Tribuna İnformasiya Agentliyi

Rusiyada FTX binasında partlayış: teraktı tələbə törədib-FOTO

31 Oktyabr

Rusiyanın İstintaq Komitəsi Federal Təhlükəsizlik Xidmətinin Argangelsk vilayət İdarəsinin şəhərdəki binasında partlayış törətmiş şəxsin fotosunu yayıb.

Milli.Az bildirir ki, 17 yaşlı gənc partladıcı qurğunu bel çantasında gizlədibmiş.

Bomba binaya girişdə, metal detektorun qarşısına işə salınıb.

Rusiyanın Milli Antiterror Komitəsinin yaydığı açıqlamaya görə, partlayışda 17 yaşlı gənc həlak olub, FTX-nın üç əməkdaşı yaralanıb. Onların biri şəhər xəstəxanasının reanimasiya bölməsindədir.

Teraktı törədən Arxangelsk şəhər sakini, sosial şəbəkələrdə “Valeryan Panov” niki ilə qeydiyyatdan keçmiş 17 yaşlı Mixail Jlobinskidir. O, Arxangelsk Politexnik Texnikumunun 2-ci kurs tələbəsi idi.

Partlayışdan bir qədər əvvəl o, Telegram-dakı “Reçi Buntovşika” (“Qiyamçının nitqləri”) kanalında müraciət yayıb: “Yoldaşlar, az sonra FTX-nin Argangelsk İdarəsinin binasında terror aktı törədiləcək. Məsuliyyəti öz üzərimə götürürəm. Səbəblər sizə aydındır. FTX qudurub, işlər uydurur, insanlara işgəncələr verir. Çox yəqin ki, partlayışda gəbərəcəyəm, çünki qurğu bombanın üzərindəki düymələri basmağımdan sonra işə düşəcək. Ona görə sizdən xahiş edirəm – məlumatı mümkün qədər geniş yayın. Sizə anarxik kommunizmin nurlu səhərlərini arzulayıram”.

Mixail J.-nin özünü anarxist saydığı vurğulanır.

15:58

İstintaq Komitəsi: Rusiyada FTX-nin binasındakı partlayış teraktdır, terrorçu yeniyetmə olub.

Rusiya Federasiyasının İstintaq Komitəsi Arxangelskdə Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsinin binasında baş vermiş partlayışı terror aktı kimi qiymətləndirib.

Faktla bağlı RF Cinayə Məcəlləsinin 205 (“Terror aktı”) və 222-ci (“Döyüş sursatlarının qanunsuz daşınması”) maddələri ilə cinayət işi başlanıb.

Komitədən bildiriblər ki, partlayıcı qurğunu binaya yeniyetmə gətirib və onu işə salaraq həlak olub. Onun 17 yaşlı yerli sakin olduğu deyilir. Şəxsiyyəti müəyyənləşib.

Qeyd edək ki, hadisə nəticəsində FTX-nin regional idarəsinin 3 əməkdaşı xəsarət alıb.

———

11:41

Rusiyanın Arxangelsk vilayətində Federal Təhlükəsizlik Xidmətinin binası yaxınlığında partlayış baş verib.

Hadisə nəticəsində azı 1 nəfər həlak olub.

Ölən şəxsin kimliyi müəyyənləşdirilir. Onun FTX əməkdaşı olmadığı deyilir.

Hazırda binada təxliyə aparılır. Hadisə ilə bağlı araşdırma başlayıb.

———
10:29

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Arxangelsk şəhər idarəsinin binasının qarşısında partlayış baş verib.

Partlayışda bir nəfər yaralanıb.