Ruslara əsir düşməmək üçün… – Ukrayna ordusunun bakılı kəşfiyyatçısıbackend

Ruslara əsir düşməmək üçün… – Ukrayna ordusunun bakılı kəşfiyyatçısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə edilən şəxs Ukraynanın müasir hərb tarixinin tanınmış simalarından biridir.

 

İlqar Bağırov – Ukrayna Silahlı Qüvvələrinin şəhid kapitanı.
İlqar Bağırov 1970-ci il oktyabrın 29-da Bakıda hərbçi ailəsində anadan olub. 1992-ci ildə Xarkov Ali Hərbi Aviasiya Mühəndisliyi Məktəbini bitirib. Ukrayna ordusunun sıralarında 69-cu bombardmançı aviasiya alayının zabiti kimi xidmətə başlayıb. Ukrayna Silahlı Qüvvələri Akademiyasını bitirib. Qostomel rabitə və 59-cu motoatıcı piyada briqadalarında xidmət edib. 2002-ci ildə təqaüdə çıxıb və dövlət qulluğuna gedib. O illərdə Kiyevin Qostomel rayonunda yaşayıb, daha sonra İrpenə köçüb.
“Balu”
Bağırov 2014-cü ilin mart ayında yenidən orduya qayıdıb. Ukrayna Silahlı Qüvvələrində hərbi xidmət keçən İlqar Bağırov Donbasda döyüşlər başlayan gündən Müdafiə Nazirliyinin nəzdində yaradılan 11-ci “Kiyevskaya Rus” müdafiə batalyonunda kəşfiyyat qrupunun rəhbəri olub. Mayın 12-də cəbhəyə gedib. Avqust ayının sonunda Debaltsevo döyüşlərinə qatılıb. Bağırov Debaltsevo və Rostov-Donu birləşdirən magistral yolda bir nəzarət məntəqəsinə komandanlıq edib. Ordu sıralarında “Balu” ləqəbi ilə tanınıb. Hərbçi yoldaşları onu Redyard Kiplinqin əsərindəki (“Mauqli”) ayıya bənzədirdi.
Düşmən mühasirəsində
Debaltsevo uğrunda döyüşlərdə nəzarət məntəqəsinin müdafiəsinə rəhbərlik edib. 2014-cü il oktyabrın 1-də onun rəhbərlik etdiyi qrup Debaltsevo və Faşçevka arasında gedən döyüşlərdə mühasirəyə düşüb. İddiaya görə, onun və qrupunun rusların mühasirəsindən çıxmaq imkanı olmayıb. Düşmənə əsir düşmək istəməyən Bağırov özünü qumbara ilə partladıb. Başqa bir iddiaya görə, Donbas separatçıları Bağırov və qrupunun döyüşçülərindən təslim olmasını tələb edib, lakin o, qumbara ataraq düşmən hərbçilərindən birini yaralayıb və o məqamda vurulub. İlqarın həmin döyüşlərdə həlak olduğu məlumatı təsdiqlənib.
Döyüş meydanındakı iki məzar
Bağırov döyüş meydanında “Bayquş” ləqəbi ilə tanınan bir əsgərlə dəfn edilib. Daha sonra cəsədi tapılıb. Ukrayna Silahlı Qüvvələrinin komandanlığının ruslarla iki ay davam edən danışıqlarından sonra Bağırovun nəşinin qaytarılması razılaşdırılıb. Cənazə mərasimi noyabrın 27-də İrpen şəhərində baş tutub.
Saleh Bağırov ukraynalı Tatyana Bağırova evli idi. Ondan geriyə Yevgeniya adlı bir qızı yadigar qalıb. Ailəsi İlqardan son mesajı sentyabrın 29-da alıb.
“Cəsarət” ordeni
Ukrayna Prezidentinin bu ölkənin dövlət suverenliyi və ərazi bütövlüyünün qorunması və müharibə dövründə hərbi andına sadiq qalmasına görə, 22 yanvar 2015-ci il tarixli fərmanı ilə İlqar Bağırov ölümündən sonra III dərəcəli “Cəsarət” ordeni ilə təltif edilib. Mükafat şəhid kapitanın ailəsinə verilib.
Ukrayna Azərbaycanlıları Konqresi İlqar Bağırovun Ukrayna Milli Qəhrəmanı adına namizəd göstərilməsini təklif edib. Ölümündən sonra Ukrayna-Azərbaycan Beynəlxalq İttifaqının Fəxri ordeni ilə təltif olunub.
2015-ci il dekabrın 23-də İrpen İqtisad Kollecində Bağırovun şərəfinə xatirə lövhəsi açılıb.
Səhranın ağ günəşi
Ukraynada nəşr olunan “Fakt” qəzetinin əməkdaşı Valentina Sıtnik onun haqda yazır:
“Sentyabrın 28-də 11-ci ərazi müdafiəsi taborunun hərbçiləri tərəfindən qorunan nəzarət-buraxılış məntəqəsində oldum. Rusiya Rostovunu Debaltsevo şəhəri ilə birləşdirən bir avtomobil yolu var. Düşmən bu nəqliyyat arteriyasını ələ keçirməyə çalışır. Buna görə də üç aydan çoxdur ki, yaxınlıqda yerləşən qəsəbə və kəndlər uğrunda döyüşlər gedir. Ukrayna tərəfi mütəmadi olaraq “Qrad” və minaatanlardan atəşə tutulur. Mərmilərdən biri nəzarət məntəqəsinin sursat anbarına dəydi. Gördüyüm mənzərə qorxunc idi: kraterlər, mərmilər, parçalanmış taxta qutular… Ancaq bu, əsgərlərin əhval-ruhiyyəsinə təsir göstərmədi.
Əsgərlərin ruhu “Balu” ləqəbi ilə tanınan kəşfiyyat qrupunun və nəzarət məntəqəsinin komandiri İlqar Bağırov tərəfindən qorunur. Dayandığımız yerə gəldi, müdafiə bəndlərini yoxladı. Yaşıl yun gödəkçəsi, kamuflyaj şalvarı və çəkmələri olan bir kişi gülərüz, inamlı yerişlə bizə yaxınlaşdı. İstər-istəməz onun “Səhranın ağ günəşi” filmindəki gömrük idarəsinin rəisi Verşaginə çox bənzədiyini düşündüm. “Balu” haqda əvvəllər də eşitmişdim, batalyonda əfsanəvi insan olduğunu bilirdim. Buna görə dərhal onu sorğu-sual etməyə başladım. “Bütün suallarınızı mütləq cavablandıracağam”,- deyə komandir mehribanlıqla gülümsündü. “Ancaq gəlin daha sonra və daha sakit bir yerdə görüşək. İndi ən qısa vaxtda buradan çıxsanız yaxşıdır, çünki təhlükəlidir”, – bizə dedi.
Üç gün sonra Balunun tabeliyindəki qrupla birlikdə kəşfiyyata getdiyini öyrəndim. Qrup geri qayıtmadı. Bir gün sonra internetdə batalyon döyüşçülərindən birinin terrorçu tərəfindən dindirilməsinin videosu yayıldı. Onun həlak olmasından danışırdılar. Heç kim buna inanmaq istəmirdi. Əsgərlər deyirdilər ki, cəsədini görənə qədər Balunun ölümünə inanmayacaqlar. Qrupun itkin düşməsindən dərhal sonra tabor zabitləri əsir düşdükləri iddia olunan kazaklarla danışıqlar aparmağa çalışdılar. Danışıqlar iki ay davam etdi”.