Rusiyanın Azərbaycandan tələbi: – 120 min vətəndaşımızın taleyi necə olacaq?backend

Rusiyanın Azərbaycandan tələbi: – 120 min vətəndaşımızın taleyi necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib. Bu barədə nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib.

Rusiya Federal DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır.

Bəs 120 min azərbaycanlının geri qayıtması indiki durumda ölkəmiz üçün hansısa problemlərə səbəb ola bilər? Azərbaycan hökuməti bununla bağlı hansı ön tədbirləri görməlidir?

“120 min vətəndaşı qəbul edə bilərik”

Məsələ ilə bağlı Bakupost.az -a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Rusiyanın qanunlarında həmin şəxslərin ölkədən çıxarılmasına dair məlumat əks olunubsa, biz ona heç nə deyə bilmərik:

“120 min nəfər vətəndaşımızın Rusiyadan deport ediləcəyini düşünmürəm. Çünki onlar kifayət qədər çox müddət ərzində orada yerləşib fəaliyyətlə məşğul olan insanlardır. Onlar qısa bir müddətdə öz sənədləşmələrini qaydaya salacaqlar. Qayıdacaqları təqdirdə də vətəndaşlarımız üçün Azərbaycanda heç bir çətinlik olmayacaq. 120 min vətəndaşı qəbul edə bilərik. Hansısa problemlərin yaranacağını düşünmürəm. Ölkəmizin kifayət qədər gücü var, onları işlə təmin etmək iqtidarımız da var. Yeni-yeni müəssisələr açılır. Bu baxımdan hansısa problemin olacağını gözləmirəm”.

“Rusiyada yaşayan azərbaycanlılar qazandıqları vəsaitlərin bir qismini öz ailələrinə və yaxınlarına göndərirlər”

İqtisadçı alim, millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, pandemiya dövründə Rusiya Federasiyasının digər MDB ölkələrə göndərilən vəsaitlərin həcmində azalmalar müşahidə olunsa belə, yenə də onun payı yüksək olaraq qalır:

“Mərkəzi Bankın rəsmi məlumatlarına görə, pandemiyadan əvvəlki dövrdə Rusiyadan Azərbaycana 1 milyard dollara yaxın vəsait göndərilirdi. Xüsusən rayonda yaşayan ailələr Rusiyada yaşayan qohumları tərəfindən pul əldə edirdilər. Rusiyada yaşayan azərbaycanlılar qazandıqları vəsaitlərin bir qismini remitens formasında öz ailələrinə və yaxınlarına göndərirlər. Bu da təbii ki, Rusiyadan Azərbaycana daxil olan vəsaitin həcminə təsir edir. Təbii ki, pandemiya Rusiya iqtisadiyyatına da təsir göstərib. Azərbaycanlıların gəlirliliyinə də neqativ təsir göstərib. Amma bütün hallarda bizim əsas hədəfimiz post-pandemiya dövründə həm özəl sektorda yaradılan iş yerlərinin sayını artırmaq, həm də biznesin fəaliyyətini daha çox genişləndirməkdir. Rusiyadan Azərbaycan üçün iqtisadi əlaqələr vacibdir. Çünki Azərbaycan qeyri-neft ixracatının təxminən 3-də 1-i Rusiyanın payına düşür. Rusiya Azərbaycanın ümumi ticarət dövriyyəsində xüsusi paya malikdir. Gələcəkdə əgər Rusiyadan Azərbaycana qayıdan həmyerlilərimiz olarsa, onların özəl sektorda işlə təmin təmin olunması, öz fəaliyyətlərini, bizneslərini yenidən Azərbaycanda qurması istiqamətində də dəstəyin davam edəcəyi gözlənilir. Bütövlükdə məqsəd ondan ibarətdir ki, post-pandemiya dövründə real sektorda aktivlik qısa müddətdə bərpa olunsun. Bu da əmək bazarında işaxtaran vətəndaşlarımızın daha qısa zamanda işlə təmin olunmasına şərait yaratsın”.

“Deportasiya ölkədə işsizliyin artmasına, iqtisadi problemlərə səbəb ola bilər”

Məsələ ilə bağlı millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı da öz fikirlərini bildirib:

“Soydaşlarımızın illər öncə ölkəni tərk etməsinin səbəbləri sırasında Rusiyanın bölgədə apardığı siyasət mühüm rol oynayıb. Bu cür məcburi miqrasiyanın əsas səbəblərindən biri də soydaşlarımızın erməni quldurları tərəfindən öz tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və nəticədə bir milyon insanın evsiz-eşiksiz, işsiz qalması ilə əlaqədardır. Xalqımızın bu faciələri yaşamasında Rusiyanın Ermənistana himayədarlıq etməsi, onu silahlandırması da danılmaz faktlardandır. Bu mənada hazırda Rusiyada yaşayan azərbaycanlıların çoxu belə bir acı taleyi yaşamış adamlardır və onlar Rusiyaya xoş gündən gəlməyiblər. Şimal qonşumuz münasibətləri gərginləşdirməyə çalışan qüvvələrə münbit şərait yaradılır və hər dəfə miqrant faktorundan Azərbaycana təzyiq kimi istifadə olunur.

Rusiya DİN rəsmisinin son bəyanatı ilə bağlı Azərbaycan hökuməti təcili tədbirlər görməlidir. 120 min əmək fəaliyyəti ilə məşğul olan həmvətənimizin Azərbaycana deportasiya olunması onların hüquq və azadlıqlarının pozulmasına, ölkədə işsizliyin artmasına, iqtisadi problemlərə və digər narahatlıqlara səbəb ola bilər. Odur ki, ASAN xidmət, Rusiyadakı səfirlik və konsulluqlarımız, digər dövlət təşkilatları ilə birlikdə, gözlənilən deportasiyanın qarşısının alınması üçün qabağlayıcı tədbirlər görməlidirlər”.

“120 min insanın hamısı deport olunmur”

İqtisadçı-ekspert Günay Hüseynova deyib ki, bu qərar qeyri-qanuni immiqrantlara aiddir:

“Rusiya Federasiyasında 120 mindən çox (rəsmi) azərbaycanlı yaşayır. Yəni bu qərar onların hamısına şamil olunmayacaq. İllərlə Rusiyada yaşayan, oranın vətəndaşlığını alan, biznes sahibi şəxslər var. Bütün ölkələrdə belədir ki, xarici vətəndaşın müəyyən gün hesabı ilə (ölkələrin daxili qanunlarına görə dəyişir) qalmaq haqları var, daha sonra yaşamaq icazəsi almalıdır və yaşadığı yeri rəsmi olaraq dövlətə bildirməlidir. Rusiya ərazisində yaşayan azərbaycanlılara qaldıqda isə qeyd etdiyim kimi bu qayda yalnız qeyri-qanuni immiqrantlara aiddir. Onlar da böyük ehtimalla qeyri-qanuni qaldıqları müddətin cəzasını (nəğd pulla) ödəyəcək, ölkədə yaşama icazəsi alacaqlar və ya əks təqdirdə deport olunacaqlar. Ölkə ərazisindən iqtisadi göstərici kimi Azərbaycana bir o qədər də təsiri olacağını düşünmürəm. Əlbəttə, orada işləyən insanlar ailələrinə pul göndərirdilər. Lakin 120 min insanın hamısı deport olunmur. İstər Rusiya, istər digər ölkələrdə yaşayan vətəndaş bilməlidir ki, əgər o ölkənin ərazisində daimi və ya müvəqqəti yaşayırsansa, qeydiyyata düşməli və ölkənin daxili qaydalarına əsasən qanunlara tabe olmalıdır”.