Tribuna İnformasiya Agentliyi

Rusiyanın yük maşınları Ermənistana hərbi texnika daşıyır

23 Mart

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri ötən gün martın 22-də jurnalistlərə bildiriblər ki, Bolnisi regionunda Ermənistana hərbi texnika daşıdığı ehtimal olunan şübhəli Rusiya yük maşınları görünüb. 
Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri ötən gün martın 22-də jurnalistlərə bildiriblər ki, Bolnisi regionunda Ermənistana hərbi texnika daşıdığı ehtimal olunan şübhəli Rusiya yük maşınları görünüb.

Virtualaz.org Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, müxalifət nümayəndələri həmin maşınların Rusiya dövlət nömrə nişanları daşıdığını, daşınan yüklərin üzərinin brezentlə möhkəm örtüldüyünü deyiblər.

Bu xəbərə Müdafiə Nazirliyi münasibət bildirib və məlumatın “həqiqətə uyğun olmadığını” açıqlayıb. Nazirlik bildirir ki, daşınan yük hərbi yox, mülki texnika olub. Hərbi yüklərin tranziti üçün Rusiya əvvəlcədən Gürcüstana müraciət edib müvafiq razılıq almalıdır. “Lakin neçə illərdir ki, nə Ermənistan,  nə Rusiya tərəfindən Gürcüstana belə müraciət daxil olmur, müvafiq olaraq da Gürcüstan tərəfi Ermənistana silah tranziti barədə heç bir icazə vermir”-Müdafiə Nazirliyi bildirir. 

Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili isə deyib ki, ölkə üzərindən Ermənistana doğrudan da texnika tranziti həyata keçirilib. Və bu tranziti Belarus vətəndaşları həyata keçirib, daşınan isə hərbi texnika yox, xilasetmə əməliyyatlarında istifadə olunan texnika idi. “Həmin texnika xilasetmə əməliyyatları üçün nəzərdə tutulub, onun üzərində hansısa silah quraşdırılmayıb. Müvafiq olaraq bizim qanunvericiliyə görə həmin texnika hərbi təyinatlı deyil”-Sesiaşvili deyib. Lakin komitə sədri söhbətin hansı texnikadan getdiyini açıqlamayıb.

Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan Rusiya hərbi yüklərin quru və hava yoluyla ölkə üzərindən Ermənistana tranzitini rəsmən dayandırıb. Lakin nə sirrdirsə bu qadağa Rusiyanın Ermənistana silah daşımasına, o cümlədən 102-ci bazanın təchizatına və arsenalının genişləndirilməsinə, habelə bu ölkəyə onlarla yeni qırıcı və vertolyotların göndərilməsinə təsir etməyib. Rusiyanın Ermənistana silah təchizatını hansı marşrutla həyata keçirdiyi barədə müxtəlif iddialar var. Bir müddət əvvəl Gürcüstan ekspertləri açıqlamışdılar ki, silah daşıyan Rusiya təyyarələri separatçı Abxaziya və Cənubi Osetiya istiqamətindən ölkənin hava məkanına daxil olur, daha sonra Türkiyə sərhədi boyu uçur və Bolnisi üzərindən yenidən Gürcüstanın hava məkanına daxil olaraq Ermənistana keçir.