Tribuna İnformasiya Agentliyi

Rüşü ilə üzünüz günəş kimi parlayacaq – 20 qəpiklik təbii pilinq daşı

08 Dekabr
Rüşü qədim fars hamam mədəniyyətindən müasir günümüzədək gəlib çatmış təmizlik vasitəsi hesab olunur. Ruşu, rüşür, ruşur, rüşül və bir neçə bənzər adlarla tanınan və tərkibi təbii maddələrdən ibarət olan bu vasitə ölkəmizdə bir o qədər də populyar deyil. 
Medicina.az xəbər verir ki, rüşü əsasən İran dükanlarında bir ədədi 20 qəpiyə satılır. Son 2 ildə bəzi xanımların bu vasitəni kəşf etməsiylə parfümeriya dükanlarına da yayılıb.
Lakin bir çoxları hələ də ən ucuz dəri təmizləyicisindən xəbərsizdir.
Rüşü dərini tamamilə təmizləyib hamar edir, qara nöqtələri aradan qaldırır, səpkiləri azaldır, dərini yumşaq edir. Duş qəbul etdikdən sonra dəri yumşaldığı üçün rüşüdən üz kisəsi kimi istifadə etmək lazımdır. Rüşü dərinin məsamələrini təmizləyir və nəfəs almasını təmin edir.
Rüşünün tərkibi tam təbii maddələrdən ibarətdir. Belə ki, hazırlanması zamanı əsasən təbii yollarla əmələ gələn minerallar və heyvan piyindən istifadə edilir. Rüşü hələ qədimlərdən təmizlik vasitəsi kimi istifadə edilir. Şərq ölkələrində, əsasən də İranda populyar olan rüşü və kisə hamamların ayrılmaz ikilisi hesab olunur.
Rüşüdən həmçinin, yara və yanıq izlərindən, yaşlılıq ləkələrindən, günəş qaralmasından xilas olmaq, hamiləlik ləkələrini yox etmək və hətta dərinin rəng tonunun açılmasına qədər bir çox məqsədlər üçün istifadə edilir.
Tərkibində olan minerallar səbəbindən yalnız təmizləyici deyil, həm də qidalandırıcı xüsusiyyətlərə malikdir.
Rüşü qədim pilinq vasitəsidir desək yanılmarıq. Çünki unikal tərkibi sayəsində dərinin üzərini və məsamələri örtən kir, toz, ölü dəri hüceyrələri, piy və s kimi zərərli maddələrdən təmizləyib qidalandırır.
İstifadəsi:
Əvvəlcə bədəni isladın, daha sonra isə kisəni isladaraq rüşürü üzərinə çəkin. Kisələnin. Bununla da bədəndəki bütün ölü hüceyrələrdən qurtulacaqsınız. Daha sonra su və sabunla yaxalanın.
Rüşü ilə üz dərisini təzmizlənmək istəyənlər isə onu əlinə çəkib, daha sonra üzünə sürtməlidir. 1 dəqiqə gözlədikdən sonra üz dərisini ovxalayaraq masaj etmək lazımdır. Daha sonra üzü sabunla yumaq lazımdır.
Daşı birbaşa üzə də çəkmək olar. Lakin bunu üzü zədələmədən, çox ehtiyatla edin. Belə ki, daşın üzərindəki möhür izini bir bıçaqla təmizləyin. Daha sonra rüşünü üzünüzə ehtiyatla çəkin. Üzünüzdən topa-topa çirklərin çıxacağının şahidi olacaqsınız. Sanki üzün bir qat dərisi soyuluq effekti yaranacaq. Halbuki üzdən çıxan şey toz, yağ, kir və s.-dir. Hamamdan çıxdıqdan sonra üzünüzə nəmləndirici çəkin.
Rüşünü hər gün istifadə etmək məsləhət deyil. Həftədə 2 dəfə istifadə etmək yaxşı nəticə əldə etmək üçün kifayətdir.
Qeyd edək ki, rüşü ilə üzü təmizlədikdən sonra quruluq hissi yaranmır. Əksinə, üz təbii pilinqdən sonra günəş kimi parlayır desək, mübaliğə etmiş olmarıq.