Tribuna İnformasiya Agentliyi

Şəfəq Hüseynli: “Bizə rüşvət təklif edirlər”

25 Dekabr
Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) Azərbaycanda korrupsiya halları ilə üzləşib.
TİA.AZ “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bəzi idmançı və məşqçilər tərəfindən qaydaları pozmağın müqabilində korrupsiya xarakterli müxtəlif təkliflər olub.
AMADA-nın direktoru bildirib ki, yerli idman federasiyalarına qarşı sanksiya tətbiq edə bilər. Onun sözlərinə görə, buna səbəb bəzi federasiyaların idmançıların siyahısını AMADA-ya vaxtında təqdim etməmələridir: “İdmançıların siyahıları, eləcə də təlim-məqş toplanışların vaxtı və yeri öncədən bildirilməlidir. Təəssüf ki, bəzi federasiyalar test zamanı idmançıları gizlədirlər, qaçırırlar. Testlərin qeydiyyatdan keçməyən laborotoriyalarda verilməsi də qəbulolunmazdır”.
Ş.Hüseynli bildirib ki, AMADA 2019-cu ildə hüquq-mühafizə oraqanları ilə birgə bir neçə əməliyyat keçirməyi planlaşdırır. Onun sözlərinə görə, peşəkar idmançılarla yanaşı, müxtəlif fitnes-zallarda məşqçilər tərəfindən yeniyetmələrə müxtəlif harmonal tərkibli maddələrin verilməsi qanuna ziddir. Qurumun direktoru bildirib ki, bu cür halların qarşısını almaq üçün tədbirlər görüləcək.
Ş.Hüseynli qeyd edib ki, Azərbaycan Premyer Liqasında çıxış edən bəzi futbolçular AMADA-nın test qrupunda yer almaqdan narazıdırlar. O bildirib ki, qrupda yer almağa etiraz edən futbolçulardan biri də Azərbaycan millisinin və “Qarabağ” klubunun yarımmüdafiəçisi Qara Qarayevdir: “Hər dəfə deyirdi ki, məni həmin siyahıdan çıxarın. Lakin onunla söhbətim oldu, danışdıq. Hər şeyi başa düşdü. Futbolçular anlamalıdır ki, məkan məlumatlarını vaxtında verən idmançılar müəyyən zamandan sonra siyahıdan çıxarılır. Qarayev bizimlə söhbətdən sonra təşəkkür etdi. O, bundan sonra AMADA-nı dəstəkləməyə və qurumun təşkil etdiyi tədbirlərdə iştirak etməyə hazırdır”.