Tribuna İnformasiya Agentliyi

“Rüşvət istəyirlər? “Otkat” tələb edirlər? Zəng vur…”

23 Sentyabr

Prezident Vladimir Zelenski Ukrayna vətəndaşlarını korrupsiya barədə məlumat verməyə və dərhal Milli Antikorrupsiya Bürosuna müraciət etməyə çağırıb. Virtualaz.org Ukrayna mətbuatına istinadən bildirir ki, prezident bu barədə şəxsi Facebook səhifəsi vasitəsilə videomüraciətində bildirib.

“Hörmətli ukraynalılar, mən sizin tez-tez bu növ çağırışlarda və ya fləşmoblarda iştirak etməyinizi tövsiyə etmişəm. İndi isə hər bir Ukrayna vətəndaşının iştirak edə biləcəyi ən irimiqyaslı çağırış başlayır. Hər hansı bir video hazırlamaq və ya heç bir haştaq qoymağa ehtiyac yoxdur. Yalnız bir məsələyə ehtiyac var – qanunla yaşamaq”, – deyə V. Zelenski əlavə edib.

Dövlət başçısı hakimiyyətin vətəndaşların köməyinə ehtiyac duyduğunu vurğulayaraq, habelə insanların vergi ödəmədiyi halda – oliqarxdan tutmuş taksi sürücüsünə qədər, iqtisadiyyatın canlandırılmasının mümkün olmadığını qeyd edib.

“Əgər korrupsiyaya göz yumsanız və ya dövlət vəsaitlərinin talanmasında susmaqla iştirakçı olsanız, korrupsiyanı məğlub edə bilməyəcəyik. Müraciətim hər bir vətəndaşa aiddir: əgər sizdən rüşvət istəsələr və ya hər hansısa korrupsiya sxemi təklif edirlərsə, zəhmət olmasa susmayın. Sosial şəbəkələrdə yazmaq lazım deyil. Budur, Milli Antikorrupsiya Bürosunun (NABU) qaynar xətti ilə əlaqə saxlayın. Çağırın və məlumat verin, hüquq mühafizə orqanları müraciətinizə cavab verəcək və cəzalandıracaq”, – deyə Zelenski videomüraciəti yekunlaşdırıb.