Tribuna İnformasiya Agentliyi

“Şəhərin mərkəzindəki bərbərlə ucqardakı saç ustası eyni vergi ödəməməlidir”

06 Dekabr

Yeni ildən fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıq emalatxanalarının fəaliyyəti siyahısına bərbərlər (sabit məbləğ 20 manat), dərzilər (sabit məbləğ 10 manat) və ofisiantlar (sabit məbləğ 10 manat) daxil ediləcəklər.

Qeyd edək ki, sabit verginin hesablanması üçün xüsusi əmsallardan istifadə olunur. Məsələn, Bakıdakı bərbər ayda 40 manat, dərzi və ofisiantlar isə 20 manat ödəyəcəklər.

Bu şəxslər fəaliyyətlərini rəsmiləşdirmək üçün Vergilər Nazirliyindən aylıq, rüblük, 6 aylıq və ya illik “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin odənilməsi haqqında qəbz” alırlar və heç bir hesabat təqdim etmirlər.

Gözlənildiyi kimi, bu yenilik fərdi peşə sahibləri tərəfindən elə də isti qarşılanmayıb. Bərbərlər, pinəçiləri və digər peşə sahibləri sabit vergi məbləğinin artırılmasının onların maddi durumuna təsir edəcəyini bildiriblər.

“Yeni Müsavat”ın müxbiri vergiyə cəlb olunacaq olan peşə sahiblərinin çalışdığı obyektlərə baş çəkib.

Nizami rayonu ərazisində fəaliyyət göstərən gözəllik salonları, bərbərxanalar, dərzilər, pinəçilər yanvar ayından vergiyə cəlb olunacaqlarından xəbərdardırlar. Lakin bəzi peşə sahibləri vergilərin artırılmasından narazıdır. Narazı qalanlar daha çox bərbərlərdir. Onlar bildirirlər ki, hazırda da hər ay müəyyən məbləğdə vergi ödəyirlər.

Adının çəkilməsini istəməyən bərbər dedi: “Salonda hər usta 15 manat vergi ödəyirik. Yanvar ayından isə 40 manat vergi verməli olacağıq. Digər peşələrlə müqayisədə biz niyə daha çox vergi verməliyik? Düşünürəm ki, vergilər tətbiq olunan zaman həmin obyektin gəliri nəzərə alınmalıdır. Bütün bərbərxanalar üçün sabit vergi nəzərdə tutulması doğru deyil. Axı şəhərin ən qaynar yerlərindəki bərbərxanalarla ara küçələrdə fəaliyyət göstərənlərin qazancı eyni deyil. Biz saçı 3-4 manata kəsirik. Lakin şəhərdə 15-20 manatdan aşağı xidmət göstərmirlər. 40 manat vergi əslinə onlara tətbiq olunmalıdır”.

Vergilərin artırılması xəbərini eşidən digər bərbərlər də narazılıqlarını gizlətmədilər: “Hazırda ayda 10-15 manat vergi verib, işimizi görürük. Başa düşürəm, bir çox bərbərlərin VÖEN-i yoxdur. Müxtəlif yollarla aylıq ”hesab”larını lazım olan yerə çatdırırlar. İndi Vergilər Nazirliyi bunun qarşısını almaq istəyir. Hamıdan VÖEN tələb edilsin və biz də əvvəlki qaydada vergini kimlərinsə cibinə deyil, büdcəyə ödəyək. Məbləğ artırmaqla bizim də durumumuzu çətinləşdirməsinlər”.

Bərbərlərdən fərqli olaraq dərzilərin bir çoxu vergi ödəyicisidir. Baş çəkdiyimiz bir neçə dərzi köşkündə buna rast gəldik. Əksəriyyəti qapının girişinə vergi ödədikləri qəbzi asıblar. Bununla yoxlamaya gələn aidiyyəti qurumun nümayəndələrinin işini asanlaşdırırlar.

Dərzi Nofəl Cəfərovla söhbət zamanı aydın oldu ki, vergilərin tətbiq olunması onların ürəyincədir: “18 ildir ki, vergi ödəyicisiyəm, hər ay 15 manat vergi ödəyirəm. Gördüyünüz kimi, bunu təsdiq edən VÖEN-im var. Yeni qaydalarla 20 manat ödəməli olacağıq. Fərq etmə, əsas odur ki, işimiz getsin. Hər hansı vergi nümayəndəsi gəldikdə isə ödədiyim verginin qəbzlərini təqdim edirəm. Bütün işləri qayda-qanunla aparıram və heç kimə qeyri-rəsmi bir qəpik vermirəm”.

Öyrəndik ki, bir sıra obyektlər vergidən yayınaraq qeyri-qanuni şəkildə fəaliyyət göstərir. Əksər obyektlərin nə kassa aparatı, nə də VÖEN-i var…

Yeni vergi siyasəti ilə bu cür fəaliyyət göstərən bütün sahibkarlıq subyektləri və fərdi sahibkarlar vergiyə cəlb olunacaq.