Tribuna İnformasiya Agentliyi

Şəhriyar Məmmədyarovu üstələyən şahmatçı əlavə imtiyazdan məhrum edilə bilər

21 Dekabr

Şahmat üzrə İddiaçılar Turnirinin növbəti tsiklində vitse-çempiona birbaşa iştirak hüququnun verilmə qaydası ləğv oluna bilər.

Bu barədə “Report”a Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov açıqlama verib. M.Məmmədov hazırda bu istiqamətdə müzakirələrin getdiyini bildirib: “Çoxları, o cümlədən, mən də fikirləşirəm ki, bu, düzgün deyil. Çünki vitse-çempion üçün həddən artıq imtiyaz anlamı verir. Futboldan götürsək, Xorvatiya Rusiyadakı dünya çempionatının finalında uduzubsa, DÇ-2022-nin final mərhələsinə birbaşa vəsiqə qazanmır. Hətta dünya çempionu Fransanın da belə hüququ yoxdur. Bu cür imkan yalnız ev sahibinə verilir. Ona görə də istək var ki, belə imtiyazları bir qədər azaldaq”.

FIDE rəsmisi hazırda məsələnin müzakirə mərhələsində olduğunu əlavə edib. Onun sözlərinə görə, yekun qərar 2019-cu ilin birinci rübündə və ya ortalarınadək qəbul olunacaq.

Qeyd edək ki, İddiaçılar Turnirinin son qalibi ABŞ təmsilçisi Fabiano Karuana olub. Bu yarışda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ikinci yeri tutub. Karuana dünya şahmat tacı uğrunda görüşdə norveçli Maqnus Karlsenə uduzub.