Tribuna İnformasiya Agentliyi

Səfər Mehdiyevə daha bir FAKT – Preidentə şikayət olundu

31 Yanvar

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mətbuata verdiyi açıqlamasında monopoliya ilə ciddi mübarizə apardığını vurğulamışdı. Əlimizdə bu iddianı yalanlayacaq konkret fakt olmadığından, əks arqumentlə çıxış etmək niyyətində deyilik. Amma redaksiyamıza göndərilən bir məktub Komitədə hələ də iş adamlarını narazı salan hadisələrin yaşandığını təsdiqləyir.
İş adamı Səxavət Mustafayevin məktubundan belə anlaşılır ki, o, uzun zamandan bəri DGK ilə anlaşa bilmədiyi bir məsələni məhkəməyə çıxarıb. Dövlətin ali hakimiyyət qollarından biri olan məhkəmənin çıxardığı hökm belə, bizim gömrükçülərin umrunda olmayıb. Onlar iş adamının məhkəmə hökmüylə təsdiqlənmiş qanuni tələblərini yerinə yetirmədiklərindən Səxavət Mustafayev ölkə rəhbərinə müraciət etmək məcburiyyətində qalıb. Özü də bir dəfə yox, 3 dəfə. DGK isə, deyəsən, heç hakimiyyətin ən ali orqanınından çəkinmir. Əks halda iş adamının dəfələrlə ölkə rəhbərinə məktub yazmağa vadar edilməzdi. Həm də Prezident İlham Əliyevin ölkədə biznes mühitini yaxşılaşdırmaq tədbirlərini ciddi cəhdlə tələb etdiyi bir zamanda.

İş adamının surətini redaksiyamıza göndərdiyi məktubunu olduğu kimi təqdim edirik:

“3-cü dəfə T Ə K R A R

Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikası Məhkəmə-Hüquq

Şurasının sədri cənab Fikrət Məmmədova

info@ilc.gov.az
Surəti: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri cənab Əliyev İslam Əli oğluna

contact@sumgayitaecourt.gov.az

Bakı şəhəri, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi,ev 1B,m.1 ünvanda yaşayan Mustafayev Səxavət Nurəhməd oğlu tərəfindən

Ə R İ Z Ə

Cənab prezident!

Mən 07 aprel 2018-ci il və 29 may 2018-ci il tarixlərdə Sizə yazılı məktubla, 01 iyun 2018-ci il tarixdə isə mətbuat vasitəsi ilə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19.01.2018-ci il tarixdə qüvvəyə minmiş 28.06.2017-ci il tarixli, 2-1(85)-864/12017 nömrəli qərarının icra olunmamasından şikayət etmişdim. Eyni zamanda sözügedən qərarın icra olunmasına köməklik göstərməyinizi Sizdən xahiş etmişdim. Eyni xahişlə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri cənab Əliyev İslam Əli oğluna müraciət etmişdim. Bundan başqa 07 aprel 2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi cənab Quliyev İsmayıl Rza oğluna ərizə ilə müraciət edərək məhkəmə qərarını icra etmədiyinə görə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinin 3-cü və 4-cü bəndlərinin tələbinə əsasən Sumqayıt Baş Gömrük İdarəsini cərimə etməsini və sözü gedən məhkəmə qərarının icra olunması üçün qanuni tədbir görməsini xahiş etmişdim.
16.04.2018-ci il və 04.06.2018-ci il tarixlərdə mənim müraciətlərim Məhkəmə-Hüquq Şurasından qanuna müvafiq baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilsə də, təəssüflə bildirirəm ki, həmin qərar bu günədək icra olunmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakiminin 06.02.2018-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinə göndərdiyi xəbərdarlıq məktubunda bildirilir ki, sözü gedən məhkəmə qərarı icra olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq 50 000(əlli min) manatadək məbləğdə cərimə oluna bilərsiniz. Mənim təkrar müraciətimdən sonra isə hakim İsmayıl Quliyev 16.04.2018-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinə daha bir məktub göndərməklə kifayətlənir və artıq birinci xəbərdarlıqdan iki ay yarım vaxt keçməsinə baxmayaraq yenə də heç bir tədbir görülmür.

Cənab prezident!

Azərbaycan Respublikası adından qəbul olunmuş sözü gedən qərarın icra olunmasında mənə köməklik etməyinizi bir daha Sizdən xahiş edirəm.
İmza: Mustafayev Səxavət Nurəhməd oğlu \\xalqxeber.az\\