənədlərdə -ARAŞDIRMA

05 Oktyabr

Oktyabrın 1-də 2 nəfərin ölümü və 41 nəfərin yaralanması ilə nəticələnən yol qəza hadisəsi bir daha avtobuslarda sərnişinlərin sığortalanıması məsələsini gündəmə gətirir. Sərnişindaşıma xidmətlərinin əsasən məsuliyyətsiz şirkətlərə və şəxslərə tapşırıldığı, nəzarət sisteminin demək olar ki, mövcud olmadığı Bakı şəhərində avtobuslardan və ümumiyyətlə nəqliyyat vaistələrindən istifadəsi zamanı sərnişinlərini həyatı sığortalanırmı?

Cebhe.info bu mövzuda araşdırma aparıb. Araşdırmamıza görə, əvvəllər “Sərnişinlərin icbari sığortası haqqında” Qanun mövcud olub. 2003-cü ildə qəbul olunmuş bu qanun 2011-ci ildə ləğv edilib. Bu zamandan sərnişinlərin icbari sığortası “İcbari sığorta növləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Qanundan çıxarışı təqdim edirik:

Sərnişinlərin icbari fərdi qəza sığortası sərnişindaşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir.

Mülkiyyətində sərnişindaşıma xidmətlərini həyata keçirmək üçün nəqliyyat vasitəsi olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxs həmin nəqliyyat vasitəsi ilə bağlı sərnişinlərin icbari fərdi qəza sığortası müqaviləsi bağlamaq üçün sərnişinlərin icbari fərdi qəza sığortası növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər.

Azərbaycan Respublikasının ərazisində, həmçinin xarici ölkələrə və ya xarici ölkələrdən qanunvericilikdə müəyyən edilmiş qaydada sərnişin daşıma xidmətlərini həyata keçirmək üçün mülkiyyətində nəqliyyat vasitəsi olan və ya belə nəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, həmçinin onu icarəyə götürmüş, yaxud digər qanuni əsaslarla istismar edən fiziki və hüquqi şəxslər nəqliyyat vasitələrinin sahibləri hesab olunurlar.

Nəqliyyat vasitəsi sərnişindaşıma xidmətini yerinə yetməsi ilə əlaqədar hərəkətdə olarkən və ya bu məqsədlə dayanacaqlarda (hava limanlarında, dəniz, dəmiryolu və ya avtobus vağzallarında, stansiyalarında, platformalarında və ya körpülərində) olarkən sığorta olunmuş sərnişinin nəqliyyat vasitəsində olduğu müddət ərzində sığorta risklərinin baş verməsi, yəni nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar sərnişinin bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilir.

Sığortaçı sərnişinlərin icbari fərdi qəza sığortası şəhadətnaməsi …üzrə sərnişinlərin sağlamlığına dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə, zərərin əvəzi sığorta olunanın müraciəti əsasında İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişi verilməklə ödənilir.
Bəs, sığorta hadisəsi baş verərsə, nə etmək lazımdır?

“İcbari sığorta növləri haqqında” Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası məqsədilə hazırlanlanan qaydalar mövcuddur. Bu qaydalar sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləğinin hesablanması ilə bağlı məsələləri tənzimləyir.

Hadisə baş verdikdə şəhadətnamədə göstərilən telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat verilməli.

Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün təcili yardım (103), zərurət olduqda FHN (112) və digər lazımi qurumlara xəbər verilməlidir.
Sığorta şirkətinin nümayəndəsi və (və ya) digər səlahiyyətli şəxslər baxış keçirənədək hadisə yerində heç bir dəyişiklik edilməməlidir.

Zərərin qarşısının alınması və həcminin azaldılması, hadisənin nəticələrinin aradan qaldırılması yaxud digər fəsadlara səbəb olmaması, zərər çəkmiş şəxslərin həyatının xilas еdilməsi üçün ağlabatan və mümkün olan bütün tədbirləri görülməlidir.

Zərərçəkənlərə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verilməlidir. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edilməlidir.

Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin forması sığorta şirkətindən tələb edilməli və doldurularaq dərhal sığorta şirkətinə təqdim edilməlidir. Yazılı sığorta tələbi nəqliyyat vaistəsinin sahibi tərəfindən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər.

P.S. Amma indiyəcən yol nəqliyyat hadisələri zamanı xəsarət alan və ya həyatını itirən şəxslərin yaxınlarının sığorta haqqından istifadə etdiyi bəlkə də müşahidə olunmayıb.