Ruslar “putinləşib”, iqtisadi itkilər onlara təsir etmir… – Defoltla bağlı şərhbackend

Ruslar “putinləşib”, iqtisadi itkilər onlara təsir etmir… – Defoltla bağlı şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Rusiya iyunun 27-də dövlət borcu öhdəlikləri üzrə defolt edib. Moskva 100 milyon dollarlıq faiz ödəməsinin son ödəniş tarixini qaçırıb.
Ölkənin borcları ödəyə biləcək qədər vəsaiti olsa da, sanksiyalar bu ödənişin həyata keçirilməsini əngəlləyib.
Qeyd edək ki, Rusiya son dəfə 1918-ci il­də beynəlxalq borcunu ödəyə bilməmişdi.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, Rusiya iqtisadiyyatı defolt olmayıb.
Bu, texniki məsələdir, süni defoltdur. Rusiya pul ödəmək istəyir, sanksiyalara görə edə bilmir:
“Ölkələrin texniki defoltu o zaman ağrılı olur ki, bundan sonra həmin ölkələrə heç kim borc-kredit vermir. Rusiyaya zatən kredit verən yox idi, indi də olmayacaq”.
N. Cəfərli əlavə edib ki, orta-uzun vədədə Rusiya zəifləyəcək:
“Amma dünya və Ukrayna uzun zaman davam gətirə biləcəkmi… Bax, əsas sual budur. Çünki, Qərbin ən güclü yeri demokratiya, seçki olduğu kimi ən zəif yeri də məhz seçki və demokratiyadır. Dünyada qiymət artımı, inflyasiya, qeyri-sabitlik demokratiyalara zərbə vurur, indiki hakimiyyətləri zəiflədir, növbəti seçkilərdə onların məğlubiyyətinin zəminini hazırlayır. Putin kimi diktatorun isə seçki və demokratiya dərdi yoxdur, ondan bunu tələb edən toplum da yoxdur, ona görə də demokratiyanın “yan təsirlərindən” sığortalanıb vəhşi kimi müharibə aparır, hələ uzun aylar da aparmağa qadirdir. Toplum “putinləşib”, nə iqtisadi itkilər, nə də insan ölümlərinin sayı onlara təsir etmir”.
İqtisadçı-ekspert Elşad Məmmədov isə bildirib ki, artıq Qərb Rusiyaya qarşı defoltu elan edib.
Çünki müxtəlif hesablamalara görə, Rusiyanın 300 milyard dollarlıq suveren valyuta ehtiyatları faktiki olaraq həbs edilib və dondurulub. Bu da o deməkdir ki, Qərb Rusiya qarşısında öz öhdəliklərini yerinə yetirməkdən, yəni borcunu qaytarmaqdan imtina edir. Bunun özü ödəniş qabiliyyətinin itirilməsi deməkdir.
Əlavə edək ki, rəsmi Kreml iddialarla razılaşmayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Rusiya rəhbərliyinin mövqeyi hamıya məlumdur:
“Söhbət ondan ibarətdir ki, Qərb Rusiya aktivlərini qeyri-qanuni bloklayıb və bu pullardan hər hansı şəkildə istifadə etmək cəhdləri də qeyri-qanuni olacaq, mahiyyətcə açıq-aşkar oğurluq demək olacaq. Bu defolt iddiaları da tamamilə əsassızdır, çünki xarici valyutada lazımi ödəniş may ayında həyata keçirilib. Euroclear-ın bu pulu tutaraq alıcılara çatdırmaması isə artıq bizim problemimiz deyil. Yəni ki, bu halda bu vəziyyəti defolt adlandırmaq üçün heç bir əsas yoxdur”.