Tribuna İnformasiya Agentliyi

Şəhid ailələri üçün yeni komissiya yaradıldı

30 Aprel
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Komissiya yaradılıb. Fərmanın icrasının nazirlik tərəfindən aidiyyəti üzrə vaxtında, tam və yüksək səviyyədə təmin edilməsi məqsədilə yaradılan Komissiya bu gün ilk iclasını keçirib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  məlumat verilib.Komissiyanın sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Fərman 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tutur: “Sosial müdafiə əhəmiyyətli bu mühüm Fərmanın yüksək səviyyədə icrası, xüsusilə də qeyd edilən birdəfəlik ödəmənin verilməsi prosesinin tam şəffaf, ümumən vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə həyata keçirilməsi bu gün qarşımızda duran əsas vəzifələrdəndir. Nazirliyin əmri ilə yaradılan Komissiya tərəfindən bu istiqamətdə tədbirlərin təşkili və həyata keçirilməsi təmin olunacaq. Komissiya birdəfəlik ödəmələrin şəffaf şəkildə verilməsinin təşkili mexanizmini bir ay müddətində müəyyən edəcək”.
Nazir qeyd edib ki, Fərmanda nəzərdə tutulan şəxslərin ümumi siyahısının hazırlanması üçün aidiyyəti qurumlara müraciətin göndərilməsi ilə bağlı Komissiya tərəfindən konkret müddətlər müəyyən edilib: “Eyni zamanda, birdəfəlik ödəmənin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Sosial ödənişlər” alt-sistemində “Birdəfəlik ödəmələr” bölməsi və müraciətlərin vahid elektron reyestri yaradılacaq. Hərbi qulluqçunun ad və soyadını, atasının adını daxil etməklə müvafiq siyahıda olub-olmamasını müəyyən etməyə imkan verən internet informasiya resursunun fəaliyyəti də təmin ediləcək”.
S.Babayev vurğulayıb ki, bu işlər Fərmanda ödəniş edilməsi nəzərdə tutulan şəxslərin vərəsələrinin hər hansı süni maneələr və süründürməçilik olmadan şəffaf şəkildə bu hüquqlarının tanınmasını təmin edəcək, eyni zamanda ödəniş mexanizmi də aidiyyəti qurumlarla razılaşdırılaraq sadə, əlçatan və səmərəli şəkildə qurulacaqdır.İclasda 19 aprel 2018-ci il tarixli Fərmanın icrasının nazirlik tərəfindən vaxtında və yüksək səviyyədə təmin edilməsi üçün Komissiyanın qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı görəcəyi işlər ətraflı müzakirə olunub, nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.